AZ

Dünya 60-cı illərə GERİ QAYIDIR – “Nüvə müharibəsi başlayarsa...”

Son zamanlar dünyanın super gücləri artıq bir-birini nüvə müharibəsilə təhdid etməyə keçib. Rusiya artıq taktiki nüvə silahlarının təlimlərini keçirib. Bu günlərdə Böyük Britaniya baş nazir Sunakın timsalında nevə təhdidinin real olduğunu etiraf edib. 

Son məlumatlara görə isə, ABŞ da ölkənin ən böyük qeyri-nüvə bombası olan "GBU-57"-nin istehsalını artırır. Belə ki, ABŞ hərbi rəhbərliyi Oklahoma ştatının cənub-şərqində ordu zavodunun genişləndirilməsi layihəsini hazırlayıb.

Zavod 2024-cü ilin payızına qədər pik nöqtəsinə çatmalıdır. Burada yüksək dəqiqliyə malik “GBU-57” bombası istehsal ediləcək. Sözügedən bomba “Massive Ordnance Penetrator” adi ilə də tanınır.

Partlamazdan əvvəl 61 m dərinliyə qədər yerə nüfuz edə bilən bomba güclü şəkildə möhkəmləndirilmiş yeraltı hərbi obyektləri məhv etmək üçün nəzərdə tutulub.

Görünən odur ki, beynəlxalq vəziyyətin kəskinləşməsi fonunda ABŞ da anti-nüvə istehsalını artırır. 

Nüvə savaşı ehtimalı gün keçdikcə daha da artır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirir ki, qarşı-qarşıya duran tərəflərin nüvə silahına əl atacaqları inadırıcı deyil: 

“Dünyada mövcud olan nüvə başlıqları yer kürəsini dəfələrlə məhv etməyə kifayət edir. Amma hazırkı vəziyyətdə nüvə təhdidi istiqamətində səslənən fikirlər daha çox Karib böhranı dövrünü xatırladır. Sadəcə olaraq, indiki halda proses tamamilə fərqli forma alıb. Amerikanın Ukraynadakı mövqelərinin güclənməsi ABŞ-la Rusiya arasında əvvəlcə hibrid, ardınca da açıq müharibənin başlanmasına səbəb oldu. 

Bu gün Ukraynadakı müharibə faktiki olaraq ABŞ-la Rusiya arasında gedən müharibədir. Lakin tərəflərin nüvə başlıqlarından istifadə etməklə qarşıdurmaya gedəcəyi gözlənilmir.

Sadəcə olaraq, tərəflər bir-birinə əzələ nümayiş etdirir. Bu həm də həmin ölkələrin daxili auditoriyasına hesablanan açıqlamalardır. Həm Amerika, həm Rusiya və digər ölkələr də yaxşı bilir ki, nüvə silahından istifadə planetimizin məhvi demək olacaq. 

Nüvə silahından istifadə yaxın dövrlərdə mümkünsüzdür. Amma unutmaq lazım deyil ki, nüvə silahı olmasa da, onun yarı gücü qədər mövcud olan silah və raketlər bir sıra istiqamətlərdə canlı aləmi sıradan çıxarmağa kifayət edir”. 

Rüfət Sultan, Bizim.Media 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
50
bizim.media

10Mənbələr