AZ

“Sağ əli bizim başımıza” deyək, yoxsa “o əjdahadan bizdə niyə yoxdu”?

1981-ci il mayın 13-də Gürcüstanın nəinki futbol həyatında, ümumiyyətlə, tarixində ən xoşbəxt hadisə baş verdi.

"Football-plus.az" xəbər verir ki, həmin gün gec saatlarında Tiflis “Dinamo”su yenilikçi baş məşqçi Nodar Axalkatsinin rəhbərliyi altında Kuboklar Kubokunu qazandı. 3 milyonluq respublika üçün fantastik uğur idi! Mülayim may gecəsində ADR təmsilçisi “Karl Seyss” ilə final oyununa qapı-pəncərəni açıq qoyub baxan, mənzildən-mənzilə, eyvandan-eyvana təəssüratını bölüşən tiflislilər hakimin final fitindən dərhal sonra stadiona axışdılar. Onda hələ bura “Dinamo” stadionu adlanırdı, böyük gürcü futbolçu Boris Payçadzenin adını daşımırdı. Payçadze həyatda idi, hətta stadionun direktoru vəzifəsində çalışırdı. Minlərlə şəhər sakini Kuboklar Kubokundakı qələbəni qeyd etmək üçün arenaya axışanda Boris Solomonoviç az qala yalvarırdı:

“Genatsvale, qazonu korlamaq lazım deyil!”

Ancaq nəyisə bayram etməyə hazırlaşan gürcünü dayandırmaq mümkündümü?! Və onlar bütün gecəni elə stadionun meydanında keçirərək kabab çəkmiş, xəngəl bişirmişdilər...

Mayın 26-da isə bu stadion Gürcüstan yığmasının tarixində ilk dəfə futbol üzrə Avropa çempionatına vəsiqənu təmin etdiyi sehirli məkan oldu. Yığma Gürcüstan futbolçularının və azarkeşlərinin bir neçə nəslinin arzuladığı hədəfə çatdı. Və indi 81-də Kuboklar Kubokunu qazanan qəhrəmanlar – kapitan Aleksandr Çivadze, cavab qolunun müəllifi (onda “Dinamo” əzmkar qələbə qazanmışdı) Vladimir Qutsayev, qapıçı Otar Qabeliya, SSRİ yığmasının oyunçusu Tengiz Sulakvelidze bu böyük uğuru yeni futbolçu nəsli ilə birlikdə qeyd edir.

Tiflisdə, Batumidə, Kutaisidə - coğrafi cəhətdən o qədər də böyük olmayan ölkənin hər yerində bayram təntənələri yaşanır. Gürcülərin bu uğuru ölkəmizdə də diskussiyaya yol açıb. Nəciblik və həsəd hissi ilə “sağ əli bizim başımıza!” deyənlər də var, “o əjdahadan bizdə niyə yoxdu”, - deyə milli natamamlıq kompleksi yaşayanlar da! 2024-cü il martın 26-sı Gürcüstanın futbol tarixinə ikinci ən önəmli gün kimi düşdü. Hərçənd “Dinamo”nun SSRİ dönəmində iki çempionluğu (1964-cü və 1978-ci illərdə) da var idi, heç şübhəsiz, həmin vaxt da Gürcüstan şəhərlərində bayram atəşfəşanlığı yaşanıb. Ancaq Gürcüstan yığmasının mövcud olduğu 30 il ərzində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxması istənilən halda əlahiddə hadisədi.
Əslində bu hadisə üç il əvvəl də baş verə bilərdi. Gürcülər həmin vaxt həlledici oyunda Şimali Makedoniya ilə qarşılaşmışdı. Lakin onda hələ koronavirus dünyada fırlanırdı və düz oyun ərəfəsində yığmanın əsas ulduzu – hələ “Napoli”yə keçməsə də - Xviça Kvaratsxeliya xəstələndi. Xviça həmin vaxt taleyin ədalətsizliyi hissinin təsiri altında göz yaşını saxlaya bilmirdi. Və Gürcüstan minimal fərqlə uduzdu.

“Napoli”nin vingeri və A seriyasının ötən mövsümünün ən yaxşı oyunçusu diskvalifikasiya üzündən Lüksemburqla yarımfinal oyununda da meydana çıxa bilmədi. Amma onun həmvətənləri istənilən əsl komandaya xas olmalı keyfiyyət göstərdi. Bəli, heç bir komanda nə qədər güclü olur-olsun, bir futbolçudan asılı hala düşməməlidi. “Karlsrue”nin 30 yaşlı hücumçusu Budu Zivzivadze dubl etdi, özü də 2-ci qolu qeyri-adi epizod müşayiət etdi. Qonaqlar hesabı bərabərləşdirdilər. Ancaq VAR-a baxılandan sonra Lüksemburqun cərimə meydançası ətrafında cərəyan edən hücuma görə Sanoya qırmızı vərəqə göstərildi və cərimə zərbəsi təyin olundu. Bu hadisə bir daha onu göstərir ki, bəzən futbol qaydaları ilə bağlı texnoloji dəyişikliklər də taleyüklü əhəmiyyət daşıyır.

