AZ

Azərbaycan - Özbəkistan münasibətlərində yeni strateji perspektivlər ŞƏRH

Ötən əsrin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan region və dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələri daha da genişləndirib, bir sıra qurumlarla yeni əlaqələr yaradıb. Qurulan əlaqələr qısa bir zamanda Azərbaycan ilə dünya dövlətləri arasında əməkdaşlığın, qarşılıqlı etimadın yaradılmasında yeni imkanlar yaratmış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən biri türkdilli dövlətlərlə münasibətlərin qurulmasıdır. Dövlət başçılarının türk dövlətlərinə rəsmi səfərləri münasibətlərin inkişafında yeni dövrün başlanğıcını qoyub və dövlətlər arasında yeni mərhələyə yüksəlib. Ölkələr arasında imzalanan sənədlər siyasi, iqtisadi və mədəni sahədə münasibətlərin dərinləşməsinə yeni imkanlar açıb. Bu gün regionda deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik olan Özbəkistan Cənubi Qafqaz regionunda əsas tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın dərinləşməsinə önəm verir. Mövcud münasibətlər Cənubi Qafqaz və Mərkəzi Asiya regionundakı sabitliyin və davamlı inkişafın təmin edilməsində də mühüm rola malikdir. Azərbaycan və Özbəkistanın əlaqələrinin dərinləşdirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını da bir-birinə yaxınlaşdırır. İki ölkə arasında bu vaxtadək imzalanmış çoxsaylı sənəd möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana növbəti səfəri dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalamaları dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni səhifənin açılması deməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirdiyi kimi, "Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək".

Səfər çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri nəzərdən keçirilib. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsində, uğurlu əməkdaşlıq üçün möhkəm təmələ malik hüquq-müqavilə bazasına təkandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev "Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı"nı da qəbul ediblər. Daha sonra "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi yanında Turizm Komitəsi arasında 2024-2026-cı illər üzrə turizm sahəsində Fəaliyyət Planı" "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2024-2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə Yol xəritəsi", "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlıq haqqında Protokol"u və s. müxtəlif sahələr əhatə edən sənədlərin imzalanması iki dövlət arasında uğurlu əməkdaşlıqda mühüm sənədlərdir.

Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın və özbək xalqının dəstəyini də xüsusi olaraq qeyd etməliyik. Füzulidə Özbəkistan Prezidentinin və xalqının hədiyyəsi olan məktəbin açılışı münasibətlərin inkişafında öz sözünü deyir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımıdır. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlarda işğaldan azad olunmuş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsini müzakirə edib. "Yalnız mühüm olan bir layihəni ayrıca qeyd etmək istərdim. Bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması ilə bağlıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə - istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə təkcə mənəvi dəstək göstərməklə yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib".

Ölkələrarası ticari-iqtisadi münasibətlər ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindəndir. Bu sahədə əməkdaşlıq azad ticarət rejimində həyata keçirilir və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Özbəkistan və Azərbaycan investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsində müəyyən uğurlar əldə etmişdir. Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılıb. "Azərbaycan və Özbəkistan birgə İnvestisiya Fondunun kapitalını artırmalıdır", - deyən Prezident vurğulayıb ki, ikitərəfli gündəliyi və üçüncü ölkələrə investisiyalarla çıxışı artıracağıq. Son illərdə əməkdaşlığın inkişafı üzrə iyirmi sahə müəyyənləşdirilib. Səhiyyə, əczaçılıq, ipəkçilik, texnoloji avadanlıqların istehsalı, eləcə də tərəflər arasında Xankəndidə birgə müəssisənin yaradılması da qərarlaşdırılıb.

Göründüyü kimi, Azərbaycan və Özbəkistan arasında çox sıx münasibətlər formalaşıb və bu münasibətlər strateji səviyyəyə yüksəlib. Türkdövlətləri arasında xüsusi çəkisi olan Özbəkistanla Azərbaycan arasında dostluq, qardaşlıq əsasında qurulan əməkdaşlıq bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir.

İlkin ABBASOV,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
sesqazeti.az

10Mənbələr