Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə edərək faydalanan fermerlərin sayı artmaqdadır.
“Cebheinfo.az” xəbər verir ki, bu, Aqrar Sığorta Fondunun yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, 2024-cü ilin ilk yarım illiyinin nəticələrinə əsasən sığortalanan əkin sahələri və heyvandarlıq təsərrüfatları üzrə fermerlərə zərər ödənişlərində yüksək artım baş verib.
Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş sığortalı fermerlərə 2 milyon 864 min manat sığorta ödənişi edilib.
Sığorta ödənişlərinin 2 milyon 243 min manatı bitkiçilik, 621 min manatı isə heyvandarlıq sığortası üzrə edilib.
2023-cü ilin eyni dövrünə nisbətən sığorta ödənişlərinin məbləği 2,5 dəfə, o cümlədən əkin sahələri üzrə ödənişlər 3 dəfə, heyvandarlıq təsərrüfatları üzrə ödənişlər isə 43% artıb.
Ötən ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə ümumilikdə 1 milyon 147 min manat sığorta ödənişi edilmişdi.
2024-cü ilin 2-ci rübündə ən çox sığorta ödənişləri fırtına, dolu və subasma hadisələri üzrə həyata keçirilib.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir – sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.