AZ

ABŞ-da atışma: Məktəbli sinif yoldaşlarını öldürdü - FOTO

ABŞ-ın (Corciya) Apalachee liseyində iki 14 yaşlı şagird və iki müəllim öldürülüb. Daha 9 nəfər yaralanıb.
 

Sfera.az bildirir ki, atəş açan 14 yaşlı yeniyetmə olub. Hadisəni törədən yeniyetmə barədə ətraflı məlumat verilmir. Maraqlıdır ki, məktəbli ABŞ-da ən məşhur AR tüfəngindən atəş açıb. Qeyd edək ki, Donald Tramp da məhz bu silahla vurulmuşdu.


Hüquq-mühafizə orqanları açıqlamalarında bildiriblər ki, ötən il məktəbdə atışma törətməklə bağlı hədələrə görə dindirilən şübhəli şəxs də baş verən atışmadan qısa müddət sonra nəzarətə götürülüb.


Corciya İstintaq Bürosunun direktoru Kris Hosey mətbuat konfransında bildirib ki, atışma törədənin 14 yaşlı Colt Grey olduğu müəyyən edilib. O, yetkin şəxslər kimi mühakimə olunacaq.
 

AR-platformalı silah və ya yarı avtomatik tüfənglə silahlanmış yeniyetmə tez bir zamanda yaxalanıb.


Rəsmilər ölənlərin 14 yaşlı iki tələbə - Meyson Şermerhorn və Kristian Anqulo, iki müəllim - 39 yaşlı Riçard Aspinval və 53 yaşlı Kristina İrimi olduğunu açıqlayıb. Xəstəxanaya yerləşdirilən 9 nəfərin hamısının vəziyyətinin orta-ağır olduğu bildirilir.
 

Federal Təhqiqat Bürosu daha sonra 2023-cü ildə məktəbdə atışma törətməklə bağlı təhdidləri araşdırdığını bildirib. Qonşu Cekson qraflığında 13 yaşlı yeniyetmə və onun atasının da sorğu-sual edildiyi bildirilir. Bəyanatda yeniyetmənin kimliyi göstərilməsə də, rəsmilər dindirilənlərin hazırkı hadisə ilə bağlı saxlandıqlarını bildiriblər.
 

"Ata bildirib ki, evində ov tüfəngləri olub, lakin uşağın silahlara nəzarətsiz girişi olmayıb. Yeniyetmə özü isə sosial şəbəkələrdə təhdidlər etdiyi ilə bağlı ittihamları rədd edib” - deyə FTB bildirib.


Atışma silaha nəzarətlə bağlı müzakirələri yenidən alovlandırıb və oxşar hadisələrin müəyyən müntəzəmliklə baş verdiyi bir ölkədə qəzəb dalğasına səbəb olub.
Eyni zamanda, Ağ Evin bəyanatında deyilir ki, prezident Co Bayden atışma ilə bağlı məlumatlandırılıb.
 

Donald Tramp da çıxış edərək, atışmanın “xəstə canavar” tərəfindən törədildiyini deyib.


Qeyd edək ki, son iyirmi ildə ABŞ-da yüzlərlə məktəb və kollecdə atışma baş verib. Ən qanlı hadisə 2007-ci ildə “Virginia Tech”də baş verib, 30-dan çox adam həlak olub. Bu qırğın silah qanunları, silah saxlamaq və gəzdirməklə bağlı ABŞ Konstitusiyasına İkinci Düzəlişlə bağlı müzakirələri gücləndirib.


Aynil
Sfera.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
20
sfera.az

10Mənbələr