AZ

Azərbaycan inkişafa töhfə verir

“Azərbaycan strateji tərəfdaşlarının sayını artırır. Xüsusilə də dünyanın ikinci siyasi-iqtisadi güc mərkəzi sayılan Avropa İttifaqı (Aİ) ölkələrilə ikitərəfli münasibətlərimizin strateji səviyyəyə yüksəlməsi prosesi uğurla davam edir. Mayın 7-də Slovakiya ilə strateji tərəfdaşlıq haqqında, bir gün sonra isə Bolqarıstan ilə strateji tərəfdaşlığın gücləndirilməsi barədə bəyannamələr imzalandı. Bu sənədlər “Köhnə qitə”də bəzi ölkələrin Azərbaycana qarşı siyasət yürütməyə çalışmalarının fonunda Slovakiya və Bolqarıstanın Bakı ilə əlaqələrini gücləndirmək yolunu tutmaları ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini bir daha təsdiqləyir. Slovakiyanın Baş naziri Robert Fitsonun Bakıya səfəri zamanı iki ölkə arasında əməkdaşlığın yaxın gələcəkdə inkişaf vektorunu daha çox əks etdirən bir sıra ikitərəfli sənədlər imzalandı. Prezident İlham Əliyev və Baş nazir Robert Fitso Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə və hərbi-texniki əməkdaşlıq sahəsində anlaşma memorandumu və müdafiə nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalandı. Sadalanan sənədlərdən göründüyü kimi, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq Bakı və Bratislavanın ikitərəfli münasibətlərində mərkəzi yerlərdən birini tutur. Əslində, bu, heç də təsadüfi deyil. Ona görə ki, Slovakiyanın inkişaf etmiş hərbi sənaye kompleksi var və keyfiyyətli zirehli texnika, artilleriya və atıcı silahlar, habelə sursatların istehsalı və yığılması üçün əhəmiyyətli potensiala malikdir. Rusiya-Ukrayna müharibəsi və Avropa ölkələrinin silahlanmasının artması fonunda Slovakiya güclü maliyyə dayaqları olan ölkələrlə əməkdaşlığa maraq göstərir. Belə varlı silah alıcılarından biri də Azərbaycandır. Bakı ağır hərbi sənaye üçün Slovakiyanın təcrübəsi olan tam texnoloji bazanın yaradılmasında maraqlıdır”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməsinə baxmayaraq, hərbi potensialını gücləndirməkdə davam edir. Bunun da əsas səbəbi Ermənistanın Fransa, Hindistan və digər dövlətlər tərəfindən intensiv şəkildə silahlandırmasıdır. Bakı ilə İrəvan arasında hələ imzalanmamış sülh müqaviləsi kontekstində Ermənistanın silahlanması faktorunun özü Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır. Mümkün yeni müharibənin qarşısını almaq üçün Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyünü saxlamalıdır. Bu, Azərbaycanın daim daha güclü olmasını vacib edir. Buna görə də, Slovakiya ilə hərbi sahədə əməkdaşlıq Bakıya regionda sülhü qoruyub saxlamaq baxımından əlavə güclü amilə çevriləcək. Cənab Fitsonun Bakıya səfəri təkcə hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi ilə yekunlaşmadı. Slovakiyanın təbii qaza ehtiyacı var, Azərbaycan isə onun “mavi yanacağa” ehtiyacını ödəmək mənbəyinə çevrilə bilər. Prezident İlham Əliyev mətbuata verdiyi birgə bəyanatda enerji sahəsində əməkdaşlıqla bağlı müzakirələrin aparıldığını açıqladı. Hazırda Azərbaycanın öz təbii qazını 8 ölkəyə ixrac etdiyini qeyd edən dövlət başçısı Slovakiyanın 9-cu ölkə olacağına ümidvar olduğunu bildirdi: “Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır”. İki dövlətin liderləri müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu və bu gün cəmi 70 milyon avroya bərabər olan ticarət dövriyyəsinin həcminin əhəmiyyətli dərəcədə artdığını qeyd etdilər. Amma bu səfər zamanı diqqətçəkən əsas məqamlardan biri bundan ibarət oldu ki, dünyada baş verən hadisələrə Azərbaycan və Slovakiya liderləri ortaq siyasi baxışa malik olduqlarını sərgilədilər. Cənab Fitso “köhnə qitə”nin təkəbbürünü və “başqalarını maarifləndirmək” istəyini tənqid etdi: “Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm”. Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazır olduqlarını vurğulayan cənab Fitso xüsusilə vurğuladı ki, Slovakiya Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqında təqdim etmək istəyir. Slovakiya Baş naziri Bakıda Brüselə mesaj da ünvanladı: “Biz haqq-ədalət uğrunda mübarizə aparmalıyıq”.

