AZ

Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

 

AzEdu.az xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub.

 

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3715 nəfər daha çoxdur. Bu il həmçinin dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 2523 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.

 

Xatırladaq ki, ixtisas seçimindən öncə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən canlı yayımlar zamanı müsabiqə vəziyyəti təhlil olunmuşdu və ixtisas qrupları üzrə abituriyentlərin topladıqları ballara əsasən şansları qiymətləndirilmişdir. Müsabiqənin nəticələrinə fikir verdikdə qrup və ixtisaslar üzrə vəziyyətin necə formalaşacağı – müəyyən ixtisaslar üzrə keçid ballarının ötən illə müqayisədə yüksələcəyi ilə bağlı proqnozların özünü doğrultduğunu görə bilərik.

 

Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98.29%). Burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir. Ən çox subbakalavr (3549 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup üzrə də subbakalavrların imkanları var idi və 3053 nəfər qəbul olunub. I, III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.37%, 97.38%, 89.96% və 92.20% dolub.

 

Məlumat üçün qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.

 

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox, o cümlədən 8 ali təhsil müəssisəsində (Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası)  100 % dolub. 

 

İlk dəfə qəbul aparılan Qarabağ Universitetinin plan yerləri 98.57%, Türkiyə – Azərbaycan Universitetinin plan yerləri 96.67%, İtaliya – Azərbaycan Universitetinin plan yerləri 95.52% dolub.

 

Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul olunublar. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı da artıb və ötənilki göstəricidən 695 nəfər daha çoxdur. Subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texniki Universiteti (584), Mingəçevir Dövlət Universiteti (569 nəfər) Azərbaycan Texnologiya Universitetinə (527 nəfər) və Lənkəran Dövlət Universitetinə (505 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.84%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 43.52%-nin subbakalavrlar olduğunu görərik.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

 

Avqustun 28-dən sentyabrın 2-dək isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
azedu.az

10Mənbələr