AZ

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

Xırdalan, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyev və Həştərxan vilayətinin rəsmi şəxsləri, Azərbaycan diasporunun nümayəndələri Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan xiyabana gələrək onun abidəsinin önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar “Əbədi məşəl” memorialını ziyarət ediblər.

Nümayəndə heyəti ilə Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin görüşü olub. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın gündən-günə inkişaf etdiyi, bu münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykəndiyi vurğulanıb, əməkdaşlığın yeni prioritetləri, iqtisadi əlaqələrin daha da şaxələndirilməsi istiqamətində mühüm addımların atıldığın qeyd edib. Həştərxanda çoxsaylı sosial, iqtisadi, mədəni layihələr həyata keçirildiyi və bu il 20 illik yubileyini qeyd edən Heydər Əliyev Fondunun həştərxanlıların böyük sevgisini qazandığı xüsusi qeyd olunub, həyata keçirilən bu uğurlu layihələrə görə minnətdarlıq ifadə edilib, Fondun gələcək fəaliyyəti üçün xoş arzular çatdırılıb.

Abdin Fərzəliyev qeyd edib ki, Həştərxanda xalqımızın Ümummilli Liderinin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi Azərbaycanda yüksək qiymətləndirilir və mehriban qonşuluq münasibətlərinin təzahürüdür.

Nümayəndə heyətinin tərkibində yer alan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev öz növbəsində Ulu Öndər Heydər Əliyevin xatirəsini daim əziz tutduqları üçün həştərxanlılara təşəkkürünü bildirib.

Görüş zamanı ötən il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illik yubileyinin Həştərxan vilayətində təntənəli şəkildə qeyd edildiyi vurğulanıb, keçirilmiş tədbirlərdə Həştərxan vilayətinin rəsmi şəxslərinin, Azərbaycandan gəlmiş nümayəndə heyətlərinin və həştərxanlıların fəal iştirak etdiyi, Ümummilli Liderin əziz xatirəsinin vilayətdə böyük sevgi ilə yad edildiyi qeyd edilib.

Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbində Ulu Öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad edib.

Səfər çərçivəsində nümayəndə heyəti yeni tikiləcək məktəb korpusunun layihələndirilmə işləri tanış olub.

Daha sonra Həştərxanda yerləşən Azərbaycan İş Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

Müzakirələrdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin və bugünkü qələbələrimizin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu qeyd edilərək, bundan sonra da daimi olaraq dövlətimizin və Ulu Öndərin müəyyənləşdirdiyi milli ideologiyamız üçün çalışmağın vacibliyi vurğulanıb, iki ölkə arasında münasibətlərin dərinləşməsinə gənclərimizin böyük töhfələr verdiyi bildirilib. Azərbaycanlı gənclər və diaspor üzvləri Prezident İlham Əliyev siyasətinə sadiq olduqlarını, onun rəhbərliyi ilə aparılan və Azərbaycan dövlətinin maraqlarına xidmət edən uğurlu siyasətini hər zaman dəstəklədiklərini bildiriblər.

Konfransda Həştərxan vilayətinin rəhbərliyinə Heydər Əliyev Fonduna 20 illik yubileyi münasibətilə ünvanlanmış təbrikə görə təşəkkür edilib, Fondun bir çox ölkələrdə, o cümlədən Rusiya Federasiyasının müxtəlif regionlarında çoxsahəli fəaliyyəti və həyata keçirdiyi layihələri vurğulanıb.

Həştərxan vilayətinin rəsmiləri isə Heydər Əliyev Fondu tərəfindən vilayətdə həyata keçirilmiş layihələrə görə təşəkkürlərini bildirib, Fondun vitse-prezidenti və Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Həştərxan şəhərinə səfərlərini böyük sevgi ilə xatırladıqlarını və yüksək qiymətləndirdiklərini vurğulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
386
15
azertag.az

10Mənbələr