AZ

Azərbaycanın dünyaya aqrar təqdimatı

Bakı sərgilərində 38 ölkədən 500-dək şirkət iştirak edir

Son illər ölkəmizin aqrar sektorunda müşahidə olunan inkişaf meyilləri bu sahədə beynəlxalq əməkdaşlıq üçün də yaxşı imkanlar yaradır. Elə dünyanın qabaqcıl kənd təsərrüfatı ölkələrinin Azərbaycanın aqrar sektoruna, xüsusən də aqroparkların yaradılmasına sərmayə qoymağa maraq göstərmələri də bu baxımdan diqqət çəkir. 

Mayın 15-də Bakı Ekspo Mərkəzində öz işinə başlayan 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri də əməkdaşlığın genişləndirilməsi baxımından yaxşı fürsət sayıla bilər. Regionun ən böyük sərgilərində 38 ölkədən 500-ə yaxın şirkətin iştirak etməsi, 12  ölkənin  isə milli və regional stendlərlə təmsil olunması da bunu deməyə əsas verir. 

Sərginin açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektorun inkişafına hərtərəfli diqqət və qayğı göstərildiyini, ötən müddətdə bu sahədə həyata keçirilən aqrar islahatların kənd təsərrüfatının inkişafını əhəmiyyətli dərəcədə gücləndirdiyini vurğulayıb.  Qeyd olunub ki, ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), eləcə də Prezident İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar builki sərgidə ətraf mühitin qorunması, “yaşıl enerji”, resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə daha çox yer ayrılıb. M.Məmmədov, həmçinin deyib ki, Kənd Təsərrüfatı Nazirliyi olaraq iqlim dəyişkliyinin təsirlərini minimuma endirmək və fəaliyyətin təşkilində iqlim risklərinin qiymətləndirilməsi istiqamətində təşəbbüslər irəli sürülür.

Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin intensiv inkişaf etdiyini, ölkəsinin Azərbaycanla aqrar sahədə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Belarusun 42 şirkətinin sərgidə iştirak etdiyini deyən İqor Petrişenko bu sərgilərin hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı daha da gücləndirəcəyini diqqətə çatdırıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, son illər ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin olunması ilə yanaşı, bu məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını da genişləndirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək sərgilərin kiçik və orta biznes subyektlərinin (KOB) satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasında önəmini qeyd edib. Qeyd olunub ki, kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır. Onun dediyinə görə, agentlik bu sektorlarda fəaliyyət göstərən kiçik və orta biznes subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev rəhbərlik etdiyi qurumun qeyri-neft ixracının stimullaşdırılması çərçivəsində və “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması məqsədilə sahibkarların beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirakını təmin etdiyini diqqətə çatdırıb. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki nümayəndəsi Muhammad Nasar Hayat  sərginin Azərbaycanın aqrar-sənaye sektorunda görülən innovativ işlərin dünyaya nümayiş etdirmək üçün imkan yaratdığını qeyd edib. FAO rəsmisi aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi və aqrar sahənin inkişafı istiqamətində tədbirlərə dəstək verməyə hazır olduqlarını bəyan edib.

Xatırladaq ki, ənənəvi sərgilər kənd təsərrüfatı və qida sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayır. Yeri gəlmişkən, builki sərgilərdə Azərbaycanla yanaşı, Almaniya, Amerika, Belarus, Belçika, Çexiya, Çin, Cənubi Koreya, Estoniya, Əfqanıstan, İspaniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İran, İsrail, İsveç, İsveçrə, İtaliya, İndoneziya, Latviya, Misir, Niderland, Özbəkistan, Pakistan, Polşa, Qazaxıstan, Rusiya, Serbiya, Slovakiya, Tailand, Türkiyə, Türkmənistan, Şri-Lanka, Venesuela, Yaponiya və Yunanıstandan olan şirkət iştirak edir. Ümumilikdə, kənd təsərrüfatı və qida sənayesi üçün xüsusi əhəmiyyət daşıyan sərgilərdə ötən illə müqayisədə 10 faiz artım müşahidə olunur. Ölkəmizə gəldikdə isə, iştirakçıların 30 faizindən çoxu “Made in Azerbaijan” brendi altında məhsullarını təqdim edən yerli şirkətlərdir.

Almaniya, Belarus Respublikası, Gürcüstan, Çex Respublikası, Əfqanıstan, İtaliya, Niderland Krallığı, Koreya, Polşa, Şri-Lanka, İndoneziya, Özbəkistan milli qrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarını nümayiş etdirirlər. Bu il Türkmənistan və Venesuela sərgidə ilk dəfə iştirak edir. Sərgilərdə yeni ölkələrin iştirakı isə kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın coğrafiyasını və miqyasını genişləndirir, təcrübə və texnologiyalar mübadiləsi üçün yeni perspektivlər açır.

 “Caspian Agro” sərgisinin əsas bölmələrinə kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi daxildir.

“Caspian Agro” ilə yanaşı, Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan”da isə Belarus, Çin, Hindistan, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Şri-Lanka, Tayland, Türkmənistan, Türkiyə və Venesueladan olan şirkətlər də təmsil olunurlar. Vahid platformada dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət məmulatları, süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim edilir. 

Göründüyü kimi, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, müasir texnika və texnologiyaların, eləcə də qabaqcıl təcrübənin ölkəmizə gətirilməsinə imkan yaradır. Ən başlıcası isə belə sərgilər iştirakçıların öz məhsullarının real satışını həyata keçirmək, şirkətləri üçün distribütorlar və nümayəndələr tapmaq baxımından əlverişli fürsət məkanı sayıla bilər. 

Mirbağır YAQUBZADƏ 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
50
xalqqazeti.az

10Mənbələr