AZ

“Sülhməramlılar” məsələsinə Ermənistandan reaksiyalar

Rəsmi İrəvana yaxın ekspertlər Qərbin tezislərini necə yayırlar?
Rusiya sülhməramlı kontingentinin Qarabağı tərk etməsi ilə bağlı diskussiyalar ara vermir. Rəylər müxtəlifdir. Əlbəttə, bu qərar ilk növbədə Azərbaycanla Rusiyanın bir-birinə olan inam və etimadının nəticəsidir. Hesab edirik ki, müstəqillik illərində hər iki dövlət arasında möhkəm səmimi bağlar yaranıb. Elə bağlar ki, hətta, bəzi gərginlik anlarında da durumu sığortalayıb. 
Bəli, hazırda Bakı ilə Moskva qarşı­lıqlı olaraq “qırmızı cizgiləri” qorumağı bacarırlar. Sülhməramlı kontingentin Qarabağı tərk etməsi bunun əyani sü­butudur. Çünki Rusiyanın yerləşdiyi yeri tərk etməsi ağrılı prosesdir və bunu hər kəs yaxşı bilir. Belə nəticəyə gəlmək mümkündür ki, ölkələr arasındakı mü­nasibətlər hazırda özünün ən yüksək səviyyəsinə çatıb. 
Amma rus sülhməramlılarının Qa­rabağdan çıxma qərarına başqa ya­naşmalar da var. Ötən saylarımızda məsələyə ABŞ başda olmaqla kollektiv Qərbin münasibətini diqqətə çatdırdıq. Qısaca deyək ki, reaksiyalar neqativ­dir. Qərb dünyasının yanaşmasında iki motiv var. Birincisi, “Rusiya Cənubi Qafqazdakı mövqelərini itirir” tipli sırf təbliğata hesablanmış deyimlərə nəzər salaq. Maraqlıdır ki, 2018-ci ildən son­ra Kremli regiondan sıxışdırmaq niy­yətli gedişlərdə başlıca alət rolunda Ermənistan çıxış edirdi. Kollektiv Qərb ona fokuslanaraq, anti-Rusiya ritori­kasını işə salır və mövcud xüsusda ölkədə Rusiya hərbi bazasının varlığı məsələsi qabardılırdı. İndi paradoksal durum yaranır: Ermənistanda Rusiya hərbi bazası qalır, ancaq Azərbaycan­da Rusiya hərbçiləri yoxdur. Belədə Qərbin sülhməramlılar üzərinə oynadığı “Moskvanın Cənubi Qafqazdan sıxışdı­rılması” təbliğatı yersizdir. Bu, bir daha onu göstərir ki, Kremllə münasibətlər səmimi əsasda qurulduqda nəticə hasil olunur. Prezident İlham Əliyevin rəhbər­liyi ilə Azərbaycan diplomatiyasının ən böyük uğuru da elə budur. 
Kollektiv Qərbin Rusiya sülhmə­ramlılarının Qarabağdan çıxmalarına yönələn reaksiyalarındakı ikinci məqa­ma diqqət yetirək. Bildirilir ki, Moskva etibarlı müttəfiq deyil. Əlbəttə, bu za­man onunla rəsmi İrəvan arasındakı əlaqələrə fokuslanma meyli nəzərə çar­pır. Ənənəvi olaraq işlədilən bir deyim də var: Rusiya Ermənistanın maraqları­nı satdı. Hansı maraqları? Əlbəttə ki, ön planda Qarabağ dayanır. Qərbin yanaş­masından belə aydın olur ki, Moskva bölgəni erməniləşdirməli idi. O zaman elementar sual yaranır: Rusiya Qara­bağda erməni separatizmini saxlamalı idisə, nəyə görə Ermənistan hakimiyyəti erməni milli identikliyi baxımından yük­sək qiymətləndirilən məsələ olduğu hal­da, Kremlə qarşı çıxmaq yolu tuturdu?
***
Bəli, rəsmi İrəvan yenə anti-Rusi­ya köklənişini davam etdirir. Bunu rus sülhməramlılarının Qarabağdan çıxma­ları xüsusunda da gerçəkləşdirir. Ancaq hazırda bir qədər fərqli metod seçilib. Erməni ictimai rəyinin təmsilçiləri, ha­kim dairələrə yaxın politoloq-ekspert cameəsi sülhməramlıların gedişi xüsu­sunda Rusiyanı, bir növ, aşağılayırlar. Elə görüntü yaradırlar ki, sanki Moskva Cənubi Qafqazı güzəştə gedir. Güzəşt kimədir? Əlbəttə ki, söhbət Qərbin qarşısında geri çəkilməkdən getmir. Bildirilir ki, Kreml bölgədəki liderliyini Türkiyəyə verir. Şübhəsiz ki, belə de­yimlər Rusiya ilə Türkiyə arasında nifaq salmağa hesablanıb. Üstəlik, hazırda Türkiyə ilə müttəfiq olan Azərbaycanın Rusiyanı sıxışdırması məntiqi də qabar­dılır. Göründüyü kimi, son dərəcə hiylə­gər siyasi metod seçilib. Heç şübhəsiz, bu sayaq ifadələr Qərbin beyin mərkəz­lərinin erməni siyasilərə verdikləri tezis­lərdən qaynaqlanır.