Eyni sözləri Bolqarıstan barəsində də demək olar. Ölkələrimiz arasında münasibətlər çox möhkəm təməl üzərində qurulub. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bunu qarşılıqlı səfərlər, xüsusən də yüksək səviyyəli səfərlər sübut edir. Siyasi əlaqələrin möhkəmliyi Azərbaycan və Bolqarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına güclü təkan verməyə imkan verir. İki ölkə arasında 60-dan çox sənəd imzalanıb və bu, tərəflər arasında fəal siyasi dialoqun aparılmasından xəbər verir. Slovakiyadan fərqli olaraq Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar və bu illər ərzində iki ölkə arasında əlaqələr sürətlə və uğurla inkişaf edib. Ancaq indi sürətlə dəyişən dünyada əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə ehtiyac yaranıb. Bolqarıstan Prezidenti Rumen Radevin səfəri zamanı strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə imzalandı. Rəsmi Sofiya yeni geosiyasi şəraitdə də Azərbaycan ilə əlaqələrini davamlı inkişaf etdirmək kursuna sadiqliyini göstərir. Bolqarıstan hesab edir ki, güclü potensiala malik Bakı strateji bölgələrdə regional iqtisadi inkişafa töhfə verən ölkədir. Bu mövqeyi cənab Radev mətbuata açıqlamasında diqqətə çatdırdı. Azərbaycan və Bolqarıstan prezidentlərini ənənəvi dostluq, qarşılıqlı anlaşma və qarşılıqlı etimad telləri bağladığını vurğulayan cənab Radev bildirdi ki, ən yüksək səviyyədə olan siyasi dialoq Qafqaz və Qara dəniz hövzəsi ölkələrinin iqtisadi rifahı üçün yaxşı zəmin yaradır, Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Eyni zamanda, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Təkcə 2024-cü ilin birinci rübündə qarşılıqlı ticarət dövriyyəsi təxminən dörd dəfə artaraq 153 milyon ABŞ dollarına, Bolqarıstana ixracımız isə dörd dəfədən çox artaraq 146 milyon ABŞ dollarına çatıb. Hazırda Azərbaycanda 15 Bolqarıstan şirkəti fəal fəaliyyət göstərir. Bolqarıstan Azərbaycanın TOP-10 ixrac bazarı sırasındadır. Bolqarıstan və Azərbaycan Avropa İttifaqının ümumi dəyəri 2,1 milyon avro olan iki tvinninq layihəsində (Tvinninq Avropa İttifaqının institusional quruculuq aləti olaraq dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi və yardım göstərilməsi, habelə milli qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur-müəl.) birgə iştirak edib və bu, tərəflərin bir neçə istiqamətdə əməkdaşlığa və tərəfdaşlığa sadiqliyini nümayiş etdirib. Hazırda Azərbaycan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya ilə SOCAR ve qeyd olunan ölkələrin paylayıcı sistem operatorları arasında 2023-cü ildə Sofiyada imzalanmış Anlaşma Memorandumu çərçivəsində müvafiq sistemlərdən istifadə etməklə qaz təchizatı və nəqlinin praktiki aspektlərini müzakirə edir. Deputat sonda qeyd edib ki, Şərqi, Cənubi və Mərkəzi Avropada Azərbaycanla strateji tərəfdaşlıq səviyyəsində əlaqələr qurmağa çalışan tərəfdaşların sayı durmadan artır. Prezident İlham Əliyevin yürütdüyü mükəmməl siyasət sayəsində Bakı Avropa qitəsində ardıcıl olaraq öz mövqelərini möhkəmləndirir və bütün bunlar Azərbaycanın geosiyasi çəkisini artırır. yap.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
50
Mənbələr
Şərh ()
Bağla