AZ

"Ölkəmiz COP29-un keçirilməsinə ciddi şəkildə hazırlaşır" - Fatma Yıldırım

“Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişafa və möhkəm ictimai-siyasi sabitliyə nail olub. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Azərbaycan qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə kimi fərqlənməsi bütün dünya ictimaiyyətinə məlumdur. Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi də Azərbaycanın tarixi uğurudur”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, bu gün ölkəmiz COP29-un keçirilməsinə ciddi şəkildə hazırlaşır. Bir neçə gün öncə COP29-un baş qərargahında keçirilən mətbuat konfransında görülən işlərlə bağlı ətraflı məlumat verildi. Millət vəkili bu tədbirin yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacağını qeyd edərək, Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yaranacağına əmin olduğunu bildirib.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycanın rolu sadəcə ev sahibliyi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada, bu ilin noyabr ayında Bakı bütün dünyanın diqqət mərkəzində olacaq.

Millət vəkili işğaldan azad olunmuş ərazilərdə görülən işlərin də “yaşıl enerji” prinsiplərinə uyğun aparıldığına diqqət çəkib. Aprelin 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərinin Laçın rayonuna səfər etdiyini xatırladan deputat “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüş keçirildiyini söyləyib. Eyni zamanda, Laçında həyata keçirilən bərpa-quruculuq işləri ilə tanışlıq olub. Burada yaradılan təsərrüfat və müəssisələr də “yaşıl iqtisadiyyat” tezislərinə uyğundur.

Seçilən
98
1
Mənbələr
Şərh ()
Bağla