AZ

Gənclərin daha çox tanıdığı TİKTOKERLƏR: “Azərbaycanda oxumaq deyəndə…”

“Bu gün Azərbaycanda hamıdan yaxşı yaşayan müğənnilər, şou-biznes əhli, ölkəmizdə davamlı olaraq vitrində olanlar isə tiktoker və yutuberlərdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda gənclərin ziyalıları, alimləri az, tiktoker və yutuberləri çox tanımasının səbəbləri haqda danışan Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

 

Onun sözlərinə görə, indiki gənclər virtual təmasa daha çox üstünlük verirlər:

“Bu zaman isə platforma olaraq seçimləri sosial şəbəkələr olur. Tanınmış ziyalılar, alimlər isə sosial şəbəkələrdə mövcudluğa bir o qədər də maraq göstərmir. Bəzən mənə elə gəlir ki, Azərbaycanda gənc nəsillə orta nəsil arasında rabitə itib. Gənc nəsil canlı təmasdan yayınır, virtual münasibətlərə daha çox üstünlük verir və bu zaman da sosial şəbəkələrin imkanlarından yararlanır. Yaşlı nəsil isə canlı təmasa üstünlük verir, sosial şəbəkələrdə, virtual müstəvidə bir o qədər də fəallıq göstərmir. Düşünürəm ki, bəzi gənclərin ziyalıları, yazıçıları alimləri tanımamasının əsas səbəbi də elə budur. Digər bir səbəb isə gənclər yaxşı yaşayan, vitrində olan, yaxşı pul qazanan şəxslərə bənzəmək, onların yolu ilə getmək istəyirlər”.

S.Verdizadə qeyd edib ki, təəssüf ki, bu gün Azərbaycan ziyalısı, ölkəmizdə alim sinfi heç də yaxşı yaşamır:

“O cümlədən, gənclərə örnək olacaq nəslin intellektual göstəricilərini kənara qoysaq, digər göstəricilərinə görə gəncləri cəlb edə bilmirlər. Bu gün Azərbaycanda hamıdan yaxşı yaşayan müğənnilər, şou-biznes əhli, ölkəmizdə davamlı olaraq vitrində olanlar isə tiktoker və yutuberlərdir. Buna görə də gənclər onları daha çox tanıyır. Əvvəllər də dediyim kimi, ölkəmizdə oxumaq deyəndə insanların ağlına kitabdan əvvəl mikrafon gəlir. Nə qədər ki, ölkəmizdə “oxumaq” sözü “mahnı oxumaq”la assosasiya olacaq, gənclər də dəyərli ziyalıları, alimləri yazıçıları tanımayacaq. Düşünürəm ki, bu məsələdə televiziyaların, saytların ümumilikdə KİV-in müəyyən qədər günahı, məsuliyyəti var. Təəssüflər olsun ki, biz ziyalılarımızı televiziya ekranlarında, saytların səhifələrində də az görürük”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
19
yenicag.az

10Mənbələr