AZ

Rus qoşunları Ermənistandan tam çıxmır, amma... - mühüm gəlişmə

Kreml Cənubi Qafqazda hərbi doktrinanı iqtisadi doktrinaya dəyişir, ona görə də Azərbaycanla sərhədi tərk edən rus hərbçiləri İran və Türkiyə ilə sərhədlərdən də çıxa bilərlər 

Ermənistan KTMT və Rusiyadan üz döndərmək, Avropaya yönəlmək siyasətini davam etdirsə də, Kremlin İrəvanı tam sərbəst buraxacağı əvvəldən inandırıcı görünmür. Bu, Kremlin Cənubi Qafqaz siyasətinə uyğun deyil. Eyni zamanda o da faktdır ki, Rusiya Ermənistanın Azərbaycanla delimitasiya olunmuş hissələrindəki ərazilərindən hərbçilərini bir neçə gün öncə çıxarıb. 

Ancaq o demək deyil ki, Rusiya qoşunlarını Ermənistandan tam çıxarır. “İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını çıxarmağı xahiş edib”-Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov təsdiqləyib. Onun sözlərinə görə, Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarının çıxarılması haqqında qərar qəbul edilib. Bortnikov onu da bildirib ki, Rusiya sərhədçilərinin bir hissəsi Ermənistanda qalacaq, onlar Ermənistanın Türkiyə və İranla sərhədini qoruyacaqlar. Maraqlıdır, Rusiya qoşunlarının Ermənistanın Türkiyə və İranla sərhədlərini qorumasını şərtləndirən amillər hansılardır? Kreml sözçüsü Peskov demişdi ki, Ermənistan özü bunu xahiş edib. Lakin gələcəkdə Ermənistan-Türkiyə münasibətləri normallaşsa, quru sərhədlər açılsa, rus hərbçilərinin həmin ərazilərdə də qalmasına ehtiyac olmayacaq.

Eləcə də İran sərhədindən də rus sərhədçiləri çıxmalı olacaqlar. Onsuz da İrəvan Tehranla qardaş kimidir. Qalır Türkiyə sərhədi, hazırda bu istiqamətdə də Ankara-İrəvan normallaşma prosesi Ermənistan-Azərbaycan danışıqları ilə sinxronluq təşkil edir. Əgər Tavuş bölgəsindən delimitasiya başlanıbsa, burada sərhədlər dəqiqləşibsə, o zaman heç bir mübahisəli mövzu qalmır və ona görə də rus hərbçiləri Azərbaycanla sərhəddən çıxarılırlar. Erməni baş nazir Nikol Paşinyan da demişdi ki, o sərhəd dirəkləri təhlükəsizliyin təminatçısıdır. Yəni sərhədləri mühafizə etmək üçün rus əsgərinə zərurət yoxdur. Ona görə İran və Türkiyə sərhədlərində qalsalar da, proses gələcəkdə bu ərazilərdən gedişi də qaçılmaz edəcək. Bəs, Rusiya əl-qolunu sallayıb Ermənistandan hərbi kontingentini tamamilə çıxarmağa razı olacaqmı?

Azad

Azad İsazadə

Hərbi analitik Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, SSRİ süqut edən ərəfədə, Birinci Qarabağ müharibəsi başlayanda Ermənistan İran və Türkiyə sərhədlərinin mühafizəsini ruslara verdi: “Çünki ermənilərdə hərbçi çatışmırdı. O vaxtdan bəri sərhədləri rus əsgərləri qoruyurdular. Eyni vaxtda ”Zvratnots" aeroportunu da ruslara verdilər. İkinci Qarabağ müharibəsi dövründə isə Tovuz və Qazax istiqamətində erməni hərbçilər bütün cəbhəyə cəlb olunmuşdu deyə bu ərazilərdə də sərhədlərin qorunması ruslara həvalə olundu. İndi delimitasiya prosesi gedir və bütün şərti sərhəddən rus hərbçiləri çıxırlar, aeroportdan da gedirlər. Amma “Erebuni” aviabazası hələ rusların nəzarətindədir. Üstəlik, şərti sərhəddən gedən rus hərbçiləri Ermənistanı tərk etmirlər, Gümrüdəki 102-ci bazaya gedirlər". Hərbi ekspertin fikrincə, hər şey hadisələrin gedişatından asılıdır, əgər Paşinyanın siyasi iradəsi çatsa, həmin rus bazasını da çıxaracaq: “Türkiyə və İranla sərhədlərə gəlincə, xüsusən Ankarayla iqtisadi əlaqələr olsa, quru yollar açılsa, oradan da rusların gedişi zəruridir. Amma Rusiya buna müqavimət göstərməyə çalışacaq”. 

