AZ

Məcnun Məmmədov: Bitki və heyvan sağlamlığı Kənd Təsərrüfatı Nazirliyinin daim diqqət mərkəzindədir

Məcnun

Bakı, 5 aprel, AZƏRTAC

Kənd təsərrüfatı məhsullarının istehsalı ölkəmizin ərzaq təhlükəsizliyində ən vacib sahələrdəndir. Kənd təsərrüfatı sahəsində Prezident İlham Əliyev tərəfindən bir sıra fərmanlar və sərəncamlar imzalanmışdır. Heyvandarlıq və bitkiçilik sahəsində sahibkarlara dəstək məqsədi ilə subsidiyaların verilməsi kənd təsərrüfatı sahələrinin inkişafına böyük təkan vermişdir. Həmçinin baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi üçün özəl baytarlıq xidmətinə keçid təmin edilmişdir.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə yekun tədbirdə çıxışında bildirib.

“Kənd Təsərrüfatı Nazirliyi ərzaq təhlükəsizliyi sahəsinə öz töhfələrini verməkdə davam edərək, “dəyər zənciri” prinsipini tətbiq etməklə insan qidası üçün tam təhlükəsiz ərzaq məhsullarının “tarladan süfrəyə” çatdırılması işində bilavasitə iştirak edir”, - deyən M.Məmmədov qeyd edib ki, bitki və heyvan sağlamlığı Kənd Təsərrüfatı Nazirliyinin daim diqqət mərkəzindədir.

“Qida zəncirinin ilk həlqələrində məhsuldar heyvanların sağlamlığına töhfə verən yüksək keyfiyyətli heyvan mənşəli qida məhsullarını əldə etmək üçün bütün preventiv diaqnostik, profilaktik, baytarlıq-sanitariya tədbirlər görülür. Bitkilər üçün xüsusi təhlükə törədən zərərli orqanizmlərin məhv edilməsi, o cümlədən profilaktika işləri mütəmadi olaraq icra edilir. Qida təhlükəsizliyi sahəsində sürətli məlumat mübadiləsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi daimi təkmilləşdirilir və Azərbaycan Qida Təhlükəsizliyi İnformasiya sisteminə inteqrasiyası işləri aparılır.

Sahibkarları yüksək keyfiyyətli, təhlükəsiz ərzaq istehsal etməyə təşviq etmək və qida təhlükəsizliyi sahəsində qəbul edilmiş normativ hüquqi aktlar barədə onları maarifləndirmək sahəsində Qida Təhlükəsizliyi Agentliyi ilə geniş əməkdaşlıq mövcuddur”, - deyə o əlavə edib.

Seçilən
196
25
Mənbələr
Şərh ()
Bağla