AZ

Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur - fermerlərin çıxış yolu

Güzəştli sığorta bütün məqamları nəzərə alırmı? Dövlət 41 növ bitkinin sığortasına dəstək verir, sığorta haqqının yarısını qarşılayır

Aprel-may aylarında Azərbaycan ərazisində müşahidə edilən anomal hava şəraiti ölkənin kənd təsərrüfatına ciddi zərər vurmaqdadır. Aprel ayının ilk yarısında müşahidə olunan isti küləklər xüsusilə şimal bölgəsində ağacların çiçəyini yandıraraq, bar tutumunu dəfələrlə azaldıb. Sosial şəbəkələrdə Quba-Qusar-Xaçmaz bölgəsindən yayılan görüntülərdən aydın olur ki, əsasən gilas, gilənar kimi meyvələrin çiçəklərinin ləçəkləri vaxtından əvvəl qaralıb, çiçəklərdə bar tutumuna imkan olmayıb. Bir çox fermerlər bölgədə meyvə istehsalının kəskin azalacağını bildirirlər. 

Aprelin sonlarından başlayan və indi də davam edən kəskin yağıntılı, soyuq hava şəraiti bu dövrdə çiçəkləyən payızlıq meyvələrə, taxıl, tərəvəz, bostan əkinlərinə böyük zərər vurur. Bundan əlavə, bir çox rayonlarda əkin sahələri sel sularının altında qalır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mayın 15-də açıqladığı məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, ara-bir yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 12, dağlıq rayonlarda 0-4 dərəcə isti olub. Nazirlik bildirir ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.

Davamlı yağışlar taxılın çiçək dövrünə təsadüf etdiyinə görə fermerlər məhsulun az olacağını gözləyirlər. Bundan əlavə, yağıntılı hava şəraiti kartof, tərəvəz, bostan əkinlərini zərərvericilərə qarşı vaxtında dərmanlamağa imkan vermir. Yağıntılı hava yalnız bitkiçiliyə deyil, arıçılığa da zərər vurur. Belə ki, yağış arı ailələrini “işləməyə” qoymur, ailələr məhv olur, xəstəliklər qazanırlar. 

Onu da qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatında aqrar sığorta mexanizmi tətbiq olunur. Dövlət 41 növ bitkinin sığortasına dəstək verir: sığorta haqqının yarısını qarşılayır. Rəsmi məlumata görə, bu ilin yanvar-mart aylarında Aqrar Sığorta Fondu (ASF) tərəfindən sığortalı fermerlərə təsərrüfatlara dəymiş zərərlər üzrə 1 milyon 752 min manat sığorta ödənişi edilib.

“Yeni Müsavat”ın fonda istinadən verdiyi məlumata görə, sığorta ödənişlərinin 1 milyon 434 min manatı bitkiçilik, 318 min manatı heyvandarlıq üzrə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləği 2,2 dəfə artıb. Bitkiçilik üzrə sığorta ödənişləri 2,5 dəfə, heyvandarlıq üzrə ödənişlər isə 42  faiz yüksəlib.

Xatırladaq ki, 2023-cü ili yanvar-mart aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə ümumilikdə 799 min manat sığorta ödənişi edilib.

Bu ilin I rübündə ASF tərəfindən 323 min hektar əkin sahəsi və 882 baş kənd təsərrüfatı heyvanları sığortalanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 22 min hektar və ya təqribən 7 faiz artıb. Hesabat dövründə bitkiçilik sığortası üzrə 6 milyon 815 min manat, heyvandarlıq təsərrüfatlarının sığortası üzrə 537 min manat olmaqla, ümumilikdə 7 milyon 352 min manat sığorta haqqı toplanıb. Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri payızlıq buğda və payızlıq arpa sahələri, eləcə də fındıq bağları olub. Sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatının həcmi 255 milyon manatdan artıq olub.

I rübdə ən çox sığorta ödənişləri fırtına, dolu və subasma hadisələri üzrə həyata keçirilib. Regionlar üzrə ən çox sığorta ödənişləri Füzuli, Şəki və Ağdam rayonlarındakı təsərrüfatlarda olub.

