AZ

Vətəndaş nikahlarının sayı artır

Yazını böyüt
Yazını kiçilt

Son illər Azərbaycanda vətəndaş nikahında yaşayanların sayı artıb. Düzdür, bununla bağlı dəqiq rəqəmlər söyləmək çətin olsa da, nikahdankənar doğulan uşaqların sayının çoxalması ölkəmizdə vətəndaş nikahlarının geniş vüsət aldığını bir daha təsdiqləyir. Belə ki, rəsmi statistikaya görə, 2016-cı ildə Azərbaycanda 26 288, 2017-ci ildə 22 796, 2018-ci ildə 20 716, 2019-cu ildə 21 453, 2020-ci ildə 17 714, 2021-ci ildə 17 566, 2022-ci ildə18814, 2023-cü ildə 15622 nikahdankənar uşaq dünyaya gəlib.

Qeyd edək ki, Milli Məclisin bu yaxınlarda keçirilən iclasında da vətəndaş nikahı məsələsinə toxunulub. Deputat Fəzail Ağamalı vətəndaş nikahlarının artdığını vurğulayıb. O deyib ki, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 

Milli Məclisin sədri Sahibə Qafarova isə cavab olaraq bildirib ki, ölkədə vətəndaş nikahı qanunsuzdur: “Bunu hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur. Qadın da, kişi də vətəndaş nikahına girməli deyil”.

Xatırladaq ki, vətəndaş nikahı dedikdə dövlət qurumları tərəfindən qeydiyyata alınmayan evliliklər nəzərdə tutulur. Belə nikahlara el arasında “molla kəbini” də deyirlər. Bəzi hallarda hətta “dini nikah” olmadan da ailə quranlar olub. Ölkə qanunlarına görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

Məsələ ilə bağlı "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, vətəndaş nikahı rəsmi nikah deyil və bir çox hallarda fəsadları olur: "Ümumiyyətlə, bu tendensiya uzun müddətdir ki, başlayıb. Vətəndaş nikahının artmasına təsir edən amillər var. Bunlara ikinci dəfə ailə həyatı quranlar, erkən yaşda nikaha daxil olanları aid etmək olar. Daha sonra bir çox insanlar əmlak və mülk məsələlərinə görə vətəndaş nikahında qalırlar. Bu da ailədə konfliktə gətirib çıxarır. Vətəndaş nikahının fəsadları çoxdur. Qadının və uşağın hüququ daha çox məhdudlaşır. Əmlak, qeydiyyat və yaxud birgə gəlir əldə edən vətəndaş nikahında olan ailələr gəlirin bölünməsi və ona sahiblik məsələsində çətinlik çəkirlər. Başqa bir məsələ isə uşağın sənədləşməsidir. Vətəndaş nikahından doğulan uşaqları ata qəbul eləmir və yaxud hər hansı məsuliyyətdən qaçmağa çalışır. Həmçinin burada dinin təsiri də var. Bəzi insanlar hesab edirlər ki, dini nikah əsasdır. Dini nikahın əleyhinə deyiləm, amma ki, dəfələrlə Qafqaz Müsəlmanları İdarəsi də fətva verib ki, rəsmi nikah olmadan dini nikaha razılıq verilməsin”.

Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri belə məsələlərdə ən çox qadının problem yaşadığını vurğulayıb: "Vətəndaş nikahında şahid olub-olmadığını bilmirəm. Əgər ortada şahidlər varsa, problem olacağını düşünmürəm. Amma məsələ nədir? Sabah uşaq dünyaya gələrsə, yaxud vərəsəlik məsələsi olarsa, bu zaman problem yaşanacaq. Ən çox problem yaşayan tərəf də qadın olacaq. Çünki bizim kimi patriarxal cəmiyyətlərdə kişilər özlərini istədikləri kimi təmizə çıxara bilirlər. Ona görə də burada əsaəsən qadınların hüquqları qorunmalıdır. Qadınların hüquqlarının qorunması üçün bunun təbii ki, hüquqi bazası olmalıdır. Eyni zamanda, bu istiqamətdə ciddi maarifləndirmə işləri aparmalıdır.  Sabah nüəyyən yaşı ötmüş şəxslərin əlaqəsinə kimsə gedib rəsmi nəsə edə bilməyəcək. Maarifləndirmə yolu ilə məsələnin aradan qaldırılması daha məqsədəuyğundur. Beləliklə, sabah övlad məsələsi, bacı-qardaşın bilmədən bir-biri ilə ailə qurmasının önünə keçmək daha vacibdir. Hesab edirəm, insanlar da öz məsuliyyətlərini dərk etməlidirlər".

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu isə Azərbaycanda vətəndaş nikahının “populyar” olmasını bir sıra səbəblərlə izah edib: “Müşahidələr göstərir ki, ildən-ilə rəsmi nikaha daxil olanların sayı azalır. Gənclər "salam" verib bir yerdə yaşamağa razılaşırlar. Sonda da sağollaşmadan ayrılırlar. Təbii ki, bunun səbəbi insanların az məsuliyyət hiss etməsi və eləcə də boşama prosesinin asan olmasıdır. Məsələn, düşünürlər ki, mollaya deyəcəyik, kəbini geri oxudacağıq. 60-cı illərə kimi vətəndaş nikahına çox ciddi baxılırdı və bu indiyə kimi belədir. Belə adamlara qız da vermirdilər. İndi vətəndaş nikahı bir az qabağa gedib. Son vaxtlar geniş yayılan bir hal var. Bir kişinin ailəsi var, amma kənarda kiminləsə də gizlin yaşayır. Bəzən buna qadınların özləri də razı olurlar. Bu istiqamətdə cəmiyyətdə əxlaqi normalarda boşluq yaranmaqdadır. Əvvəl ailəsi olan, yaxud da olmayan adamın kənarda kiminləsə yaşamasına çox sərt baxırdılar. Yəni həm qanunlar, həm də ictimai rəy vətəndaş nikahının əleyhinə idi. İndi insanların nə qanun qarşısında ciddi qorxuları var, nə də ictimai qınaqla qarşılaşmaqdan qorxurlar. Bunları adi qəbul olunmuş hal kimi qəbul edirlər. Bəzən də deyirlər ki, İslamda 4 qadına icazə var. Digər halda vətəndaş nikahı qadınlardan gələn təkliflə yaranır. Qadın deyir ki, bir halda ki, təkəm, qoy sevdiyim adamla ömrümü başa vurum. Səbəb də ailə unstitutlarının olmaması, məsuliyyətsizlik və cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərə qarşı münasibətlərin zəifləməsidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
255
7
hafta.az

7Mənbələr