AZ

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Türkiyə Milli Təhlükəsizlik Şurası iki aylıq fasilədən sonra bu gün yenidən toplanacaq. İclasda terrorla mübarizə əməliyyatları, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq.



NUHÇIXAN xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu il ikinci dəfə keçiriləcək toplantının əsas mövzusu terrorla mübarizədir. Belə ki, hazırda Türkiyənin əsas hədəfi bu ilin yay aylarına qədər İraq sərhədlərində təhlükəsizliyi tam təmin etməkdir. Bu kontekstdə iclasda İraqın şimalındakı terror yuvalarının tamamilə məhv edilməsi üçün davam edən əməliyyatların genişləndirilməsi, eləcə də Prezident Ərdoğanın bu ayın sonuna planlaşdırılan Bağdad səfərinə hazırlıq prosesi nəzərdən keçiriləcək.
PKK terror təşkilatı tərəfdarlarının Avropada yaşayan türklərə və Türkiyənin diplomatik nümayəndəliklərinə qarşı hücumlarının da müzakirə olunacağı toplantıda bununla bağlı indiyədək atılan addımlar və görüləcək əlavə tədbirlər dəyərləndiriləcək.
İclasda, eyni zamanda, ABŞ-la münasibətlər, “F-16” qırıcılarının tədarükü prosesindəki son vəziyyət, Türkiyə Prezidentinin may ayında Vaşinqtona nəzərdə tutulan səfəri, İsrail-Fələstin qarşıdurması və ictimaiyyət arasında “Qırmızı Kitab” kimi tanınan “Milli Təhlükəsizlik Siyasəti Sənədi”nin yenilənməsi istiqamətində başladılan işlər müzakirə olunacaq.
“Qırmızı Kitab” ölkənin milli hədəflərə çatması üçün müəyyənləşdirilən daxili və xarici təhlükəsizlik-müdafiə siyasətləri ilə bağlı prinsipləri əhatə edir.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Seçilən
74
17
Mənbələr
Şərh ()
Bağla