AZ

Azərbaycan-Özbəkistan dostluğu regionun inkişafına xidmət edir ŞƏRH

Bu gün Azərbaycanın xarici siyasətində daim diqqət mərkəzində saxlanılan əsas istiqamətlərdən biri də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə həm təşkilat daxilində, həm də ayrı-ayrılıqda ikitərəfli əlaqələrin inkişaf etdirilməsidir. Bu baxımdan Azərbaycan-Özbəkistan ikitərəfli münasibətləri də son vaxtlar xüsusilə diqqəti cəlb edir. Ölkə Prezidenti cənab İlham Əliyevin son iki ildə beş dəfə Özbəkistana səfər etməsi ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin ən yüksək səviyyədə olduğunu göstərir. Həmçinin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin keçən il yenidən dövlət başçısı seçildikdən sonra ilk rəsmi dövlət səfərini də məhz Azərbaycana etməsi də iki ölkə arasında olan dostluq münasibətlərinin səmimiyyət və möhkəmlik göstəricisi kimi qiymətləndirilə bilər. Birmənalıdır ki, iki yaxın xalq, iki yaxın ölkə olan Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin bu gün tamamilə yeni mərhələyə yüksəlişi bilavasitə iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri sayəsində mümkün olub. Bu gün həm Özbəkistan, həm də Azərbaycan xalqları dövlət başçılarının münasibətlərinin, qarşılıqlı səfərlərinin müsbət nəticələrini əməli işlərdə görürlər. Əlbəttə ki, cənab Prezident İlham Əliyevin cari ilin 22 avqust tarixində Özbəkistana səfəri də münasibətlərin inkişafına yeni, güclü təkan verəcək. Təsadüfi deyil ki, hər iki ölkənin dövlət başçıları avqustun 23-də Daşkənddə mətbuata bəyanatla etdikləri çıxışlarında bu məqamı xüsusi vurğulamışlar.

Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanmışdır. Diqqətəlayiq haldır ki, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan Prezidentinin şəxsi təşəbbüsü ilə orta məktəb binası ölkəmizə hədiyyə olaraq inşa edilmişdir. Bu fakt iki dost ölkə arasında əlaqələrin getdikcə genişləndirilməsini və möhkəmləndirilməsini bir daha təsdiq edir.

Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, dövlət başçıları arasında aparılan danışıqlar çərçivəsində məsələlərin geniş spektri müzakirə olunub. İstər təkbətək, istərsə də geniş tərkibdə keçirilən görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində əldə olunmuş nailiyyətlər ətraflı təhlil edilib. Həmçinin bütün sahələr üzrə əlaqələrin gələcək inkişaf yolları müzakirə edilib və müəyyən olunub. Azərbaycan ilə Özbəkistan arasında imzalanmış çox sayda sənədlər də bu münasibətlərin artıq tamamilə yeni və ən yüksək səviyyədə olduğunu deməyə əsas verir. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” böyük tarixi əhəmiyyət kəsb edən sənəddir. Öz çıxışında dövlətimizin başçısı bu sənədin önəmini xüsusi vurğulayaraq bildirdi ki, bu, tarixi bir məqamdır. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular və bu amil regionlarımızda müsbət proseslərin Özbəkistan ilə Azərbaycan arasında olan səmərəli əməkdaşlıqdan asılılığını bir qədər də gücləndirəcək.

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
sesqazeti.az

10Mənbələr