Bu günlərdə Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələrinin artması ilə əlaqədar olaraq sığortalı fermerlərə müraciət edib. Müraciətdə əkinlərini və təsrrüfatlarını sığorta etdirmiş fermerlərdən təbiət hadisələrinin təsərrüfatlara vurduğu zərər barədə operativ şəkildə Aqrar Sığorta Fonduna məlumat vermək xahiş olunur: “Sığorta müqavilələrinə əsasən, fermer hadisə baş verdikdən keçən 10 gün ərzində Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə məlumat verməlidir. Təsərrüfatlara zərər dəyməsi barədə müraciətlərin vaxtında edilməsi dəymiş zərərin qısa zamanda və dəqiq dəyərləndirilməsinə imkan verir, həmçinin hadisələrin araşdırılması və ödənişlərin həyata keçirilməsi prosesini sadələşdirir”.

Mayın 4-dən başlayaraq 8-dək Fondun Çağrı mərkəzinə 10 rayon üzrə 30 müraciət daxil olub. Müraciətlər Kürdəmir, Beyləqan, Ağcabədi, Biləsuvar, Zərdab, Quba, Qusar, Xaçmaz, İmişli, Tovuz rayonlarında fəaliyyət göstərən fermerlər tərəfindən edilib və arpa, buğda, pambıq əkinləri alça və gilas bağlarını əhatə edir.

Hazırda fermerlərin müraciətlərinə əsasən hadisədən zərər çəkən təsərrüfatlara aqrar sığorta ekspertləri ezam edilir. Aqrar sığorta ekspertləri sığortalanmış təsərrüfatlara dəyən zərəri müəyyənləşdirmək üçün ilkin qiymətləndirmə həyata keçirəcəklər.

Xatırladaq ki, bu ilin ilk rübü ərzində Aqrar Sığorta Fondu tərəfindən fermerlərə dolu hadisələri üzrə 503 min manat, sel-subasmaya görə isə 101 min manat sığorta ödənişi edilib.

ASF bu ildən etibarən pambıq əkini ilə məşğul olan fermerlər üçün pambıq sahələrinin yağışdan sığortalanmasını baza zərfinə aid edib. Fondun yaydığı məlumata görə, Azərbaycanda kənd təsərrüfatında mühüm bitkilərdən sayılan pambıq sahələrinin sığortası mövsümü başlayıb: “Pambıq Azərbaycan iqtisadiyyatında, o cümlədən ölkədən ixracda əhəmiyyətli paya malikdir. Azərbaycanda təqribən 100 min hektara yaxın ərazidə pambıq yetişdirilir, bu sahədə 200 min nəfərdən çox əhali çalışır. Ölkədə pambıq 20-yə yaxın rayonda əkilir, ən çox pambıq becərilən rayonlar Saatlı, Ağcabədi, Sabirabad, Beyləqan və İmişlidir. Eyni zamanda pambıq Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında ilk beşlikdədir.

Sərfəli bitki olması ilə yanaşı, pambıq həm də təbiət hadisələrinə qarşı həssasdır. Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-subasma, qasırğa, fırtına, leysan yağışları, ildırım vurması, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallar aiddir. Dövlətin sığorta haqqına göstərdiyi 50 faizlik dəstək sayəsində fermerlər pambıq sahələrini cüzi məbləğ ödəməklə sığorta edə bilərlər. Pambıq əkini ilə məşğul olan fermer və təsərrüfatlar əkinlərini bəyan etdikdən sonra sığorta üçün müraciət etməlidir".

