AZ

Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu

         Sentyabrın 8 – i mənim və tələbəlik illərinin əziz və mehriban dostları üçün olduqca ağır, üzücü xəbərlə açıldı. Sübh tezdən BDU – nun jurnalistika fakultəsinin 1973 – cü il məzunlarından birinin, vicdanlı jurnalistika adının sadiq və dönməz daşıyıcılarından olan Hidayət Elvüsalın dünyasını dəyişdiyi barədə xəbəri bu sətirlərin müəllifi, 612 – ci qrupun həyatın acılı – şirinli marafonunda hər bir çətinliyə sinə gərən, xoş və ağır günlərində bir – birinə hayan olan, güvənən, etibarlı, bu gün də ayaqda olan tələbələri böyük sarsıntı ilə qarşıladı. İtirə - itirə gedirik, Hidayət də heç kimi incitmədən, əziyyət vermədən, özünəməxsus təmkinlə bu həyata və bizə “əlvida” söylədi. Beləcə tələbəlik illərinin yadigarlarından birini, gözəl insan, şair, publisist, redaktor, bəstəkar kimi ad – san qazanan, öz yaradıcılığı, insanpərvərliyi, mərdliyi ilə böyük xətir – hörmət, nüfuz sahibi olan Hidayət öz doğma Kəlbəcərinin görüşünə gedə bilmədi. Amma hər birimizin, onu tanıyan, sevən, hörmətini saxlayan qələm və əqidə dostlarının qəlbində özünə əbədi yuva qurmağı bacardı.

           Qrup yoldaşımız, tanınmış qələm sahibi Maral Poladovanın şəxsi təşəbbüsü ilə biz Hidayət Elvüsalın 75 illiyi ilə bağlı bir kitab nəşr etdirmək qərarına gəlmişdik. Çox heyflər olsun ki, bu kitabı  sağlığında ona   çatdıra bilmədik. Vaxtsız əcəl buna imkan vermədi. Həmin kitab üçün yazdığım “Sərrast söz ovçusu” başlıqlı qeydlərimi hörmətli oxucuların diqqətinə yetirirəm.

              Tələbəlik dostum, sonralarsa qələm yoldaşım Hidayət Elvüsal Kəlbəcərdən paytaxta ali təhsil dalınca gələndən o uca dağlardan, qranit qayalardan qopub Bakıya doğru səmt götürən sap –sağlam, artıq cilalanmış, ovxarlı bir saytal vətən daşıydı ki, sıralarımızda və qəlbimizdə özünə dostluq, yoldaşlıq və vətəndaşlıq pasportu qazanmışdı.

            Onu tanıdığım, dəmir kimi möhkəm əllərini sıxdığım ilk gündən bu adamın saf əqidəli, mərd xarekterli, vicdanlı və duyğusal bir vətən oğlu olduğu qənaətinə gəlmişdim və universitet illərində bu qənaətim özünü həyatın bütün mərhələrində və məqamlarında tamamilə doğrultdu. Onun Kəlbəcər haqqında, o ulu yurdun sadə insanları, sənət adamları, şair və yazıçıları haqqında duzlu – məzəli söhbətləri sanki hələ qələmə alınmamış poetik nümunələr, orijinal nəsr əsərləri kimi yaddaşımdadır. Hidayətin söhbətlərimizə rəng qatan şərhləri, el ağsaqqallarından, aşıq və şairlərdən gətirdiyi misallar onun sonradan bütün ucalığı ilə boy göstərəcək bədii yaradıcılığından soraq verirdi.

            Hidayət istər sovet dövründə, istərsə də müstəqillik illərində yazdığı hekayələrdə, həyat etüdlərində baş mövzu kimi əsildə öz həyatını, yaşantılarını, rast gəldiyi hadisələri götürürdü və asanlıqla öz bədii məqsədinə çatırdı. Onun hekayələrində rast gəldiyimiz qəhrəman və personajlar Mirzə Cəlilin və Haqverdiyevin, Mopassan və Çexovun, eləcə də Əziz Nesinin əsərlərindəki obrazları xatırladır bizə. Düşüncə və danışıq tərzinə, həyat mövqeyinə və istənilən vəziyyətdə özünü aparmaq və bu vəziyyətdən çıxmaq qabilliyətinə görə. O, obrazları ilə davranmağı, onlarla dostluq etməyi, lazım gələrsə küsüb – barışmağı asanlıqla bacarır. Yaratdığı obrazlar da Hidayəti sən deyən incitmir, asanlıqla dil tapır, tezliklə ortaq məxrəcə gəlirlər.

            Hidayətin yaradıcılıq metodoliyası yorucu deyil, novatorluq mahiyyətində, tam orijinaldır. Məhz buna görə də hələ “Səhər” qəzetində işləyərkən “Belə-belə işlər” rubrikası ilə araya - ərsəyə gətirdiyi yazılar əl - əl gəzir, dillərdə dolaşırdı.

            Hidayətlə eyni vaxtda bir kollektivdə də işləmişik – “ Kommunist” ( indiki “Xalq qəzeti”) qəzetində. O, hansı mövzuya üz tuturdusa uğuru mütləq idi. Yüksək erudisiyası, səriştəli təhlili, söz, leksikon bolluğu, ədalətli və düzgün mövqeyi həmişə ona uzalığı gətirirdi. Təbii ki, redaksiya rəhbərliyi və oxucular Hidayət Elvüsal imzasına hədsiz hörmət bəsləyirdilər və ondan yeni – yeni, rəngarəng mövzularda yazılar gözləməkdə haqlı idilər. Hidayət də təbii ki, yalnız özünəməxsus təmkin və səbirlə yeni mövzular axtarışında idi və oxucu istəklərini bacarıqla, ustalıqla reallaşdırırdı. Sonralar da harada işləməyindən asılı olmayaraq öz əqidə prinsipinə sadiq qalan Hidayət Elvüsal bu gün də, ömrünün müdrik çağında hansı mövzuya üz tutrsa öz yaradıcılıq məqsədinə asanlıqla nail olur.

            Son vaxtlar tez – tez görüşməsək də ara –sıra zəngləşir, hal - əhval tuturuq. Mətbuat Şurasında 75 illiyi ilə bağlı tədbirdə son illərin məlum sıxıntıları ilə bağlı çox fikir çəkdiyi, iztirab keçirdiyi dərhal hiss olunsa da dağlar oğlunun əvvəlki qürurunu, şahanəliyini olduğu kimi qoruyub saxladığı qartal baxışlarından açıq – aydın duyulurdu. Təbii ki, yurd itkisi, vaxtsız gedən dostların nisgili( Mənə elə gəlir ki, ən əziz dostu, tələbə yoldaşımız Yusifin xəstəxanaya aparılarkən məhz Hidayətin qucağında bu dünyaya əlvida deməsini dostumuz ömür boyu unutmayacaq, bu kədərli anın acısını yaşayacaq) 75 yaşlı dostumuzun, 612 – ci qrupun sərrast söz ovçusu, polad xarakterli tələbəsi kimi bu gün də fəxr etdiyimiz, qürur duyduğumuz Hidayət Elvüsalın yaradıcı düçüncəsinə, mətinliyinə, şuxluğuna xələl gətirməyəcək.

          Çünki qarşıda hələ Hidayəti yeni yaradıcılıq uğurları gözləyir. Yaşa, yarat, əziz dost!

P.S. Ümidvaram ki, hörmətli oxucular bu qeydlərdəki zaman fərqini və yanaşma tərzini yəqin ki, nəzərə alacaqlar.

                                                                                                             
Akif Cabbarlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
36
modern.az

10Mənbələr