AZ

Harri Keyn: “ÇL-in finalında oynamaq üçün əla imkanımız var”

“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn “Bayer”in bu mövsüm Almaniya Bundesliqasında erkən qalibiyyətindən danışıb.

Arena.az Keynin bu barədə fikirlərini təqdim edir:

“Liqada bizim üçün məyusedici bir mövsüm oldu. “Bayer”i əldə etdiyi uğurlara görə təbrik edirəm. Bu mövsüm öz səviyyəmizə çatmamışıq. İstər UEFA Çempionlar Liqasında, istərsə də çempionatda komandaya kömək etmək istəyirəm. Şəxsən mən komandaya kömək etmək, qol vurmaq istəyirəm”, deyə Keyn vurğulayıb.

Keyn 2019-cu ildə “Tottenhem”lə UEFA Çempionlar Liqasının finalında məğlub olduqdan sonra yarışı qazanmaq üçün əlavə ruh yüksəkliyinin olub-olmadığı haqda sualı da cavablayıb:

“Finala çatanda və qalib gəlmədikdə, içinizdə bunu yenidən etmək istəyi oyanır. Bizim, Çempionlar Liqasının finalında oynamaq imkanımız var və bu, bizim üçün əla fürsətdir”.

Xatırladaq ki, “Bayern” Almaniya Bundesliqasında 29 oyuna topladığı 63 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda mövsümün sonuna 5 tur qalmış artıq çempionluğu təmin edən lider “Bayer”dən 16 xal geri qalır.

UEFA Çempionlar Liqasında isə “Bayern”i sabah İngiltərə “Arsenal”ı ilə cavab oyunu gözləyir. Komandaların Londonda keçirilmiş ilk oyununda qalib müəyyənləşməyib. Münhendə baş tutacaq cavab matçına sabah Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 39 qol vurub, 12 məhsuldar ötürmə verib.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
94
45
Mənbələr
Şərh ()
Bağla