AZ

Rusiya Ukraynada oteli vurub, ölənlər var

Avqustun 27-də Rusiyanın Ukraynaya qarşı kütləvi dron və raket hücumunda azı dörd nəfər həlak olub, bir neçə nəfər yaralanıb, yaxud itkin düşüb. Dnepropetrovsk vilayətində yerləşən Krivoy Roq şəhərində otelə də zərbə endirilib. Bu hücumların gerçəkləşdirildiyi bir vaxtda BMT-nin nüvə agentliyinin başçısı Rafael Qrossinin Rusiyanın Kurskdakı atom elektrik stansiyasına (AES) səfər edəcəyi gözlənilir. Avqustun 6-da Ukrayna qüvvələri Kurskda girib. Dnepropetrovsk qubernatoru Sergey Lısak avqustun 27-də Telegram-da yazıb ki, ötən gecə Krivoy Roqda otelə raket zərbəsində bir kişi və bir qadın öldürülüb. “Beş nəfər yaralanıb, 43 yaşlı bir qadının vəziyyəti ağırdır”, – Lısak əlavə edib. O, iki nəfərin taleyinin naməlum olduğunu, onların hələ də dağıntılar altında qala biləcəyini yazıb. Qubernator hücumda dörd çoxmərtəbəli binanın, bir neçə mağazanın da ziyan gördüyünü, Nikopol şəhərinin də hücuma məruz qaldığını bildirib. Yerli rəsmilər ötən gecə cənubdakı Zaporojye vilayətinə Rusiya zərbələrindən iki nəfərin həlak olduğunu deyirlər. Havadan müdafiə sistemləri Kiyevə hücum edən 15 dronun hamısını vurub, – paytaxt administrasiyası bildirib. 27 avqust hücumu Ukraynanın bütün ərazisində hava həyəcanının işə salınmasına səbəb olub. Hava Qüvvələri avqustun 27-nə keçən gecə 60 dronun və beş raketin hamısının vurulduğunu bildirib. Jitomir, Vinnitsa, Xmelnitski və digər vilayətlərə də dron və raket hücumları barədə xəbərlər gəlib. Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Qrossi Twitter-də yazıb ki, Kursk AES-də vəziyyəti dəyərləndirmək üçün oraya gedir. “Vəziyyətin ciddiliyini nəzərə alaraq sabah Rusiyadakı Kursk Atom Elektrik Stansiyasına yollanacaq missiyaya şəxsən başçılıq edəcəyəm”, – Qrossi yazıb. Bu stansiya Ukrayna ilə sərhədin 60 kilometrliyində, Seym çayı sahilində yerləşir. Son üç həftədə bu ərazidə ağır döyüşlər gedir. Avqustun 26-da Rusiya qüvvələri Ukrayna ərazisində azı 200 dron və raket atıb, azı yeddi nəfər həlak olub, enerji infrastrukturuna ziyan dəyib. ABŞ prezidenti Co Bayden (Joe Biden) hücumu pisləyib. Ukrayna prezidenti Volodimir Zelenski isə ölkəsinin qlobal müttəfiqlərini “qətiyyətli” addım atmağa, Kiyevə Qərbin verdiyi silahlarla Rusiyanın dərinliklərində hərbi hədəflərə vurmasına icazə verməyə çağırıb. “Terrorçuların heç bir məhdudiyyəti olmadığı halda, Ukraynanın uzaqmənzilli qabiliyyəti məhdudlaşdırıla bilməz”, – Zelenski vurğulayıb. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
8
xural.com

8Mənbələr