AZ

“Makronun sözlərindən hamı diksinir, onu ciddi qəbul edən yoxdur” – Asim Mollazadə 

“Rusiya hərbçiləri cəbhə xəttini yarıb keçərsə, Fransa Kiyevin istəyi ilə öz qoşunlarını Ukraynaya göndərə bilər”.

Bu sözləri Fransa Prezidenti Emmanuel Makron “The Economist” nəşrinə müsahibəsində deyib. 

“Amma indiyədək Ukraynadan belə bir müraciət daxil olmayıb”, - deyə o əlavə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Fransa və Qərb Ermənistanı meydanda TƏK QOYDU: “Azərbaycanla müharibə olsa, ölkəni qoruya bilməyəcəklər"


Makronun sözlərinə görə, bir çox Aİ ölkələri Fransanın Ukraynaya mümkün qoşun göndərilməsi fikri ilə razılaşıb. Bu fonda da Fransa Qərb qoşunlarının Ukraynaya göndərilməsi ideyasına açıq olan ölkələr qrupu yaradır. “Politico” nəşr qeyd edir ki, Polşa, Estoniya, Litva və Latviya Parisin ideyasına daha açıqdır. 

Polşanın xarici işlər naziri martın əvvəlində demişdi ki, Ukraynada NATO qüvvələrinin olması ağlasığmaz deyil. Litvanın xarici işlər naziri Qabrielius Landsberqis çox müsbət qiymətləndirməyə sahib olduğunu və başlanmış müzakirəni təşviq etdiyini bildirib. Estoniyanın baş naziri Kaya Kallas hesab edir ki, Ukraynaya qoşun göndərilməsi müdafiə hərəkəti kimi qiymətləndirilə bilər.

Görünən odur ki, Fransadan sonra bir çox Aİ ölkələri də Ukraynaya qoşun göndərmək ideyasına dəstəklərini ifadə edir. Düzdür, bu siyahı hələ geniş olmasa da, prosesin gedişində Parisin mövqeyinə dsətək verən Aİ ölkələrin sayı daha da arta bilər. 

Belə vəziyyətdə Ukrayna savaşı daha da böyüyə bilərmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, Makronun nə deməsindən asılı olmayaraq, Fransanın indiki vəziyyətdə Afrikadan qovulan qoşunlarını Ukrayna daxil, digər kənar hansısa bir ölkəyə yeridəcəyinə inanmır: 

“Xüsusən də Rusiyanın müharibə apardığı Ukraynaya Parisin qoşun göndərməsi ağlabatan deyil. Xatırlatmaq istəyirəm ki, Makronun bu sayaq bəyanatlarına NATO və bir sıra Avropa ölkələri tərəfindən etiraz cavabları verilib. Heç kim müharibənin genişlənməsini, eskalasiyanın artmasını istəmir. Ona görə də Makronun məsuliyyətsiz bəyanatları davam etsə də, nəticə verməyəcək. Onun əcaib bəyanatlarından hamı diksinir və onu ciddi qəbul edən yoxdur”.

Rüfət Sultan, Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
235
50
Mənbələr
Şərh ()
Bağla