AZ

Joze Mourinyo ÇL-i hansı komandanın qazanmasını istəyir?

“Roma”nın sabiq baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo Çempionlar Liqasında hansı kluba azarkeşlik edəcəyini bildirib.

Arena.az xatırladır ki, Çempionlar Liqasının yarımfinalına “Real”, “Bayern”, Dortmund “Borussiya”sı və PSJ yüksəliblər.

“Real”ın Çempionlar Liqasını qazanmasını istərdim. Klub və Karlo Ançelotti buna layiqdirlər”, – “Madrid Xtra” dərgisi Morinyodan sitat gətirir.

Xatırladaq ki, Mourinyonun son iş yeri “Roma” olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.

Hazırda işsiz olan portuqal mütəxəssisin adı ara-sıra “Barselona” və “Bayern” də daxil olmaqla, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqası ilə əlaqələndirilir.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.

UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern” “Real”la, PSJ isə “Borussiya” ilə üz-üzə gələcək. İlk oyunlar aprelin 30-da və mayın 1-də Münhen və Dortmundda, cavab görüşləri isə ayın 7-8-də Madrid və Parisdə keçiriləcək.

Çempionlar Liqasının final qarşılaşması isə iyunun 1-də Londondakı “Uembli” stadionunda təşkil olunacaq.

Seçilən
101
2
Mənbələr
Şərh ()
Bağla