AZ

Ukrayna Qərbdən narazıdır

Zelenski NATO-nu vəd olunmuş silah-sursatları vaxtında çatdırmamaqda ittiham edib

Rusiya-Ukrayna müharibəsində üstünlük hazırda rus ordusunun tərəfindədir. Buna səbəb Qərb tərəfdaşlarının, xüsusilə ABŞ-ın Kiyevə uzun müddət hərbi dəstək verməməsidir. Belə ki, ötən ilin payızında ABŞ Nümayəndələr Palatası??? Ukraynaya hərbi yardımla bağlı qanunu qəbul etməməsi səbəbindən Vaşinqtonun Kiyevə dəstəyi dayanmışdı. Sözügedən sənəd Konqresdə yalnız on gün əvvəl təsdiqlənib. Prosesin bu qədər uzanması Ukraynaya baha başa gəlib. Ötən gün Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, rus qoşunları Donetsk vilayətindəki bir kəndi ələ keçirib, Xarkov vilayətində daha yaxşı mövqelər əldə edib və Ukraynanın bir sıra hücumlarını dəf edib. Rusiya Ukraynanın şərq və cənubunda təqribən 18 faiz əraziyə nəzarət edir. Ötən ilin sonlarından başlayaraq Rusiyanın irəliləyişi dayanmayıb. Bu ilin fevral ayında Ukraynanın Avdiyevka şəhərinin süqutundan sonra rus qoşunları  daha da irəliləyib. Həmçinin Rusiya Müdafiə Nazirliyi qoşunlarının Avdiyevkanın şimal-qərbindəki Semenivka kəndini ələ keçirdiyini bildirib. Rusiya bölgədəki bir sıra digər kəndlərdə də Ukrayna qüvvələrini məğlub etdiyini iddia edib. Rusiya, həmçinin Xarkov vilayətinin Sınkivka bölgələrində və cəbhə xəttinin bir sıra digər nöqtələrində Ukrayna qoşunlarını məğlub etdiyini açıqlayıb.

Rus qoşunları cəbhədə irəliləyir

Son günlər müəyyən ərazi itkisini Kiyev də təsdiqləyib. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib ki, ordu Donetsk vilayətinin Berdıçi, Semenovka və Novomixailovka yaşayış məntəqələrindən qərbə doğru geri çəkilib. Bu, şəxsi heyətin həyatını xilas etmək üçün edilib. O qeyd edib ki, rus qoşunları Avdeyev və Marinkanın qərbində hücum xəttini inkişaf etdirməyə çalışır. Onların məqsədi Donetsk vilayətində Pokrovsk və Kuraxovoya daxil olmaqdır. Sırski vurğulayıb ki, ruslar bu ərazilərdə müəyyən taktiki uğurlar əldə etsələr də, əməliyyat üstünlüyünə malik deyillər.

Zelenski: NATO üç razılaşmadan ikisini yerinə yetirməyib

Yaranmış vəziyyətə görə Ukrayna Prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarını tənqid edib. O, aprelin 29-da Kiyevdə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib ki, NATO razılaşmalara əməl etməyib. Zelenskinin sözlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün üç mühüm bənddən ikisini yerinə yetirməyib: “Birinci məqam maliyyədir ki, bu, ikitərəfli səviyyədə həm tərəfdaşlar, həm də ABŞ tərəfindən müsbət qarşılanıb. İkinci məqam silahların vaxtında çatdırılması, üçüncüsü isə Ukraynaya tam olaraq nəyin çatdırılmasıdır. Şimali Atlantika Alyansı göstərilən şərtlərdən yalnız birincisini yerinə yetirib”.

Prezident qeyd edib ki, ABŞ-ın təsdiq etdiyi hərbi paket çərçivəsində yardım artıq Ukraynaya gəlməyə başlayıb. Zelenski konkret nəyin gəldiyini açıqlamayıb: “Ancaq təəssüf ki, hər şey ordumuzu və müvafiq sayda briqadaları təmin etmək üçün kifayət deyil. Ordumuza vaxtında dəstək lazımdır. Bu gün mən hələ bu məsələdə müsbət bir dəyişiklik görmürəm”. O, təhlükəsizlik sazişlərinin imzalanmasının vacibliyindən də danışıb və əlavə edib ki, təhlükəsizliyi təmin edən sənədlər həqiqətən onlara çox kömək edir.

