AZ

Paşinyanın BMT-dəki keşiş rolu - Falçı ümidinə qalan Ermənistan

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



BMT dünyada ən çox tənqidə məruz qalan beynəlxalq təşkilatdır. Üzv dövlətlərin liderləri təşkilatda islahatın aparılmasını təklif edirlər. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "dünya beşdən böyükdür" fikri BMT-nin yenilənməsi ilə bağlı deyilənlərin ümumiləşdirilməsi üçün əsas istiqamət ola bilər.
Bununla belə, təşkilatın Baş Assambleyasının sessiyasında müxtəlif rejimlərin təmsilçilərinin, başçılarının çıxışı dünyanın siyasi mənzərəsinin yaranmasına yardım edir.
Odur ki, BMT tribunasından müdrik dövlət başçıları ölkəsinin və dünyanın maraqlarını uzlaşdıraraq obyektiv çıxış edə bilirlər.
Təşkilatda Ermənistanın baş naziri Nikol Paşinyan da çıxış edib. Onun çıxışını ilk olaraq səfir Dzünik Ağacanyan tənqid edib. O, 1966-cı ildə İrəvanda anadan olub. 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir ranqını alıb. 1992-ci ildən Ermənistan Xarici İşlər Nazirliyində işləyir. 1993-95-ci illərdə ölkəsinin ABŞ-dəki səfirliyində fəaliyyət göstərib. Nyu-Yorkda Kolumbiya Universitetini bitirib. 2000-2003 illərdə XİN-in mətbuat katibi olub.
Dzünik Ağacanyan Nikol Paşinyanın BMT-dəki çıxışını "təriqət liderinin moizəsi" adlandırıb. Diplomat deyib ki, bu, dövlət xadiminə yaraşan açıqlama deyildi: "Çıxış acınacaqlı və məzmunsuz idi". O, baş nazirin çıxışında ölkədaxili problemi BMT-nin tribunasından söyləməsini tədbirin mövzusuna keşiş yanaşması kimi qiymətləndirib. Dzünik Ağacanyan deyib ki, Paşinyanın çıxışı yürütdüyü "dəvəquşu siyasəti"nə tam uyğundur. O, bu çıxışın beynəlxalq arenada heç bir təsir buraxmadığını da vurğulayıb.
Yeri gəlmişkən, Paşinyan BMT Baş Assambleyasında iştiraka xüsusi önəm verdiyini vurğulayıb: "Ermənistan parlament seçkisində partiyamız "Gələcək var!" şüarı altında iştirak edib və mən indiki baş nazir mandatını almışam".
O daha sonra gələcəklə bağlı filosofluq edib. Elə diplomat belə qeyri-mücərrəd danışığına görə Paşinyanın çıxışını "təriqət başçısının açıqlaması" kimi dəyərləndirib. Bəlkə, elə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da "Daha ədalətli bir dünya mümkündür" ("Daha Adil Bir Dünya Mümkün") kitabını baş nazirə BMT-nin gələcəyi ilə bağlı maariflənməsi üçün verib.
Ermənistan hakimiyyəti BMT tribunasından təyinatına uyğun yararlana bilmir. Rəsmi İrəvan Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın məhəl qoymayıb. Yəni bu ölkənin hakimiyyəti 30 il təşkilata qarşı sayğısızlıq edib.
İndi onun kürsüsündən ağıllı görkəm alıb, BMT-nin gələcəyi ilə bağlı fəlsəfi kimi görünən fikirlər söyləmək çox ziddiyyətli təəssürat yaradır. Nikol Paşinyan Azərbaycan torpaqlarının işğal altında saxlanılmasında rolunun olmadığını söyləyə bilməz. Çünki Paşinyan ölkəsinin ali baş komandanı olaraq torpaqları işğal altında saxlamaq üçün Azərbaycana qarşı müharibəyə başçılıq edib.
Bu baxımdan, Ermənistanın lideri olaraq o, hələ də Azərbaycandan üzr istəməyib. Nikol Paşinyanın belə bir addımı atacağı ən yaxşı yer isə BMT-nin Baş Assambleyasıdır. Normal dövlətlərin başçıları belə edərlər. Bu addımı faşizmə görə Almaniya liderləri atıblar. Serbiya Prezidenti Tomislav Nikoliç 1995-ci ildə Srebrenitsada törədilən kütləvi qətllərə, soyqırımına görə Bosniya müsəlmanlarından üzr istəyib. Ancaq Ermənistan Azərbaycanın Xocalı, Ağdaban və başqa bölgələrində törətdiyi terror, qətl, soyqırımına görə üzr istəməyib.
Baş nazir Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasında "Sülh naminə liderlik: təhlükəsiz gələcək axtarışında BMT Nizamnaməsi ətrafında birləşmə" mövzusunda müzakirələrə qatılaraq Azərbaycana qarşı çıxış da edib.
Sülh, əməkdaşlıq kimi məsələlərlə bağlı açıqlamalar verən Paşinyan bu toplantıda eyni rolu oynayıb: "Hökumətimiz regionumuzda münaqişələrə son qoymaq və mövcud dinamikanı firavanlıq, sabitlik və sülh naminə əməkdaşlığa çevirmək əzmindədir. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır".
