“ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasəti ilə bağlı qərarlarında ABŞ prezidenti söz sahibi olmalıdır”.
Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Floridadakı Mar-a-Laqo kompleksində keçirdiyi mətbuat konfransında deyib.
“Düşünürəm ki, prezident heç olmasa orada söz sahibi olmalıdır. Mən vaxtilə çox pul qazanmışam, çox uğurlu olmuşam və bir çox hallarda FED-dəki insanlardan və ya prezidentdən daha yaxşı instinktim olduğunu düşünürəm”, - deyə Tramp əlavə edib.
Qeyd edək ki, Tramp 2017-ci ilin noyabrında FED-in hazırkı sədri Cerom Paueli bankın sədri vəzifəsinə irəli sürüb. Daha sonra faiz dərəcələrinin aşağı salınmasının tərəfdarı olan Tramp pul siyasəti qərarlarına görə Paueli tənqid etməyə başlayıb.