AZ

İlham Əliyev qətiyyəti – Cənubi Qafqazda təhlükəsizlik və dünyaya sülh axını

Dövlətimizin başçısının VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışının başlıca tezisləri
Prezident İlham Əliyev dünən Bakıda işə başlamış “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında Azərbaycan–Ermənistan münasibətləri və ölkələr arasında sülh prosesinə dair bir sıra məqamlara toxunub. 
Dövlətimizin başçısı, ilk növbədə, ölkəmizin sülhü müharibə yolu ilə təmin etdiyini vurğulayıb. Nəzərə alaq ki, ya­şadığımız Cənubi Qafqaz coğrafiyasında sülh regionun təhlükəsizliyi baxımından müstəsna əhəmiyyətə malikdir. Söhbət dünyanın iqtisadi nöqteyi-nəzərdən bö­yük maraq göstərdiyi regiondan gedirsə, deməli, mövcud məkanda əmin-amanlıq mühitinin qərarlaşması eyni zamanda qlo­bal təhlükəsizliyə mühüm töhfədir. 
Deməli, Azərbaycan 44 günlük müha­ribədən qalib ayrılmaqla, həm də sülh na­minə bəşəri missiya yerinə yetirib. Hesab edirik ki, mövcud ritorika dünyada nə qə­dər çox dərk edilsə, bir o qədər faydalıdır. Fayda Azərbaycanın yeri və rolunun vur­ğulanması prizmasından vacibdir. Çünki beynəlxalq təşkilatlar ölkəmizin ərazilərinin işğalına son qoyulması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyi halda, Ermənistan buna əhəmiyyət verməmişdi. Bu məqamı Prezident İlham Əliyev də diqqətə çatdırıb: “Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə mü­haribə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.
Azərbaycan Prezidentinin çıxışında üzərində dayandığı ikinci məqama keçid alaq. Dövlətimizin başçısı 44 günlük mü­haribədən sonra regionda yaranmış vəziy­yətdən söz açıb və hazırda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin aktual əhəmiyyət daşıdığını diqqətə çatdı­rıb. Cənab Əliyev respublikamızın mövcud istiqamətdə fəal çalışdığını, vaxtilə Ermə­nistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb. 
Lakin məlumdur ki, Prezidentin haqqında söz açdığı proses rəvan getmə­di. Ermənistan sülhdən yayınaraq çeşidli manipulyasiyalara baş vurdu. Nəticə etiba­rilə Azərbaycana qarşı beynəlxalq miqyas­da təzyiq cəhdləri qeydə alındı ki, cənab İlham Əliyevin bu kimi məsələləri gündəmə gətirməsi ölkəmizin beynəlxalq forumun sülh egidasına uyğun tərzdə əzmlə mü­barizə apardığının da ali səviyyədə bildi­rilməsidir. Yəni, beynəlxalq aləm tam dərk etməlidir ki, Azərbaycan nəinki sülhü təmin edib, eyni zamanda, prosesin konfliktdə ol­duğu Ermənistan tərəfindən normal tərzdə qəbullanması üçün səylər göstərib.
Əlbəttə, yenə güc amilini kənara qoymaq olmaz. Buna görədir ki, Prezident Əliyev ötən ilin sentyabrında Azərbaycanın öz suverenli­yinin tam bərpasına nail olduğunu xatırladır. Nəzərə alaq ki, ölkəmizin lokal xarakterli antiterror tədbirləri ilə ortaya qoyduğu qətiy­yətli davranış xətti də Cənubi Qafqazda sülhə doğru müsbət tendensiyanı təmin edən başlıca faktordur.
***
Bəli, sülh prosesinin ayrı-ayrı fraqmentləri var. İndiki fazada bu, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası­dır. Dövlətimizin başçısı mövcud istiqamətdə işlərə başlanıldığını vurğulayır. Sülhün əldə olunması istiqamətində hazırkı ən böyük fraq­mental xüsus isə tərəflərin vasitəçilərsiz, bir­başa təmaslara keçmələridir. 
Yeri gəlmişkən, Azərbaycan birbaşa da­nışıqlar məntiqini çoxdan irəli sürüb. Lakin Ermənistan buna razılıq vermirdi. Ölkənin rəsmiləri müxtəlif tribunalardakı çıxışlarında bildirirdilər ki, Azərbaycan, guya, aqressiv dəst-xətt seçdiyindən, ikili təmaslar çərçivə­sində əldə ediləcək hansısa razılaşma kövrək mahiyyət daşıyacaq və buna görə beynəlxalq vasitəçilərin prosesə qarışmaları lazımdır. Hətta bir vaxt Ermənistan baş naziri Nikol Paşinyan Bresseldə Prezident İlham Əliyev­lə görüşə yalnız Fransa Prezidenti Emma­nuel Makronla birgə qatılmaq kimi şərt də irəli sürmüşdü. Zaman göstərdi ki, bu sayaq şərtlərin heç bir mənası yoxdur. Ümumən, Azərbaycanla şərt dilində danışmaq mümkün­süzdür. Həm də ona görə mümkünsüzdür ki, sülh tərəfkeşliyə deyil, ədalətə əsaslanmalı, mütərəqqi ruhlu olmalıdır. Nə Fransa, nə də digər vasitəçiliyə iddialılar mövcud məqamı nəzərə almırdılar, Bakı-İrəvan nizamlanma­sına özlərinin qlobal maraqları pəncərəsindən yanaşırdılar. Nəticədə vəziyyət gərginləşirdi. Hazırda cərəyan edən proseslər isə Azərbay­canla Ermənistan arasındakı gərginlik mühiti­nin tədricən aradan qalxmağa doğru getdiyini göstərir. Prezident İlham Əliyev də çıxışında məhz bunları qabardıb. 
“Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən bura­da çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyir­lər”, - deyən dövlətimizin başçısı onu da qə­tiyyətli şəkildə bildirib ki, Azərbaycan Cənubi Qafqazda destruktiv meyillərin baş qaldırma­sına imkan verməyəcək. Həmçinin, otuzillik toqquşmadan sonra Ermənistan aydın şəkildə ölkəmizin Cənubi Qafqazda sülh istədiyini an­layır. Sülh isə Bakı ilə İrəvan arasında normal­laşma vasitəsi ilə əldə oluna bilər.
***
Məlumdur ki, Fransa başda olmaqla, kol­lektiv Qərb Cənubi Qafqazda özünün imperia­list maraqlarını gerçəkləşdirmək istəyən tərəf­dir. Rəsmi Parisin bu mövqeyi regional sülhə təhdiddir. Bir daha bildirək ki, Cənubi Qafqaz­da sülhün olmaması, bütövlükdə dünya üçün də mənfi presedent yaradır. Məhz bu səbəbdən Azərbaycan Prezidenti açılış nitqində Fransa­nın destruktiv fəaliyyətinə diqqət yetirərək bildirib: “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalq­lara müstəmləkə kimi yanaşsın. Biz səsi­mizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik”.
Bəli, dövlətimizin başçısının vurğuladığı kimi, dünya iyrənc neokolonializm praktika­sına göz yummalı deyil. Çünki bu, məcburi assimilyasiyaya aparır. Hazırda assimlyasiya Fransanın 10-dan artıq dənizaşırı ərazisində də baş verir və belə mənfi tendensiyaya son qoyulmalıdır.
Ə.RÜSTƏMOVXQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
Mənbələr
Şərh ()
Bağla