AZ

Sevgi nəğməsi

Nigar Qardələn

Qaranlıq bir gecə, bir də mum işığı... Qəlbim həyəcanla çırpınırdı. Hər an yerindən çıxacaq. Bir quş kimi pırlayıb da uçacaq sevgilimin naməsini oxumağa. Aldım əlimə zərfi, əllərim azacıq titrək. Alnımda muncuq kimi sıralanıb tərlər. Həyəcandandırmı, ya nədən? Qoxladığımda meyxoş olduğum qoxusunu da məktubla birgə ərməğan yollamışdı mənə...
 
Sevinc və intizar qarışıq açdım məktubu. Məktubun qatları açıldıqca ona qovuşacaqmışam kimi həyəcan qarışıq soyuqluq bürüdü bədənimi. Səhər gün doğuşundakı kimi, bir tərəfdən  günəşin sıcaqlığını duyursan, digər tərəfdən axşamkı soyuq sümüklərində dolaşır.  

İndi hazır idi məktub oxunmağa. Amma qəlbim hələ də sakinləşə bilməmişdi. Deyəsən, ilk cümləni oxumadan təzə gəlin kimi al-al olmaqda israrcı olacaqdı yanaqlarım. Ya da, bəlkə, sevdiyinin duvağını qaldırıb da alnından öpməyə tələsən bəy kimidi əhvalım. Hardan bilim?  

Salam, yazar hər məktubun ilk cümləsi. Salam Allah salamıdı, unudulmaz. Üsulca əleykə deyilməli. Amma o ilk əvvəl sevgi deyə başlardı söhbətə. Unutqanlığından deyildi. Axı Allaha ulaşan ən gözəl dua sevgi ilə olandı. Sevgi ilə yaradıb Yaradan dünyanı. Buna görə onu anan sevgi deyə ummalıdı ondan mədət.  

O sevgi  deyə başlardı yazmağa, mən də sevgilim deyər qucaqlardım məktubu. Sonra davamını oxuyardım. O nə yazar bilməm amma mən ancaq onu duyurar, ona tapar olmuşam. 

O söyləməsə belə bilərdim ilk cümləsindən qopacaq son sözlərin. Sonu olmaz sevən könlün sözlərinin heç şübhəsiz. Mən deyən son anın hiss an ruhu, həyəcanı. 

Budur mənim sevdiyimin məktubunu oxuyanda hiss etdiyim incə, zərif duyğularım, aydan arı sudan duru duyğularım.  

Hər məktubda bir duyğudan min duyğuya körpü salır misralar. Hər cümləsi qatarlaşıb köç eyləyir   sevən qəlbin bahar adlı diyarına. 

Bu məktublar sirli olur. Sözlərini duymaq üçün gərək gözü kor, dili lal olasan. Gərək atmağı biləsən üstündəki zər-zibanı.  Çılpaqlaşıb qanad çalıb məktubunu ünvanına çatdırmağı bacarasan.  

Hər yazının sonu olur eləmi? Yalan deyir dilin sənin. Bu məktublar sonsuz olur. Başlanğıcın bilən varmı? Mürəkkəbi incə belli, şux qamətli, şəhla gözlü, su sonası yarın hüsnü-camalı. Kağız desən boyu uzun, qaşı qara, gözü qara, adın sorsan mərdliyindən söz açılan igidimin qeyrətidi.  

Sonsuz sevgi varmı bilməm. Sonsuzluqdan söhbət etməm. Sevgi adlı bu qüdrətin zaman deyil yaradanı. Zaman ona zindan olar. Ayrı qalmaq bir dərd kimi bağra dağı çəkməzmi ki? Hər saniyə cəllad ipi boyna gərdan düzməzmi ki. Fəqət yarın yanındaysa saat anlara uyar da bir göz qırpımında qaçarmış.  

Vəfasızdı insan ömrü. Neçə məktub qucağına basdırar, neçə sevgi onla birlikdə yatar. Oyatmaqda günah olar. Huzur tapsın qoy məktubu həm yazanın, həm də oxuyanın ruhu. Tilsim olsun, açılmasın, nə savabı, nə günahı...

Seçilən
162
13
Mənbələr
Şərh ()
Bağla