AZ

Si Cinpin: Çin Afrika ölkələri ilə 10 tərəfdaşlıq fəaliyyət planı icra edəcək

Si

Pekin, 5 sentyabr, AZƏRTAC

Çin modernləşməni birgə təşviq etməkdən ötrü yaxın 3 ildə 10 tərəfdaşlıq fəaliyyət planını həyata keçirmək üçün Afrika ilə əməkdaşlıq etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının Sədri Si Cinpin sentyabrın 5-də Pekində Çin-Afrika Əməkdaşlıq Forumunun (FOCAC) 9-cu zirvə toplantısının açılış mərasimində bildirib. O, dünya əhalisinin üçdə birinin yaşadığı Çin və Afrikada modernləşmə olmadan qlobal modernləşmənin mümkün olmayacağını vurğulayıb.

Pekinin diplomatik münasibətləri olduğu bütün Afrika ölkələri ilə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirən Si Cinpin əlavə edib ki, ümumilikdə, Çin-Afrika münasibətləri yeni erada ortaq gələcəkli, hərtərəfli Çin-Afrika birliyi səviyyəsinə qalxıb.

Çin lideri ölkəsinin Afrika ilə birliyinin kökünün ənənəvi dostluğa söykəndiyini deyib. “Biz ötən əsrin ortalarından bəri imperializmə, müstəmləkəçiliyə, hegemonluğa qarşı çiyin-çiyinə mübarizə aparmış, inkişaf, dirçəliş və modernləşmə yolunda əl-ələ vermişik. Çin-Afrika dostluğu möhkəm qalır və dünyanın necə dəyişməsindən asılı olmayaraq nəsildən-nəslə ötürülür”, - deyə Si Cinpin bildirib. O, Çin-Afrika birliyinin qarşılıqlı faydalı əməkdaşlıq sayəsində inkişaf etdiyini deyib.

Çin-Afrika Əməkdaşlıq Forumunun zirvə toplantısı sentyabrın 4-dən 6-dək Pekində keçirilir. Tədbirdə Afrikanın 53 ölkəsindən dövlət və hökumət başçıları, rəhbər şəxslər, beynəlxalq və regional təşkilatların rəhbərləri, o cümlədən BMT-nin Baş katibi Antonio Quterreş iştirak edir. Tədbir çərçivəsində dövlət idarəçiliyi, sənayeləşmə və kənd təsərrüfatının modernizasiyası, sülh və təhlükəsizlik, yüksək keyfiyyətli “Bir kəmər, bir yol” əməkdaşlığı mövzularında iclaslar, Çin-Afrika iş adamlarının 8-ci konfransı və digər tədbirlər təşkil olunacaq. Forumun yekununda növbəti 3 il üçün Fəaliyyət Planı və Bəyannamə qəbul olunacaq.

Qeyd edək ki, ilk dəfə 2000-ci ildə nazirlər səviyyəsində təşkil edilmiş forum 2006-cı ildən dövlət başçılarının iştirakı ilə keçirilir. Hazırda Esvatinidən başqa (qondarma Tayvan hakimiyyəti ilə diplomatik əlasəsi var) Afrikanın 53 ölkəsi və Afrika İttifaqı Şurası forumun üzvüdür. Çin-Afrika Əməkdaşlıq Forumunun zirvə toplantıları adətən 3 ildə bir dəfə keçirilir. Hər toplantının yekunu olaraq üçillik fəaliyyət planı təsdiqlənir. Çin tərəfi Çin-Afrika Əməkdaşlıq Forumu vasitəsi ilə Afrika ölkələrinə infrastruktur layihələrinin icrası üçün kredit və qrant verir, Afrika mənşəli malların Çinə idxalına və Çin məhsullarının Afrikaya ixracına güzəştlər tətbiq edir. Bəzən Afrika ölkələrinin kredit ödənişlərində problemlər müşahidə olunur. 2022-ci ildə FOCAC əlaqələndiricilərinin iclasında Çinin xarici işlər naziri Van İ ölkəsinin 17 Afrika dövlətinin 2021-ci ilin sonuna başa çatmalı olan ümumilikdə 23 kreditini bağışlayacağını açıqlayıb.

Hazırda Çin Afrikanın ən böyük ticarət tərəfdaşıdır. İlin 7 ayında Çinin Afrika ilə idxal-ixrac dövriyyəsi əvvəlki illə müqayisədə 5,5 faiz artaraq 167 milyard ABŞ dollarına çatıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
5
azertag.az

10Mənbələr