AZ

İnsanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər - Komitə sədri

Ailə dəyərlərimizin təbliğində, qadın və uşaq hüquqlarının müdafiəsində medianın üzərinə böyük iş düşür. Lakin bəzən bu və ya digər problemin işıqlandırılması zamanı səhvlərə yol verilir. Uşaqların üzü göstərilir, ev ünvanları, əsl ad və soyadlar, oxuduqları məktəb, iş yerləri dəqiqliklə göstərilir.

Olaylar xəbər verir ki, Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mayın 3-də keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda forumda çıxışı zamanı deyib.

"Elə bu günlərdə baş vermiş bir cinayət hadisəsi ilə bağlı jurnalist orada olan uşaqlardan müsahibə götürür. Uşaqlar da bütün detalları ilə hadisəni danışırdılar. Bu, nə qədər düzgündür? Bəzən jurnalistlər bilməyərəkdən cəmiyyətin qadın və kişi stereotipləri haqqında görüşlərini bölüşür. Çox təəssüflər olsun ki, bəzən sensasiya, reytinq üçün xəbərlər paylaşırlar.

Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda, xəbər və ya məqalələrdə yalnız cəmiyyətin neqativ hissəsi nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır", - deyə Milli Məclisin deputatı qeyd edib.

H.Hüseynova qeyd edib ki, ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin çox sürətlə ailələrə daxil olmasıdır:

"Bu da qarşısıalınmaz bir prosesdir. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad - valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyasına səbəb olur".

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə", "Sosial məsələlərin, həmçinin, məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması", "Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə" və "Yaşıl dünya naminə həmrəylik ili"ndə media gündəmi" mövzularında panel sessiyalar təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
50
olaylar.az

10Mənbələr