AZ

Aİ rəsmiləri bunu etiraf edirlər

"Avropa İttifaqı (Aİ) 2024-cü ilin mart ayına qədər Ukraynaya 1 milyon artilleriya mərmisi verə bilməyəcək".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Aİ müdafiə nazirlərinin sammitində deyib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cosep Borel isə söyləyib ki, Ukraynaya daha çox silah-sursat verilməlidir. Onun sözlərinə görə, bunun müqabilində digər ölkələrə ixrac azaldılmalıdır.

Estoniyanın müdafiə naziri Hanno Pevkur isə vurğulayıb ki, Aİ rəsmi Kiyevin ehtiyaclarını ödəmək üçün daha çox iş görməlidir: "Aİ ildə maksimum 700 min patron istehsal edir. Bu, Ukraynanı təchiz etmək üçün kifayət etməyə bilər".

Qeyd edək ki, bu ilin mart ayında Aİ-yə üzv ölkələr gələn il ərzində Ukraynaya 1 milyon döyüş sursatı göndərmək qərarına gəliblər.

Bu yaxınlarda mətbuata Aİ-nin vədinə əməl etmədiyi barədə məlumatlar sızdı. Bunu daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitro Kuleba da təsdiqləyib.

O, açıq şəkildə söyləyib ki, Aİ 2024-cü ilin martına qədər Ukraynaya bir milyon artilleriya mərmisi tədarük etmək planını yerinə yetirə bilməyəcək:

"Suallar çoxdur. Hesab edirəm ki, bu problemin səbəbi Aİ-nin Ukraynanı dəstəkləmək üçün siyasi iradəsinin olmaması deyil. Belə bir siyasi iradə var. Lakin müdafiə sənayəsinin acınacaqlı durumu buna mane olur. Çoxlu maneələr var".

Nazir Aİ-ni bütün maneələri aradan qaldırmağa və həmrəyliyə çağırıb.

Ümumiyyətlə, son zamanlar müxtəlif mənbələr Qərbin Ukraynaya dəstəyinin azalacağı barədə fikirlər səsləndirirlər. C.Borel də bu günlərdə açıq şəkildə bildirmişdi ki, ABŞ Kiyevə dəstəyi azaldacaq.

Müharibənin ilk aylarından fərqli olaraq hazırda Ukraynaya dəstəklə bağlı kollektiv Qərbdə həmrəylik yoxdur. Əksinə, ABŞ-la Aİ arasında ziddiyət açıq şəkildə hiss olunur. Bu, Ukraynanın gələcəyi üçün yaxşı heç nə vəd etmir.

Milli.AZ

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
418
50
milli.az

10Mənbələr