AZ

Qərb Ermənistandan Rusiya ilə əlaqələri kəsməsini tələb edir - Rəşad Bayramov

5 aprel Brüssel görüşündən öncə ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidentinə zəng edərək vəziyyəti izah etməyə çalışması Qərbin, Avropanın regionla bağlı cızdığı mühüm məqamları ortaya çıxarır. Bu zəng fonunda ABŞ, Avropa İttifaqı rəsmilərinin Ermənistan baş naziri ilə görüşü nəyə hesablanıb?
Politoloq Rəşad Bayramov hafta.az-a bildirib ki, Antoni Blinkenin zəngi ilk baxışda ABŞ-ın Azərbaycanın məlum görüşlə bağlı narazılığını və narahatlıqlarını qəbul etdiyini ifadə edir. Onun sözlərinə görə, əgər ABŞ-ın baş katibi Prezidentə zəng edərək görüşlə bağlı məlumat verməyi özünə borc bilibsə, demək Azərbaycanın regionun lider dövləti olaraq maraqlarının nəzərə alınmasının vacibliyini qəbul edib. Politoloq bildirib ki, görüşdə Ermənistan iqtisadiyyatının təmin olunması istiqamətində məsələlərin müzakirə olunacağı önə çəkilib.
Politoloq hesab edir ki, burada əsas məqam ABŞ, Avropa İttifaqının qarşıdakı riskləri nəzərə almasıdır.
“Ermənistan hələ də KTMT-nin üzvüdür və Rusiyanın Ermənistan ordusu üzərindəki təsir imkanları yüksəkdir. Bu da onu deməyə əsas verir ki, Ermənistana təhlkəsizlik təminatı zəmanəti veriləcəyi halda, ötürüləcək hərbi sursatların Rusiyanın əlinə keçə biləcəyi təhlükəsi mövcudur. Qərb bütün bunları nəzərə alaraq Paşinyanla görüşdə məhz iqtisadi məsələlərin ön planda olmasını məqsədəuyğun hesab edir. Qərb Ermənistanın Rusiya ilə əlaqələrini kəsməsini tələb edir. Bunun əvəzində də bütün sahələr üzrə Rusiyadan asılı olan Ermənistan iqtisadiyyatının daha ağır duruma düşməməsi üçün Qərbdən qarantiya istəyir".
R.Bayramov hesab edir ki, ABŞ, Aİ, Ermənistana milyardlara vəsait ayrsa belə, həmin pullara alınan qida, enerjinin gətirilməsini həyata keçirəcək yolu yoxdur.
“Azərbaycan, Türkiyə sərhəddi bağlıdır və Gürcüstan sərhədi yaz, yay aylarında işləyir. Belə olduğu halda Ermənistan İranın ümidinə qalır və bunu da Qərb istəməyəcək".
Politoloq bildirib ki, görüşdə müzakirə olunacaq məsələ Ermənistan iqtisadiyyatı ilə bağlı olacaqsa, orada Paşinyanın diqqətinə çatdırılmalıdır ki, vəziyyətdən çıxış yolu Azərbaycanla sülh müqaviləsini bağlamaq, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdan keçir. Çünki məhz bundan sonra Ermənistan iqtisadiyyatının ayaqda durması üçün real imkanlar yaradılacaq. Bu addımlar atılmasa Ermənistana milyardlarla vəsait ayrılsa da, iqtisadi sabitliyini təmin etmək mümkün olmayacaq.

Seçilən
193
50
Mənbələr
Şərh ()
Bağla