AZ

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib

Bakı, 10 may, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Daşkənddəki Heydər Əliyev Meydanında mərasim təşkil edib.

Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərasimdə Özbəkistanda akkreditasiya olunmuş ondan çox diplomatik heyətin başçıları, Azərbaycan diasporunun fəalları, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Səfir bildirib ki, Ulu Öndərin dövlət təhlükəsizlik orqanları, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətlərdə Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində göstərdiyi xidmətlər heç zaman unudulmayacaq.

H.Quliyev vurğulayıb ki, xarizmatik və müdrik lider olan Heydər Əliyev ölkəsinin həm Qərb, həm də Şərq ilə sıx əlaqələr qurmasına müvəffəq olub və bununla da Azərbaycanı dünya miqyasında mühüm əhəmiyyət daşıyan ölkələr sırasına daxil edib, ölkəmiz beynəlxalq aləmdə layiqli mövqe tutub.

Diplomat bildirib ki, Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin çiçəklənməsi, iqtisadi gücünün artırılması istiqamətində mühüm işlər görüb və bu istiqamətdə fəaliyyət davam edir. O, həmçinin Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin möhkəmlənməsində Ulu Öndərin tarixi xidmətlərindən də söz açıb.

Daha sonra Azərbaycanın Özbəkistandakı səfirliyi, ölkəmizin Özbəkistandakı Hərbi Attaşelik Aparatı, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Rusiya, Belarus səfirlikləri və digər qurumlar adından, habelə mərasim iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmətlə anılıb.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
294
2
azertag.az

10Mənbələr