AZ

“Çexiya prezidenti Rusiyanı inandırmağa çalışsa da, Ukraynanın NATO-ya üzvlük məsələsi...” - Pərviz Mirizadə

Çexiya Prezidenti Petr Pavel bildirib ki, Vaşinqtonda keçiriləcək sammit iştirakçıları Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar qəbul etməyəcəklər: “Buna baxmayaraq, daha çox ölkə ikitərəfli sazişlərlə Ukraynaya təhlükəsizlik zəmanəti verəcək. Deyək ki, bu, üzvlük yolunda addımdır. Bu gün heç kim Ukraynanın gələcəkdə NATO üzvü olmasını inkar etmir. Lakin biz ruslara başa salmalıyıq ki, Ukraynanın NATO-ya üzv olması Rusiya üçün birbaşa təhlükə yaratmır”.

Qeyd edək ki, NATO-nun sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.

Mövzu ilə bağlı Herbiand.az-a açıqlama verən AVP sədirinin Beynəlxalq məsələr üzrə köməkçisi Pərviz Mirizadə bildirib ki, Rusiyanın genişmiqyaslı hücumuna məruz qalan Ukrayna rus işğalı fonunda iki ildən artıqdır ki, öz mövcudluğu uğrunda mübarizə aparır:

“Rəsmi Kiyev kollektiv Qərbin hərbi-siyasi dəstəyi əsasında ölkə  müdafiəsini təşkil etməyə çalışarkən, Rusiya ordusu Xarkov istiqaməti və bütün cəbhə boyu hücumlarının şiddətini daha da artıraraq  ölkənin içərilərinə doğru irəliləməyə davam edir. Şimal qonşumuzun intensiv zərbələrinə məruz qalan Ukrayna üçün indi əsas məsələ Qərbdən göstərilən dəstəyin davamlılığını təmin etməkdir. Ötən il əks-hücum əməliyyatlarında hər hansı bir ciddi nəticə əldə etməyi bacarmayan Ukrayna rəhbərliyi yaxşı bilir ki, müharibənin uzanması bəzi Qərb ölkələri və siyasi dairələri arasında fikir ayrılıqlarını daha da dərinləşdirir.  Buna nümunə olaraq, ABŞ-da fəaliyyət göstərən “Müdafiə Prioritetləri” Analitik Mərkəzinin siyasət üzrə direktoru Benyamin Fridmanın fikirləri maraq doğurur. Fridman hesab edir ki, ABŞ Ukrayna üçün “təhlükəsizlik qarantı” rolunu oynamaqdan əl çəkməlidir. İstər indiki vəziyyətdə, istərsədə də NATO-ya üzv olacağı zaman Ukrayna öz ərazi bütövlüyünü, xalqının təhlükəsizliyini müdafiə etmək gücündə olmalıdır. Göründüyü kimi, ABŞ və Avropada bu tip fikirlər artıq tez-tez səsləndirilməyə başlanılıb. Çexiya prezidenti Petr Pavelin NATO-nun Vaşinqtonda keçirilməsi planlaşdırılan sammitindən öncə Ukraynanın alyansa üzvlüyü ilə əlaqədar fikirlər səsləndirməsi də NATO-nun yaxın gələcəkdə Ukraynanı ittifaqa üzv qəbul etməkdə tələsmədiyinin göstəricisidir. İndiki məqamda Ukraynanın ittifaqa üzvlük məsələsinin təhlükəsizlik zəmanəti ifadəsi ilə əvəz olunması hesab edirəm ki, doğru yanaşmadır və müharibənin coğrafiyasının genişlənməsinin qarşısını almaq üçün deyilir”.

Ekspertin sözlərinə görə, Prezident Petr Pavelin rəsmi Kiyevin alyansa üzvlüyünün Rusiya üçün təhlükə yaratmayacağı fikrini səsləndirməsi bir neçə amillə əsaslandırıla bilər:

“Birinci, Avropa ölkəri Moskva ilə münasibətləri daha da gərginləşdirmək istəmir. İkinci, Rusiyanın Şərqi Avropada aktivliyini artırması növbəti münaqişə ocaqlarının sözügedən bölgədə yaranması risqini yüksəltdiyi üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zərurəti yaranır. Üçüncü, müharibə səbəbindən yaranan problemlərin birlik ölkələrinin iqtisadiyyatlarına mənfi təsirləri artmaqda davam edir. Dördüncü, şişirdilmiş Rusiya təhlükəsi fikri qitə dövlətlərinin təhlükəsizik qayğılarını və ABŞ-dan asılılığını durmadan artırır. Çexiya prezidenti məlum arqumentlər fonunda Rusiyanı inandırmağa çalışsa da, hesab edirəm ki, Kreml rəhbərliyi bu çıxışa o qədər də diqqət ayırmayacaq. Çünki mövcud reallıqlar, Ukraynanın NATO-ya üzvlük məsələsi və NATO-nun genişlənmə strategiyası Rusiya üçün təhlükə olaraq qalmaqda davam edir. Halbuki, alyans rəhbərliyi artıq əsas təhlükə olaraq Rusiyanı yox, Çini qəbul edir və atılan addımlarında bu istiqamətdə olması gözdən yayınmır. Ancaq Kreml rəhbərliyi müharibəni əsaslandırmaq və xalqa hesabat xarakterli də olsa bu tezisləri aktual olaraq saxlamaqda davam edəcək”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
236
40
herbiand.az

10Mənbələr