AZ

Müstəqil laboratoriyaların rəyini məhkəmələr niyə qəbul etmir? – ABSURD YANAŞMA

Son zamanlar insanlar arasından müxtəlif istehlak məhsullarından zəhərlənmə halları çoxalıb. Lakin bir çox istehlakçılar bunu müvafiq orqanlar qarşısında sübut edə bilmir. Bunun da tək səbəbi müstəqil laboratoriyaların verdikləri rəyin bəzi dövlət orqanları və məhkəmə tərəfindən tanınmamasıdır.

“Özəl laboratoriyalar var, lakin...”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda kifayət qədər laboratoriya var:
 

MÖVZU İLƏ BAĞLI:

Bakı poliklinikalarında yeni laboratoriyalar qurulur


“Onların da bir çoxu özəl və müstəqil laboratoriyalardır. Hətta beynəlxalq aləmdə tanınan müstəqil laboratoriyalar da var. Lakin bu laboratoriyaların verdiyi hər hansı bir sənəd məhkəmə orqanlarında keçərli olmur. 

Bəzi hallarda beynəlxalq laboratoriyaların rəyləri də keçərli sənəd sayılmır. Bizə birmənalı şəkildə bildiriblər ki, məhkəmədə ancaq Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun verdiyi rəylər keçərlidir”.

Eyyub Hüseynov Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun fəaliyyətindən də söz açıb:

“Zamanında həmin İnstitutun laboratoriyaları bərbad gündə idi. Bununla belə, ölkəmizdə yüksək texniki imkanlara və peşəkar kadrlara sahib bir sıra laboratoriyalar var. Di gəl ki, onların nəticələrini də məhkəmə tanımır. Bu gün bir adam qidadan zəhərlənərsə və hətta o zəhərlənmədən adam dünyasını dəyişərsə, bununla bağlı hansısa müstəqil laboratoriyanın verdiyi sənədi məhkəmələr qəbul etməyəcək. Hökmən analiz Məhkəmə Tibbi Ekspertiza İnstitutunda aparılmalıdır. Bu da çox absurd bir yanaşmadır”.

“Məhkəmədə müstəqil rəyin olması məqsədəuyğundur”

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa da Eyyub Hüseynovla həmfikir olduğunu qeyd edib:

“Məhkəmə daha müstəqil bir qurumun rəyini qəbul etməli və həmin rəyə əsasən də qərar verilməlidir. Ona görə mən də hesab edirəm ki, bu problemin həlli istiqamətində çalışmalıyıq. Çünki bir çox məsələlərdə müstəqil rəyin olması daha məqsədəuyğundur. 

Burda söhbət istehlakçı hüquqlarından gedir. İstehlakçı da öz seçimində müstəqil olmalıdır. Ona demək olmaz ki, “get, filan yerdə analiz ver”. Əgər özəl laboratoriyaların fəaliyyətində hansısa nöqsan varsa, bu aradan qaldırılmalıdır. Kiminsə səhvinə və yaxud yanaşmasına görə istehlakçı əziyyət çəkməli deyil”.

Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
317
50
Mənbələr
Şərh ()
Bağla