Fond məlumat verir ki, hər il baş verən təbiət hadisələri pambıq sahələrinə zərər vurur. Belə ki, 2022-2023-cü illərdə Yevlax, Saatlı, İmişli, Ağcabədi, Sabirabad və Bərdə rayonlarında sel-subasma, yağış, Ağdam və Ağcabədi rayonlarında isə dolu hadisələri pambıq sahələrinə böyük zərər vurub: “Bu il fermerlər üçün mühüm yenilik baza sığorta zərfinə yağış riskinin də əlavə edilməsidir. Belə ki, indiyədək pambıq əkini ilə məşğul olan fermerlər leysan yağışları üzrə sığortanı ayrıca əldə etməli idilər. Bəzən fermerlər məlumatsızlıqdan və ya bu riskin o qədər də təhlükəli olmadığını düşünərək sahələrini leysan yağışlarından sığortalamağa maraq göstərmirdilər. Bununla yanaşı, ötən il güclü yağışlar pambıq sahələrinə və fermerlərə böyük zərər vurub. Bunu nəzərə alaraq 2024-cü ildən etibarən pambıq əkinləri üçün yağış riski də baza zərfinə əlavə edilib. Nəticədə pambıqçı fermerlər baza zərfi ilə sığortalandıqda yağış riskindən də qorunmuş olacaqlar. Məsələn, pambığın ən çox yetişdirildiyi Mil-Muğan, Mərkəzi Aran və Salyan-Şirvan iqtisadi rayonlarında 1000 manatlıq pambığın sığortalanması üçün hesablanmış sığorta haqqı 14,2 manatdır, fermer bu məbləğin yarısını - 7,1 manatını ödəməklə öz məhsulunu sığortalayır. Məbləğin qalan yarısını fermerə dəstək üçün dövlət özü ödəyir”.

Göründüyü kimi, Azərbaycanda aqrar sığorta mexanizmi hava şəraiti ilə bağlı çoxsaylı hallarda vurulan zərərə görə güzəştli sığortalanmanı əhatə edir. Lakin şimal bölgəsi fermerlərinin dediyinə görə, sığorta məhvolma halına görə ödənilir. Məhsuldarlığın azalmasına gətirən hallar - məsələn, aprel ayında müşahidə olan anomal isti küləklərin təsirinə görə sığortalanma aparılmır. 

Bundan əlavə, hələlik güzəştli sığorta arıçılıq sahəsini əhatə etmir. Bu ilin fevralında Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri ilə ASF rəhbərliyinin görüşü keçirilib, arı ailələrinin güzəştli sığorta mexanizminə daxil edilməsi müzakirə olunub. Lakin hələlik bu istiqamətdə real addımların nə zaman atılacağı mnəlum deyil.

Ümumiyyətlə, Azərbaycanda aqrar sığorta mexanizminin Türkiyə modeli əsasında qurulduğu bildirilir. Lakin Hesablama Palatasının araşdırması göstərib ki, qardaş ölkənin çox uğurla tətbiq etdiyi modelin Azərbaycanda heç də bütün müsbət tərəfləri tətbiq olunmayıb. Hesablama Palatasının aqrar sığorta fəaliyyətinin səmərəliliyinin qiymətləndirilmısi üzrə keçirdiyi auditin nəticələrində qeyd edilir ki, auditlə toplanmış sübutlar hüquqi aktların tələblərinə əməl edilməyərək risklərin, o cümlədən yaranan gəlir ve zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sisteminin formalaşdırılmadığını, sığorta xidmətlərinin hesabatlılıq öhdəliklərinə və nəzarət reqlamentlərinə əməl edilmədiyini müəyyən edib: “Aqrar sığorta fəaliyyətində baza kimi götürüldüyü bəyan edilən beynəlxalq səviyyədə təkmill sistem kimi ilk sıralarda tanınmaqla 15 ildən çox uğurlu təcrübəsi olan Türkiyənin TARSİM modelinin konseptual komponentlərindən əksəriyyətinin tətbiq edilmədiyini göstərərək, idarəetmə qərarlarının qəbulu prosesinin dövlət-özəl tərəfdaşlığına, keyfiyyət və peşəkarlıq standartlarına cavab verməyən model kimi qiymətləndirilməsinə əsas verib”.

HP əlavə edib ki, qeyd edilən amillər aqrar sığorta məhsulu üzrə bütün idarəetmə risklərini dövlətin, müvafiq öhdəlikləri isə dövlət büdcəsinin üzərində saxlamaqla aqrar sığorta bazarının sabitliyi və dayanıqlılığı baxımından mövcud modelin perpektivsizliyini səciyyələndirir.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
253
4
musavat.com

10Mənbələr