AZ

Obama:"Harrisin prezidentliyinə hazırıq"

Bu sözləri ABŞ-nin sabiq prezidenti Barak Obama Çikaqo şəhərində keçirilən Demokratlar Partiyasının Milli Qurultayının ikinci gecəsinin yekun nitqində söyləyib.

O, bir tərəfdən vitse-prezident Kamala Harrisin partiyadan prezidentliyə namizədliyini dəstəkləyib, digər tərəfdən isə rəqibi Donald Trampı sərt tənqid atəşinə tutub.

"Daha 4 il içi boş təmtərağa, bacarıqsızlığa və xaosa (Trampın hakimiyyəti dövrünü nəzərdə tutur - red.) ehtiyacımız yoxdur. Bu filmi əvvəllər görmüşük və hamımız bilirik ki, davamı, adətən, lap pisdir. ABŞ yeni səhifəyə, daha yaxşı hekayəyə hazırdır. Kamala Harrisin prezidentliyinə hazırıq", - Obama vurğulayıb.

O diqqətə çatdırıb ki, Harris seçiləcəyi təqdirdə "o, ABŞ-də həm ilk qadın, həm də ilk qaradərili qadın prezident kimi tarixə düşəcək". Dinləyicilər Obamanın sözlərinə dəstək naminə "Bəli, o (Kamala Harris - red.), o bacarar!" ifadələri ilə bir ağızdan ucadan söyləyiblər.

"Fürsətimiz var ki, ABŞ-nin ona verdiyi nemətləri hər bir vətəndaşa da vermək üçün həyatı boyu çalışan bir şəxsi prezident seçək. Sizi görən, eşidən, hər gün ayağa qalxıb sizin üçün döyüşməyə hazır bir nəfər: Amerika Birləşmiş Ştatlarının növbəti prezidenti Kamala Harris!", - dinləyənlər Obamanın bu iddialı ifadələrini də gurultulu alqışlarla qarşılayıblar.

Sabiq lider həmçinin Prezident Co Baydenə, onun fəaliyyətinə qarşı öz hörmətini də dilə gətirib.

"Tarix Co Baydeni böyük təhlükə astanasında demokratiyanı qoruyan prezident kimi xatırlayacaq. Onu "prezidentim" adlandırmaqla fəxr edirəm, ancaq "dostum" deməkdən daha çox qürur duyuram", - Obama deyib.

Firudin Həmidli
AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
azvision.az

10Mənbələr