AZ

Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir VİDEO

Dövlət başçısının tapşırığına uyğun olaraq, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı ərazisində kompleks tədbirlər icra olunur.   Manset.az xəbər verir ki, bu çərçivədə Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri davam etdirilir. Təmir işləri sözügedən avtomobil yolunun 9-14-cü km-lik hissəsində (“Binə” ticarət mərkəzindən Biləcəri qəsəbəsi istiqamətində) icra olunur. Sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə yaradırdı.  Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənarlaşdırılması işləri icra olunur. Bu səbəbdən sözügedən hissədə hərəkət qismən məhdudlaşdırılıb. Sürücülərdən qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.   Daha sonra yeni asfalt-beton örtüyü döşənəcək və üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunacaq. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
17
Mənbələr
Şərh ()
Bağla