AZ

Cənubi Qafqazda sülh istəyirik...

İlham Əliyev: Bu isə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər

30 ilə yaxın işğaldan əziyyət çəkmiş Azərbaycan bu dövr ərzində beynəlxalq hüququn təmini uğrunda dayanmadan mübarizə aparıb. Hələ birinci Qarabağ müharibəsindən sonra Azərbaycan artıq tarixə qovuşmuş münaqişənin tənzimlənməsi üçün beynəlxalq konvensiyaların, aparıcı təşkilatların qətnamələrinin, xüsusilə BMT-nin məlum 4 qətnaməsinin icrasının vacibliyini önə çəkirdi. Bütün dönəmlərdə prosesin sülh müstəvisində, danışıqlar yolu ilə tənzimlənməsinin vacibliyini önə çəkən Azərbaycan paralel olaraq bir sıra istiqamətlərdə işlər aparırdı:

- Beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin məsələ ilə bağlı konkret mövqeləri müəyyənləşdirilirdi və beləliklə, Azərbaycanın ərazi bütövlüyünün təmini üçün hüquqi əsaslar daha da gücləndirilirdi;

- İqtisadi inkişaf prosesi təmin olunurdu;

- Ordu quruculuğu yüksək səviyyədə aparılırdı;

- Yeni silahların alınması, yeni döyüş təcrübələrinin mənimsənilməsi üçün sistemli fəaliyyət ortaya qoyulurdu. 

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi

Və bütün bu işlərlə yanaşı, Ermənistanın sülh mövqeyinə gəlməsi üçün çağırışlar edilirdi. Rəsmi İrəvan isə işğal etdiyi torpaqları azad etmək yerinə, yeni əraziləri tutmaq, qeyri-real bəyanatlar səsləndirməklə məşğul idi. Nəticədə Azərbaycan dövləti bəyan etdiyi kimi, əbədi olaraq işğal faktı ilə barışmayacağını oratya qoydu - 2020-ci ilin sentyabrında başlanan və 44 gün çəkən Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan müharibədə ədaləti bərpa etməklə yanaşı, həm də beynəlxalq hüququn norma və prinsiplərinin bərqərar olmasını təmin etdi - Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı BMT TŞ-nin 4 qətnaməsinin icrası 30 ildən ordumuz tərəfindən sonra yerinə yetirildi. Bunun sülh şəraitində deyil, müharibə yolu ilə reallaşması isə Ermənistanın beynəlxalq hüquqa riayət etməməsinin nəticəsində baş verdi. Prezident İlham Əliyev Bakıda baş tutmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi: “Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir. Biz demək olar 30 il ərzində işğal altında olmuşuq. Bütün əvvəlki dialoq forumlarında mən işğal və ədalətsizlik haqqında danışmışam və bildirmişəm ki, insanlar bundan əziyyət çəkiblər. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi demək olar ki, müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq. Bu, Qarabağda və Şərqi Zəngəzurda baş verib. Burada tamamilə yerlə-yeksan olunan sahələri görmüşük. İndi biz azad edilmiş ərazilərə daxil olanda bunu öz gözlərimizlə görürük. Əminəm ki, iştirakçılardan bəziləri azad olunmuş ərazilərə baş çəkəcəklər. Biz öz səsimizi ucaltmışıq, biz ürəkdən çalışdıq, diplomatiya sahəsində işlədik, bütün beynəlxalq təşkilatlar qətnamələri və qərarları qəbul etdi və orada erməni qüvvələrinin çıxarılması tələb olunurdu. O cümlədən BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Amma bu, işləmədi, çünki implementasiya mexanizmi yox idi”. 

Bəli, Ermənistan bu qətnamələrə məhəl qoymadı və cəzasızlıq mühiti də Ermənistanı yeni işğallara sövq etmişdi. Azərbaycan öz gücü ilə həm ərazi bütövlüyünü təmin etdi, həm də BMT TŞ qətnamələrinin icrasını reallaşdırdı. Təsəvvürlərdə formalaşan “BMT dünya nizamına cavabdeh qurumdur” obrazı isə bununla da darmadağın oldu - reallıqda qlobal təhlükəsizliyin təminatı kimi xarakterizə olunan bu qurumun zəruri məqamlarda adekvat fəaliyyətlər sərgiləmədiyi, bir sıra hallarda proseslərə, bəşəriyyət üçün taleyüklü məsələlərə belə seyirçi qaldığının şahidi olduq. Dövlət başçısı qeyd edib ki, həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. “Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik”, - deyə Prezident İlham Əlyiev əlavə edib. 

Danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır

Post-münaqişə dövrü isə artıq fərqli səciyyələri ilə seçilir. Sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda - Azərbaycanın Qarabağdakı terrorçuların zərərsizləşdirməsinin ardından bu, daha real görünür. Azərbaycan isə hər zaman sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istəmədiyimizi önə çəkirik. Azərbaycanın irəli sürdüyü 5 baza şərti isə BMT-nin təməl prinisiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımalıdır. Bu, amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqmətində ən mühüm addım sayıla bilər. Hazırda aparılan ikitərəfli təmaslar bu yöndə mühüm nəticələrə ümid yaradır. Müvafiq strukturların görüşməsi, sülhlə bağlı mövqelərin ortaq məxrəcə gətirilməsi sülhün çox uzaqda olmadığını deməyə də əsas verir. Bu isə 30 il davam etmiş ədalətsizilyin ortadan qalxmasına zəmin formalaşdıracaq. Prezident İlham Əliyev çıxışında bildirib ki, münaqişədən sonrakı vəziyyətə gəldikdə, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü: “Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. Demək olar ki, 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. Qeyd edirəm ki, bəzi ölkələr Ermənistana dəstək verirdi”.

Bizə vasitəçi lazım deyil...

Aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikasının müvafiq dövlət komissiyaları arasında sərhəddə baş tutan görüş, razılaşma, 4 kəndin Azərbaycana qaytarılması yeni situasiya yaradıb. Növbəti mərhələlərdə görüləcək işlərlə bağlı isə yeni görüşlər planlaşdırılır. Delitimasiyanın məhz bu istiqamətdən başlaması isə Azərbaycanın təkidi ilə baş verdi. Ölkəmizin məsələyə baxışı tam şəkildə beynəlxalq hüquqa əsaslanır - bu mənada, Ermənistanın razılığa gəlməkdən başqa hər hansı bir şansı yox idi. Bu davranışlar, isə daha bir reallığı göz önünə sərdi - bölgənin sabitliyinə təhdid yaratmağa çalışan qüvvələrin apardıqları yalan “təbliğat” bütün detalları ilə ifşa olundu. Bu görüşlər, əldə olunan razılıq, gəlinən qənaət bir daha onu təsdiq edir ki, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etmək iqtidarındadırlar - fərqli korporativ maraqlar ilə prosesə müdaxilə etmək istəyənlər isə yalnız maneə və ziyan vurur. Dövlət başçısı sözügedən Forumdakı çıxışında vurtğulayıb ki, indi biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. “Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”, - deyə Prezident İlham Əliyev vurğulayıb. 

P.İSMAYILOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
Mənbələr
Şərh ()
Bağla