AZ

Qərb - Ermənistan görüşündən ən çox Rusiya narahat olub və... - Natiq Cəfərli

"AB bəyan etdi ki, 4 ilə Ermənistana 270 mln. avro  vəsait ayıracaq, yəni ilə cəmi 67,5 mln. avro, ABŞ isə ildə 65 mln. dollar yardım ayıracağını bəyan etdi. Maraqlıdır ki, bu vəsaitin əsasən Xankəndi və ətrafından Ermənistana könüllü olaraq köç edən qaçqınlar üçün nəzərdə tutulduğu, onların Ermənistana inteqrasiya edilməsinə xərclənəcək".

Musavat.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

"Mətndə açıq deyilir ki, vəsait həmin şəxslərin Ermənistan büdcəsinə yük olmaması, onların mənzil, iş problemlərinin həll edilməsi üçün nəzərdə tutulur. Yaxşı, bu bizə ziyandır, ya yox?! Məncə, ziyanı yoxdur, onların Ermənistana inteqrasiya olunub orda qalmaları daha məqbuldur, zatən Azərbaycanın çoxsaylı çağırışlarına, təhlükəsizliklə bağlı təminatlarına baxmayaraq qayıtmaq istəmirlər – özləri bilər, qoy orada qalıb Ermənistanın məhv olunmuş ağır demoqrafiq vəziyyətinə dəstək olsunlar. Onları Rusiya qaytarmaq istəyir ki, Xənkəndi və ətrafında öz “rusməramlılarını” 2025-dən sonra da saxlamağa bəhanə olsun – Qərb də deyir ki, qayıtmasınlar, inteqrasiya olunsunlar, buna pul da veririk, deməli, əslində bizə strateji olaraq sərf edir", deyə ekspert əlavə edib.

Ekspert qeyd edib ki, Qərb-Ermənistan görüşündən ən çox kim narahat olub?! Bəli, Rusiya, amma bəyanatlarında nə deyirlər - sitat:

“Rusiya Ermənistanla müttəfiqlik münasibətlərinin dərinləşməsinə və genişləndirilməsinə sadiqliyini bir daha təsdiqləyir. Biz ümumi inteqrasiya birlikləri vasitəsilə fundamental ikitərəfli sənədlərdə və sazişlərdə təsbit olunmuş prinsiplər əsasında Ermənistanla münasibətləri hərtərəfli dərinləşdirmək və genişləndirmək öhdəliyimizi təsdiq edirik. Əminik ki, Rusiya-Ermənistan müttəfiqliyinin mütərəqqi inkişafı Rusiya və Ermənistan xalqlarının fundamental maraqlarının həyata keçirilməsinə, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək”. Bir daha, bu Rusiya XİN-nin rəsmi mövqeyidir, deməli Kreml Ermənistanı əlindən asanlıqla verməyəcək, İrəvanın Qərblə yaxınlaşması Rusiya ilə münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq – lap yaxşı, bu da bizim strateji maraqlarımıza xidmət edir, niyə narahat oluruq ki?! Sadəcə, biz bu gərginlikdə tərəf olmayaq – yetər, yerdə qalanını özləri bilər.

İran da Ermənistan-Qərb yaxınlaşmasından narahat olub, Qərbin, NATO-nun öz sərhərlərində möhkənmənməsinə etirazını bildirib – bu da əladır, nəyi pisdir ki?! Əgər Ermənistan Qərblə yaxınlaşanda İranla münasibətləri pisləşəcəksə, bu da bizim strateji maraqlarımıza uyğundur, bu yeni İran-Ermənistan qarşıdurmasından niyə narahat oluruq ki?!

Yəni, əgər Ermənistan-Qərb münasibətlərindən bizim üçün tarixi və ekzistensial təhlükə olan Rusiya və İranı narahat edirsə, bundan öz maraqlarımız üçün istifadə etməyə çalışmalıyıq. İddia edirlər ki, Qərb Ermənistanda revanşist güclərə qol-qanad, onlara ümid verir – Ermənistanda revanşistlər kimdir, bəli, Kremlə bağlı olan siyasi-hərbi qruplaşmalar, deməli Qərb rusyönümlü revanşistlərə kömək edir, eləmi?! Məntiq var burada?!"

N.Cəfərli onu da əlavə edib ki, Azərbaycan Qərbin bəzi dairələri ilə bağlı haqlı iradlarını, gözləntilərini açıq dilə gətirməlidir, burası aydındır:

"Amma Qərb-Ermənistan münasibətlərini təhlükə deyil, fürsət kimi görmək, bu məsələdən öz milli maraqlarımız çərçivəsində istifadə etməyə çalışmalıyıq. Əgər bu münasibətlər Rusiyanı, İranı narahat edirsə, deməli bizim üçün maraq yarada biləcək, sərf edəcək tərəfləri də var – bu haqda düşünməliyik. Ermənistan daha heç vaxt Azərbaycan üçün hərbi təhlükə olmayacaq, buna nə gücləri, nə təpərləri, nə də resursları çata bilər. Azərbaycan-Türkiyə hərbi ittifaqı, Şuşada imzalanan və ratifikasiya olunan sənəd, hər iki ölkənin ərazi bötövlüyü və suverenliyinin birlikdə müdafiəsi öhdəliyi (NATO-nun 5-ci maddəsi misalı ilə yazılıb), Azərbaycanı Ermənistandan qorumaq üçün deyil axı, Ermənistana “bir əllə” qalib gəlmək qüdrətimiz var, o müqavilə Şimaldan və Cənubdan gələn təhlükələr üçündür – bu gün Ermənistan-Qərb yaxınlaşması da onların Şimaldan və Cənubdan gələ biləcək təhlükələrə görədir, Azərbaycana qarşı deyil. Siyasətə, proseslərə “3D” baxmağı öyrənməli, Azərbaycanın maraqları nə diktə edirsə, onu da etməliyik. Unutmayaq ki, Ermənistanın Qərbə doğru getməsi ancaq və ancaq Türkiyə və Azərbaycanla normal münasibətlərindən asılıdır, ancaq Türkiyə üzərindən coğrafi və logistik olaraq mümkün ola bilər – yeri gəlmişkən, dünən Brüssel görüşündən sonra yayılan sənəddə də bu məsələ açıq yer alıb".

Musavat.com

Seçilən
198
50
Mənbələr
Şərh ()
Bağla