Bundan başqa, Zelenski deyib ki, Kiyev və Vaşinqton nümayəndələri yaxın on il üçün Ukraynaya hərbi və maliyyə dəstəyinin həcmi ilə bağlı danışıqlar aparır. Onun sözlərinə görə, Ukrayna və ABŞ ikitərəfli təhlükəsizlik sazişi üzərində işləyir: “Biz bu il və növbəti on il üçün xüsusi dəstək səviyyələrini təyin etmək üçün çalışırıq. Söhbət hərbi, maliyyə və siyasi dəstəkdən, eləcə də birgə silah istehsalından gedir”.

NATO Baş katibi Yens Stoltenberq isə bildirib ki, NATO müttəfiqləri müharibənin ilk günündən indiyədək görünməmiş həddə Ukraynaya hərbi yardım ediblər. O, Ukraynaya son aylar hərbi yardımın gecikməsinə də toxunub: “Mən anlayıram ki, gecikmələrin döyüş meydanında ciddi nəticələri oldu. ABŞ aylarla davam edən müddətdə hərbi yardım paketini təsdiqləyə bilmədi, Avropa müttəfiqləri vəd etdiyi həcmdə silah-sursatı Ukraynaya təmin edə bilmədi. Ukrayna aylarla silah-sursatsız qaldı. Bu isə o deməkdir ki, Rusiya qüvvələri cəbhə boyu təzyiq edə bildi”. Amma Stoltenberq vurğulayıb ki, Ukraynanın qalib gəlməsi üçün hələ də gec deyil və daha çox dəstək yoldadır.

Baş katib qeyd edib ki, NATO müttəfiqləri Ukraynaya yardımın sürətləndirilməsi və artırılması barədə razılığa gəlib. O, ABŞ, Böyük Britaniya, Almaniya və Niderlandın Ukraynaya hərbi yardımla bağlı elanlarını xatırladıb: “Mən ümid edirəm ki, daha çox ölkə bu yardımlara qoşulacaq və bu mənada tezliklə yeni yardım bəyanatları gözləyirəm. Biz Ukraynanın təcili ehtiyaclarını qarşılamaq üçün çalışırıq. Mənim mövqeyim hər zaman aydın olub. Mən bildirmişəm ki, əgər müttəfiq ölkələr NATO-nun hərbi büdcəsi üzrə tələbləri qarşılamaq, yoxsa Ukraynaya dəstək verməklə bağlı seçim qarşısında qalsalar, onlar Ukraynaya dəstək verməlidirlər. Boşalan hərbi anbarları doldurmaq olar, ancaq itirilən həyatları geri qaytarmaq mümkün deyil”.

Kiyevə yenə də NATO üzvü olmaq vədi verilib

Yens Stolteneberq Ukrayna Prezidenti Vladimir Zelenskini NATO-nun Vaşinqtonda keçiriləcək sammitinə də dəvət edib. Baş katib əlavə edib ki, Ukraynanın haqlı yeri NATO-dadır, Ukrayna NATO-nun üzvü olacaq: “Bu gün bizim qət etdiyimiz yol onu NATO üzvlüyünə yaxınlaşdırır. Vaxtı çatan kimi Ukrayna dərhal üzv olacaq”. Sonrakı cümləsi ilə o, dolayısı ilə təsdiqləyib ki, bu dediklərinə özü də inanmır. “Ukraynanın NATO-ya üzv olması üçün 32 müttəfiq buna razılıq verməli, bunun reallaşması üçün konsensus olmalıdır. İyulda keçiriləcək sammitə qədər bu konsensusun olacağını gözləmir”-deməklə Stolteneberq əslində etiraf edib ki, Kiyevin alyansa qəbulu hazırda xəyal kimi görünür. Sadəcə, NATO rəsmiləri və müttəfiqləri “Ukrayna alyansa üzv olacaq” söyləməklə Kiyevi təskinlik verir və Rusiya ilə müharibəni davam etməsinə sövq edir. Müharibənin fəsadları isə Ukrayna xalqı üçün faciələr yaşatmaqda davam edir.

Nardar BAYRAMLI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
47
Mənbələr
Şərh ()
Bağla