Erməni siyasilərin sülhməramlılar mövzusu ilə bağlı qabartdıqları ikinci məqamda da aşkar həyasızlıq element­ləri var. Onlar bildirirlər ki, rus hərbi kon­tingentinin Qarabağı vaxtından əvvəl tərk etməsi Azərbaycanın və Rusiyanın razı­laşdırılmış qərarıdır. Erməni siyasilərin təqdimatı təxminən belədir: Sülhməramlı­ların bölgədən çıxma qərarının qəbulunda Ermənistanın rəyi və maraqları nəzərə alınmayıb. Baxmayaraq ki, İrəvan Bakı və Moskva kimi tamhüquqlu tərəfdir. Çünki 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bə­yanatda onun da imzası var və sülhmə­ramlılar Qarabağa həmin sənədə əsasən yerləşdirilmişdilər. 
Guya, Ermənistan hakimiyyəti üçtərəfli bəyanata məhəl qoyurdu? Əlbəttə ki, yox! Həyasızlıqlarını davam etdirən erməni siyasilər Azərbaycanın ötən ilin sentyab­rında həyata keçirdiyi lokal xarakterli anti­terror tədbirlərinə diqqət çəkir və bildirirlər ki, rus hərbçiləri həmin tədbirlər sonrası “Bakının həyata keçirdiyi etnik təmizləmə siyasətinin” qarşısını kəsə bilmədilər. Ona görə də birincilərin bölgədə qalmalarına lüzum yoxdur. 
Şübhəsiz ki, bu sayaq deyimlər yolve­rilməzdir. Çünki Rusiya dövləti dəfələrlə bəyan edib ki, Qarabağı tərk etmiş erməni sakinlərin dinc və təhlükəsizlik şəraitdə öz yaşayış yerlərinə dönmələrinə hər cür dəstək göstərməyə hazırdır. Yeri gəlmiş­kən, Azərbaycan rəhbərliyi də hər zaman bu mövqedə olub və bəyan edib ki, Qa­rabağ erməniləri Azərbaycan vətəndaşları kimi, ölkə konstitusiyasının imkan verdiyi hər cür hüquq və azadlıqlardan yararlana bilərlər... 
Erməni siyasilərin qabartdıqları daha bir məqama keçid alaq. Söhbət Rusiyanın diqqəti Ukrayna cəbhəsinə yönəltməsi ilə bağlıdır. Qeyd edək ki, Ukrayna mühari­bəsi fonunda Ermənistan Azərbaycana qarşı təxribatlar törədirdi. Ölkəmiz buna adekvat cavab verirdi və verməyə bilməz­di. Əlbəttə, cavablar sərt alınırdı. Belə bir durumda rəsmi İrəvan Rusiyanın fəaliy­yətsizliyi məsələsini qabardırdı və bildirir­di ki, Moskva müttəflik öhdəliklərini yerinə yetirmir. Hər dəfə bölgədə eskalasiya mü­hiti yarananda belə deyimlər dövriyyəyə buraxılırdı. Hətta bir dəfə N.Paşinyan bildirmişdi ki, Moskvanın başı Ukraynaya qarışdığından, Ermənistanın təhlükəsizliyi ilə əlaqədar düşünmək iqtidarında deyil. Hazırda sülhməramlıların Qarabağdan çıxmaları müstəvisində də sözügedən fikirlər gündəmə gətirilir. Halbuki Kreml dəfələrlə bəyan edib: Ukrayna müharibəsi onun diqqətini Cənubi Qafqazdan ayır­maq iqtidarında deyil. Əlbəttə, region Ru­siya üçün mühüm əhəmiyyətini saxlayır və saxlayacaq da. 
Ermənistan siyasiləri sülhməramlıla­rın çıxmaları xüsusunda daha bir məqa­ma diqqət çəkirlər. Onlar bildirirlər ki, rus hərbçilərinin Qarabağı tərk etmələri təkcə dünyada deyil, həm də Cənubi Qafqazda sürətlə dəyişən geosiyasi vəziyyət fonun­da baş verir. Onların fikrincə, 44 günlük müharibədə Türkiyənin dəstəklədiyi Azər­baycanın Qələbəsi Ankaranın bölgədəki nüfuzunu xeyli artırdı və qüvvələr nisbəti­nin dəyişməsinə səbəb oldu. Eyni zaman­da, Cənubi Qafqazda dəyişən dinamika İran, Fransa, Hindistan kimi digər oyun­çular üçün də imkanlar açır. Ən əsası isə sonuncular Rusiyanın zəifləyən mövqeləri hesabına mövcudluqlarını gücləndirməyə çalışacaqlar.
Ə.RÜSTƏMOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
13
xalqqazeti.az

10Mənbələr