Yunanıstanla oyunun əlavə vaxtında Xviça zədələndi və əllərini fırlatmaqla dəyişikliyə ehtiyac duyduğunu göstərdi. Onun meydanda bütün gücünü qoyduğuna şübhə yox idi. Oyunun qalan dəqiqələrini isə ehtiyat oyunçular skamyasından izlədi. Sonra emosiyaları coşdu – sosial şəbəkələrdə paltardəyişmə otağında “ləzginka”nı necə rəqs etdiyini görə bilərsiz. Həmin anlarda zədə Xviçanın yadından çıxmışdı. Həmişə belə kiçik ölkələrdən hansısa futbolçu hansısa dünya və ya qitə səviyyəli tanınma həddinə çatanda adamlarda şübhə yaranır ki, görəsən, populyarlıq onu dəyişməyib ki?! Amma yox, Gürcüstanda – ailə ehkamlarının hələ də yüksək dərəcədə qorunduğu ölkədə belə şey ola bilməz.

Sakartvelonun (ölkənin adı gürcü dilində məhz belə səslənir) fransalı baş məşqçisi Villi Sanyol ümidləri doğrultdu. Hərçənd demək olmaz ki, meydan sahibləri qonaqları açıq-aşkar üstələdi. Meydanda bərabər səviyyəli, futbolçuların hər qarış uğrunda mübarizəsi ilə şərtlənən oyun getdi, yunanlar topa daha çox nəzarət etsələr də, gürcülər də qol vəziyyəti yarada bilirdilər. Əlavə vaxtda yunanların bir zərbəsi tirdən döndü. Cavabında gürcülərin ifasında bəzi fərdi reydlər izlədik, top AÇ-2004-ün qaliblərinin qapısı önündə dəfələrlə göründü. Hətta demək olar ki, overtaymda meydanda daha maraqlı hadisələr baş verdi, nəinki əsəblərin oyunun özündən yüksəyə qalxdığı ilk 90 dəqiqədə.

Futbolda “doğma divarlar” amili heç də həmişə futbolçuları yekun uğura səsləmir, onları inandırmır. Ancaq Tiflisdə məhz belə oldu! Şöhrət anını 2004-cü ilin Avropa çempionatında Otto Rehagelin rəhbərliyi altında yaşayan Yunanıstan yığması ardıcıl 3-cü dəfə qitə birinciliyindən kənarda qaldı. Gürcüstan isə tarixində ilk dəfə belə nəhəng turnirdə oynayacaq. Həm də ulduzların sırası Xviça Kvaratsxeliya ilə məhdudlaşmır. “Valensiya”nın əsas qapıçısı Georgi Mamardaşvili də var, “Mets”i Fransanın ikinci divizionundan elitaya daşıyan, aşağı dəstənin ən yaxşı oyunçusu və bombardiri olan Jorj Mikautadze də. Müdafiənin əsas siması isə vaxtilə “Lokomotiv”in heyətində Rusiya çempionu olan, 2022/23 mövsümündə “Neftçi”nin heyətində 33 oyuna çıxan Solomon Kverkveliyadı. Birvaxtlar şir kimi döyüşən futbolçu artıq qocalıb. Ancaq məhz onun da sıralarında olduğu müdafiə xətti yunanlara 120 dəqiqə ərzində, demək olar ki, ciddi təhlükəli vəziyyət yaratmağa imkan vermədi. Baxmayaraq ki, elə həmin yunanlar 5 gün əvvəl Qazaxıstanın qapısından 5 cavabsız top keçirmişdilər!

Gürcüstan o qədər də zəngin ölkə deyil. Bununla belə, qonşu ölkədə futbol hədsiz çox sevilir, adamlar bu oyunla bağlı hiss-həyəcanı fanatikcəsinə yaşayır. Odu ki, yığmanın istənilən ev oyununda 50 minlik Payçadze adına stadionun tribunalarını dolduran (Azərbaycan – Bolqarıstan oyununu isə cəmi 3220 azarkeş izləyib!) gürcülərin sabah yığmanın mümkün uğurlarının arxasınca Dortmunda və Hamburqa yollanması, bunun üçün evini, mənzilini satması heç kimi təəccübləndirməməlidi və təəccübləndirməyəcək də! Və sonda: kaş bir gün bizim küçəmizdə də belə bayram ola!

Seçilən
159
50
Mənbələr
Şərh ()
Bağla