AZ

Azərbaycan-Bolqarıstan münasibətləri dinamik inkişaf mərhələsində ŞƏRH

Beynəlxalq münasibətlər sistemində layiqli yerini tutan Azərbaycan dünya siyasətinin formalaşmasında aparıcı yer alan dövlətlərlə qarşılıqlı etimada əsaslanan əlaqələr quraraq beynəlxalq sferada diplomatik münasibətlərini uğurla inkişaf etdirir. Şərq və Qərbin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsi və əməkdaşlıq prinsipi ilə qarşılıqlı əlaqələrin qurulması Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Dövlətimizin milli maraqlar prinsipləri əsasında həyata keçirdiyi xarici siyasəti nəticəsində ölkəmizin müstəqillik təməlinin sütunları daha da möhkəmlənib. Suverənliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bir çox dövlətlərlə yanaşı, Bolqarıstanla da əlaqələrin sürətlə inkişafına öz töhfəsini verir. Azərbaycan-Bolqarıstan əlaqələri də dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Hər iki dövləti anlaşma və qarşılıqlı etimada əsaslanan əlaqələr, eləcə də ənənəvi dostluq birləşdirir. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.

Xatırladaq ki, 1992-ci ildə iki ölkə arasında qurulan diplomatik əlaqələr dinamik inkişaf edib. Dövlət başçılarının qarşılıqlı səfərləri, Azərbaycan və Bolqarıstan arasında birgə Bəyannamənin imzalanması, dövlətlərarası səhiyyə və tibb elmi sahəsində saziş və s. imzalanmışdı. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrarası əlaqələrin yüksək mərhələyə qalxmasına səbəb olub. Azərbaycan və Bolqarıstanın mədəni və siyasi-iqtisadi sahədə əməkdaşlığı, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsinə və bölgədə mövqelərinin artmasına kömək edir. Ölkələrarası səmərəli siyasi dialoq müxtəlif sahələr üzrə əlaqələrin genişlənməsinə, dərinləşləşməsinə səbəb olmuşdur.

Son illərdə Azərbaycan və Bolqarıstan arasındakı əməkdaşlıq daha da genişlənir və inkişaf edir, yeni mərhələyə qədəm qoyub. Belə ki, ölkələrarası iqtisadi əməkdaşlıq, ticarət və investisiya sahələrində əməkdaşlıq bu münasibətlərin təməlinin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu yaxınlarda mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri qarşılıqlı əlaqələrin davamı olduğunun göstəricisidir. Səfər çərçivəsində ikitərəfli münasibətlər, mövcud vəziyyət, qarşıda duran çağırışlar müzakirə olunmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev tərəfindən "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə", eləcə də dövlət başçılarının iştirakı ilə sənədlərinin imzalanması münasibətlərin inkişafında yeni bir mərhələni təşkil edir.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumun imzalanmasını vurğulamaq yerinə düşər. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bir çox ölkələri təbii qazla təmin edilməsinə imkan yaratmış olur. Azərbaycan qazının Bolqarıstana ixracı da ildən-ilə artır. Prezident İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatında bildirdiyi kimi, "Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi". Bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.

Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilən Azərbaycan qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. Cənab Prezident çıxışında onu da bildirib ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırmanın işlərin başlanması üçün gözəl zəmin olacağını vurğulayan dövlətimizin başçısı bildirib: "Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə eyni zamanda ilin sonunda COP29 konfransında da danışacağıq". Yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetiləri sırasındadır. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərə olan sadiqliyinin daha bir ifadəsidir.

Dövlətlərarası əməkdaşlıq istiqamətlərindən olan nəqliyyat sahəsi də önəmli sahələrdəndir. Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək, - deyən Prezident bu dəmir yolunun ötürmə qabiliyyətinin bir neçə dəfə artırıldığını vurğulayıb: "Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş bu layihə bu gün imkanları genişləndirilmiş şəkildə Orta Dəhlizin önəmli seqmenti kimi mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti üzrə və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək".

Müxtəlif sahələr üzrə dövlətlərarası mübadilənin gücləndirilməsi də nəzərə alınmaqla aparılan müzakirələr Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələr üzrə səmərəli münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyətli rol oynayacaqdır.

Müstəqil siyasət yürüdən Azərbaycanın regional, eləcə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri siyasi iradəsinin göstəricisidir. Əlbəttə ki, beynəlxalq aləmdə böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla dünya dövlətlərinin əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını bir daha nümayiş etdirir. Azərbaycan və Bolqarıstan arasında bu və ya digər məsələlərin müzakirəsi və imzalanan məlum sənədlər dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə yeni perspektivlər açacaqdır.

Natiq ALLAHVERDIYEV,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
471
50
sesqazeti.az

10Mənbələr