Fuad

Fuad Əliyev

Siyasi ekspert Fuad Əliyevin sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda doktrinası dəyişir. Onun qənaəti bundan ibarətdir ki, Moskva regionda hərbi doktrina ilə qalmağa üstünlük verməyə bilər: “Hazırda bölgədə reallıqlar dəyişib. Rusiyanın Türkiyə ilə əlaqələri inkişaf edir, Azərbaycanla müttəfiqlik sənədi imzalanıb, İranla da münasibətləri həmişə olduğu kimi yüksək səviyyədədir, müttəfiqdirlər, belə olan təqdirdə, Moskvanın Ermənistanın sərhədlərində əsgər saxlamağa, əlavə müdafiə xərcləri çəkməyə ehtiyacı yoxdur”. Siyasi təhlilçi indi nəqliyyat kommunikasiyalarının açılması vaxtının çatdığını düşünür və regionda altılıq platformasının gerçəkləşməsi labüddür: “Rusiyaya dəhlizlər, qovşaqlar, yeni iqtisadi yollar lazımdır. Kreml Ermənistanın sərhədlərini indi niyə qorusun ki? Heç buna zərurət də yoxdur. Çünki Rusiyanın Türkiyə, Azərbaycan və İranla əlaqələri kifayət qədər yaxşıdır. Əvvəllər buna ehtiyac varıydı, indi bölgədə siyasi-iqtisadi mənzərə dəyişib, blokadada olan yolların açılması əhəmiyyətlidir, nəinki rus əsgərlərini saxlamaq...”

Xatırladaq ki, rus hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması barədə iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə razılıq əldə olunub. 2020-ci ilin payızında Ermənistan tərəfinin xahişi ilə Rusiya hərbçiləri və sərhədçiləri Ermənistanın bir sıra rayonlarında yerləşdirilib. Onu da demək lazımdır ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur. 

Bu hərbi baza 1994-cü ilin sentyabrın 1-də Qafqaz Hərbi dairəsinin 127- ci motoatıcı diviziyasın əsasında yaradılıb. Hərbi baza həm MAXE, həm də gənc çağırışçılarla komplektləşdirilir. Baza ümumilikdə 13 döyüş və 17 təchizat- təminat bölməsindən ibarətdir. Hərbi bazaya bitişik olan “8-ci şəhərcik” adlanan yaşayış məntəqəsində 4000 nəfərə yaxın hərbçi ailəsinin üzvləri yaşayır. SSRİ-nin süqutundan sonra Azərbaycan və Gürcüstan öz ərazilərindəki Rusiya bazalarının tam çıxarılmasına nail olsalar da, Ermənistan tam əksinə, 2044-cü ilə kimi rus əsgərlərinin ölkədə iştirakına icazə verib. Dünya praktikasında digər ölkə ərazisində hərbi baza saxlanılması kifayət qədər böyük bir rəqəmlə ifadə olunsa da, bu prosedur həmişəki kimi Ermənistana aid deyil. Rusiya Müdafiə Nazirliyi bazaya görə İrəvana heç bir kompensasiya ödənişi həyata keçirmir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
232
13
musavat.com

10Mənbələr