AZ

“KREML MÜHARİBƏNİ MƏHDUD NÜVƏ ZƏRBƏSİLƏ BİTİRMƏK İSTƏYİR" - “Bu, Qərbi Rusiyanın şərtlərilə danışıqlara məcbur edəcək”

Kreml rəhbərliyinin bütün davranışları onu göstərir ki, Rusiya Ukraynada işğal etdiyi əraziləri Dnepr çayına kimi genişləndirmək niyyətindədir. Moskva yaxşı anlayır ki, bunu indiki templə həyata keçirə bilməyəcək. Vladimir Putin bütün hesablarını müharibənin uzanması ssenarisi üzərində qursa da, yəqin ki, öz ordusunun əldən düşə biləcəyi ehtimalını da nəzərə alır. Ona görə də o, taktiki nüvə silahından istifadə ilə bağlı təlimlərin keçirilməsi məsələsini qaldırıb. Rusların əsas məqsədlərindən biri həm də Qərb dünyasının bu təlimlərə hansı reaksiya verəcəyini müşahidə etməkdir. Hadisələrin gedişi göstərir ki, hələlik Ukraynanın müttəfiqləri Rusiyanın nüvə təhdidlərinə qarşı adekvat sərt mövqe nümayiş etdirməkdən çəkinirlər.

“AzPolitika” xəbər verir ki, Ukraynanın “Obozrevatel.com” saytı bu mövzuyla bağlı məqaləsində Rusiyanın mümkün taktiki nüvə zərbəsinə qarşı dünya güclərinin hansı addımları ata biləcəyinə toxunub.

Həmin məqaləni təqdim edirik: "Vladimir Putinin inauqurasiya mərasimindən bir gün öncə Rusiya Müdafiə Nazirliyi yaxın vaxtlarda Ukrayna sərhədi yaxınlığında taktiki nüvə silahı ilə təlimə hazırlaşdıqlarını elan edib. Bu cür təlimlərin keçirilməsi Rusiyanın Ukraynaya müdaxiləsindən bu yana ilk dəfədir ki, planlaşdırılır. Xüsusən də bu təlimin Rusiya Cənub Hərbi Dairəsinin raket birləşmələrinin aviasya və donanma dəstəyi ilə “qeyri-strateji nüvə qüvvəsinin hazırlıq səviyyəsinin yüksəldilməsi” məqsədilə keçiriləcəyi gözlənilir. Həmin hərbi dairəyə ilhaq olunmuş Krım və Ukraynanın cənub və şərqindəki işğal edilmiş ərazilərinin bir hissəsi daxildir.

Bundan başqa, Rusiyanın nüvə təlimləri elanından sonra Belarus Prezidenti Aleksandr Lukaşenko da öz ölkəsində taktiki nüvə başlıqlarının “qəflətən yoxlanılması”na göstəriş verib. Belarusun Müdafiə naziri Viktor Xreninin sözlərinə görə, onlar operativ-taktiki “İskəndər” raket divizionu və “Su-25” təyyarə eksadrilyası ilə birlikdə qarşıya qoyulan tapşırığı yerinə yetirməyə hazırlaşırlar. Yoxlama zamanı bütün kompleks tədbirlər planında taktiki mərmilərdən istifadəyə hazırlıq görülür.

 

 

 

Kremlin nüvə şantajı daha səmərəli olmağa başlayır

Rusiyanın Ukraynaya iri miqyaslı hücumu başlayandan bəri Kreml Ukraynanı və onun müttəfiqlərini dəfələrlə nüvə ritorikası ilə hədələyib. Diqqət yetirmək lazımdır ki, Ukraynada apardığı müharibə zamanı Rusiya rəhbərliyi həm nüvə şantajının, həm də Qərbin ictimai-siyasi elitasına qarşı yönəldilən təhdidlərin səmərəliliyinə tam əmin olub. Buna İlon Maskın və ya ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanın necə təlaş keçirdiklərini nümunə göstərə bilərik. Onlar hesab edirlər ki, əgər ABŞ Ukraynaya böyük sayda hərbi yardım yollayarsa, Rusiya ABŞ-yə nüvə zərbəsi endirə bilər.

Qərb müttəfiqləri və ya Çin Rusiyanı nüvə gərginliyindən çəkindirə bilərmi?

Ukraynanın müttəfiqlərinin müharibədəki nüvə gərginliyini aradan qaldırmaq qabiliyyətini kritik hesab etmək lazımdır. Əgər avropalılar və amerıkalılar mülki əhalini və infrastrukturu qorumaq üçün Ukrayna səmasında Rusiya raketlərini və dronlarını vurmağa hazır olmadıqlarını nümyiş etdirirlərsə, onda Rusiyaya qarşı hansı konvensional cavabdan söhbət gedə bilər? Hərçənd ki, onlar İranın hücumlarından İsraili uğurla müdafiə etmişdilər. Bundan başqa, Ukraynanın analitik mühitində hesab edilir ki, Putinin Ukraynada nüvə silahına əl atmasının qarşısını Çin və şəxsən Si Cinpin alır. Amma siyasi praqmatizm nöqteyi-nəzərdən Pekin üçün Qərbin reaksiyasını öyrənmək baxımından Moskvanın məhdud miqyasda nüvə silahı tətbiq etməsi çox faydalı olardı.

 

 

 

Çinin yaxın üç ildə Tayvana qarşı hərbi əməliyyat həyata keçirməyi planlaşdırdığı sirr deyil, ona görə də nüvə silahı ilə bağlı Qərbin və ABŞ-nin qırmızı xəttini yoxlamaq Pekin üçün çox maraqlı olardı. Rusiya müharibənin dayandırılması ilə bağlı öz şərtlərini sırımaq üçün nümayişkaranə şəkildə zərbə vurmağı qərara ala bilər. Ona görə də Rusiya hərb elmindəki “gərginliyin azaldılması üçün gərginliyə getmək” konsepsiyasının mövcud olmasına diqqət yetirmək vacibdir. Yəni, Kreml istəyir ki, müharibəni məhdud şəkildə nüvə silahından istifadə etmək yoluyla Rusiya üçün xeyrli olan şərtlər daxilndə bitirsin.

Moskvanın düşüncəsinə görə, Ukraynaya qarşı aparılan müharibə yalnız Rusiyanın şərtləri əsasında sonlanmalıdır. Amma indi onlar bu istəklərini konvensional (qeyri- nüvə) silahlar vasitəsilə təmin edə bilmirlər. Rusiyanın qələbə ssenarisi çərçivəsində söhbət taktiki nüvə silahından istifadədən gedir. Böyük ehtimalla bu, Qara dəniz (məsələn, İlan adası) akvatoriyasına nümayişkarənə zərbə və ya cabhə xəttində taktiki nüvə silahından istifadə ola bilər. Rusiya hərbi rəhbərliyinin düşncəsinə görə, məhz nüvə zərbəsi Ukraynanı və onun Qərb tərəfdaşlarını Rusiyanın şərtləri daxilində danışıqlara getməyə məcbur etməlidir.

Lakin Rusiyanın nüvə silahından istifadə etməsi ehtimalı hələ ki, azdır və həm bu addım ona real hərbi üstünlük verməyə də bilər. Amma Ukrayna tərəfdaşlarının və dünyanın digər ölkələrinin Kreml rəhbərinə təsir gösrəcəklərinə, onu təhlükəli addımlardan çəkindirəcəklərinə böyük ümidlər bəsləməyə də dəyməz”.

“AzPolitika.info”

 
 
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
50
turanpress.com

10Mənbələr