O vurğulayıb ki, rəsmi İrəvan Bakıda COP29-a qədər sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrinin imzalanmasını və bununla da sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühitin yaradılmasını təklif edib. Paşinyan Azərbaycanla sərhədlərin müəyyənləşməsi üçün komissiyalar arasında sərhədlərin delimitasiyası prosesini davam etdirməyə hazır olduqlarını da qeyd edib. Erməni lider bildirib ki, Ermənistanın regionda ədalətli, davamlı sülhə nail olmaq səylərinə BMT-nin güclü və birmənalı dəstəyi son dərəcə vacibdir.
Paşinyan Azərbaycanla əldə edilən aşağı-yuxarı bütün uğurları Ermənistanın adına çıxmağa səy göstərib.
Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zaman Prezident İlham Əliyev Paşinyanın mənimsəmək istədiyi sülh təşəbbüsü barədə bunları deyib:
"Yenə də bildirmək istəyirəm ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlayıb. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Bizim təşəbbüsümüz idi. Bir müddət sonra görəndə ki bu, cavabsız qalır, biz artıq əsas baza prinsiplərini ortaya qoyduq, onları ictimailəşdirdik və artıq proses başladı. Ancaq nəyi görürük? Görürük ki, Ermənistan bu məsələni süni şəkildə uzadır".
Prezidentin çıxışı Ermənistan baş nazirinin BMT Təhlükəsizlik Şurasında yalan danışdığını ifşa edir.
Rəsmi İrəvana təqdim olunan sülh təkliflərinə Azərbaycan indiyədək bitkin cavab almayıb. Ermənistan razılıq əldə edilən müddəaları rəsmi Bakıya imzalatdırmaqla, öz aləmində, havadarları ilə birlikdə tələ qurmağa çalışır. Azərbaycanın rəsmi İrəvana işğalçı və təcavüzkar konstitusiyaya dəyişiklik edilməsi, kommunikasiyaların açılması, ermənilərin Azərbaycan torpaqlarında basdırdıqları minaların xəritəsini, işğal altında saxladığı kəndləri təhvil verməsi kimi şərtlərinə əməl edən sülhsevər, sazişə imza atmağa hazır olan tərəf olaraq göstərməyə çalışır, beynəlxalq ictimaiyyəti və rəyi çaşdırır. Bu, erməni saxtakarlığıdır.
Bu azmış kimi, Nikol Paşinyan şərləmək, böhtan atmaq kimi mənsub olduğu etnik qrupun klassik metodundan da istifadə edir.
Ermənistan hakimiyyətinin yadına BMT sanki indi düşüb. 1988-ci ildə azərbaycanlılar tarixi, dədə-baba yurdlarından qovulanda, vətəndaşlıqdan məhrum ediləndə, mal-mülkləri əllərindən alınanda ermənilərin yadına belə bir təşkilatın və insan hüquqlarının olduğu düşmürdü.
Bütün beynəlxalq təşkilatlar, tədbirlər Ermənistan hakimiyyəti, diasporu və lobbisi üçün yalanlarına ayaq tutdurmaq üçün lazımdır.
Bu kimi saxtakarlıqları edib, yalanlar söyləyən rəsmi İrəvan falçı ümidinə qalıb. Ölkə mətbuatı Ermənistan hökuməti və regional hadisələrlə bağlı "öncəgörmələr" yayır.
Ölkədə tanınmış falçı İnara Qriqoryan "Hraparak"a müsahibəsində bildirib ki, Nikol Paşinyanın həyatı təhlükədədir. O, 2025-ci ilədək Ermənistanda irimiqyaslı hərbi fəaliyyət "görmədiyini", ancaq 2025-ci ildə böyük müharibə, eləcə də yeni epidemiya "gördüyünü" söyləyib.
İnara Qriqoryanın sözlərinə görə, sentyabrın sonunda, oktyabrda Ermənistan lideri təhlükədə olacaq.
Belə görünür, ölkədə hakimiyyət dəyişikliyi, müharibə, epidemiya və dövlət xadimlərinə terrorla bağlı rəy formalaşdırılır. Nikol Paşinyan xarici siyasətdə yalan, saxta açıqlamalara üstünlük verməklə vaxt uzadır. Sülhlə bağlı konkret addımlar atmaqdan yayınır. Azərbaycanla problemləri razılaşdırıb həll etməkdənsə, fikri fərqli istiqamətə yönəldir. Məsələn, Ermənistan konstitusiyasından işğalçı və təcavüzkar hədəfin çıxarılması istənilir, o isə Azərbaycanın Əsas qanununu təhrif edib, ona qara yaxır. Sülh yolunda ləngimə isə Ermənistan əhalisinin ziyanınadır. Bu ziyanı ört-basdır etmək üçün Paşinyanın həyatının təhlükə qarşısında olduğuna, müharibənin başlayacağına, epidemiyaya dair "öncəgörmələr" yayırlar.
Onsuz da, Ermənistan 34 ildir yuxudadır. Paşinyan hakimiyyətini möhkəmləndirmək üçün BMT-də özünü sülhsevər kimi göstərməklə beynəlxalq dayaqlarını gücləndirməyə səy göstərir. O, "həyatına qəsd olacaq" təbliğatını təşkil etməklə özünü "günahsız", "millət atası" kimi ictimai rəyə sırımağa çalışır. Odur ki, Ermənistanda yalana, saxtakarlığa falçılıq da qoşulur.
"Report" İnformasiya Agentliyi
Seçilən
5
50
oxu.az

10Mənbələr