AZ

Yuri Matias “Neftçi”ni Rumıniya klubuna dəyişmək istəyir

“Neftçi”nin müdafiəçisi Yuri Matias sabiq klubu ÇFR-in (Kluj, Rumıniya) onunla maraqlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

Arena.az xəbər verir ki, braziliyalı futbolçu Rumıniyanın “Prosport” nəşrinə açıqlamasında fürsət düşsə, bu ölkəyə qayıtmağın əleyhinə olmadığını bildirib:

“Son xəbərləri oxuyuram, amma ÇFR-ə qayıtmağımla bağlı heç nə bilmirəm. Lakin futbolda hər şey mümkündür. Bilirəm ki, məni ÇFR-də və ümumilikdə Rumıniyada dəyərləndirirlər. Odur ki, fürsət düşsə, əlbəttə ki, ora qayıdardım. Təəssüf ki, göründüyü kimi, hazırda komandanın durumu yaxşı deyil. Ümid edirəm ki, ÇFR yenidən güclü olacaq. Super Liqada hər oyunu izləyirəm, Rumıniya çempionatından xəbərdaram. Bildiyiniz kimi, mən də rumın dilini öyrənmişəm. Orada çoxlu dostlarım var”.

Matias indiki klubu “Neftçi” barədə də danışıb: “Özümü “Neftçi”də yaxşı hiss edirəm. Demək olar ki, hər matçda oynayıram. Bu mövsüm artıq “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq şansımız yoxdur. Buna görə də ikinci yeri hədəfləyirik. Bunun üçün də çalışırıq”.

Xatırladaq ki, Yuri Matias “Neftçi”yə 2023-cü ilin iyul ayında Rumıniyanın ÇFR (Kluj) klubundan 400 min avro qarşılığında gəlib. O, paytaxt təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Matias daha öncə ÇFR (Kluj), “Koimbra”, “Qaz Metan”, “Traktor” kimi klublarda da forma geyinib.

Yuri Matiasın formasını geyindiyi “Neftçi” hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində 31 oyuna topladığı 47 xalla 4-cü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi artıq çempionluğu təmin etmiş əzəli rəqibi “Qarabağ”dan 26 (!) xal geri qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
6
Mənbələr
Şərh ()
Bağla