AZ

Andrey Lunyov: “Azarkeşlərdən xahişim oldur ki…”

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının pley-offunda “Braqa”ya qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Portuqaliya təmsilçiləri arasında Bakıda baş tutmuş görüşdə təmsilçimiz 2:3 hesabıyla məğlub olub.

Amma “Qarabağ” səfərdə bu rəqibinə 4:2 hesabıyla qalib gəldiyi üçün, ümumi hesabda “Braqa”dan 6:5 üstün olub və növbəti mərhələyə yüksəlib.

Matçdan sonra Andrey Lunyov jurnalistlərlə söhbətləşib. 32 yaşlı rusiyalı qolkiper Arena.az saytının əməkdaşının da suallarını cavablandırıb:

  • Oyun haqda təəssüratlarınız necədir?
  • Əlbəttə, buraxdığım 2 qol məyus etdi. Çünki səfərdəki matçın üstünlüyünü əldən verdik. Amma buna baxmayaraq, ruhdan düşmədik. Bizim möhkəm komandamız var. Həm fiziki, həm emosional cəhətdən. Ona görə öz gücümüzə inanırdıq. Tanrıya şükürlər olsun, istədiyimiz nəticə əldə edə bildik.
  • Qurban Qurbanov əlavə vaxta hazırlaşanda oyunçulara nə dedi?
  • Eşitməmişəm, çünki səsi artıq batmışdı. Mən isə bir az uzaqda idim. Ona görə bunu uşaqlardan soruşmaq lazımdır. Mən başa düşürdüm ki, 10 nəfərlə dözmək məcburiyyətindəyik. Amma bu, futboldur. Bu vəziyyətə özümüz düşmüşdük, özümüz də çıxmalıydıq. Şükür ki, bu, bizdə alındı.
  • Azarkeş dəstəyini necə qiymətləndirirsiniz?
  • Azarkeşlərə dərin minnətdarlığımı bildirirəm ki, bu cür hava şəraitinə və vaxta baxmayaraq, stadiona gəlmişdilər. Onlar bizə dəstək oldular, biz isə bunun əvəzini qalibiyyətlə ödədik. Düşünürəm ki, hamı xoşbəxtdir. Sadəcə, azarkeşlərin və komandanın birliyinin vacibliyini qeyd edə bilərəm. Azarkeşlərdən xahiş etmək istəyirəm ki, imkan varsa, yerli oyunlara da gəlsinlər. Bu, möhtəşəm olardı. Heç olmasa, bugünkü sayın yarısı olsa, gözəl olar.
  • Elvin Cəfərquliyevin qırmızı vərəqə alaraq meydanı tərk etməsinin oyuna necə təsir etdi?
  • Bunun nə qədər təsir etdiyini demək çətindir. Azlıqda qalmazdan əvvəl hücumda yaxşı şanslarımız olurdu. Düşünürəm ki, onları reallaşdıra bilərdik. O zaman daha da rahat olardıq. Amma bu, futboldur. Təəssüf ki, belə hallar olur. Hansısa diqqətsizlikdən sonra meydanda ümumi vəziyyət dəyişə bilər. Yaxşı dözə bildik. Hamı yaxşı oynadı, çox sağ olsunlar.

Nahid Məmmədov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
4
arena.az

4Mənbələr