RU

Rusiya səfiri Antonov: “NATO münaqişə yoluna qədəm qoyub”

NATO sammitini dəyərləndirən Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, alyans demokratiya və terrorizmlə mübarizə bəhanəsi ilə bütün dünyada güc tətbiq etmək hüququnu bəyan edib.

Editor.az xəbər verir ki, bu barədə səfir jurnalistlərə açıqlamasında deyib: “Qızıl milyard ölkələr dünyanın bütün regionlarına təzyiq göstərmək və onların suyunu udmaq istəyir. Şimali Atlantika Alyansı yeni müstəmləkə nizamları tətbiq etmək üçün demokratiyanın ixracı, insan haqlarının müdafiəsi və ya terrorizmlə mübarizə bəhanəsi ilə bütün dünyada güc tətbiq etmək hüququnu faktiki olaraq bəyan edir. Vaşinqtonda keçirilən sammitdə NATO ölkələri qarşıdurma və müharibəyə dönməz şəkildə maddi hazırlıq yoluna qədəm qoyub. ABŞ və onun peyk dövlətləri iflas ərəfəsində olan hegemonluqlarını qorumaq üçün maksimum resursları səfərbər edir”,- deyə o bildirib.

Ukrayna münaqişəsinin siyasi və diplomatik yollarla həlli ilə bağlı sammitdə səslənən bəzi ağlabatan fikirlərin rusofob bəyanatlarla yatırıldığını bildirən səfir, “Şahinlər özlərindən başqa heç kimi dinləmək, eşitmək istəmirlər və görünür, onlar buna qadir deyillər”, deyə bildirib.

Qeyd edək ki, NATO-Ukrayna Şurasının iclasından sonra Qərb dövlətləri müttəfiqlərin razılığa gəlməsi və Kiyevin lazımi şərtləri yerinə yetirməsi halında Ukraynanı alyansa qoşulmağa dəvət edəcəklərini təsdiqləyiblər. Şimali Atlantika Alyansı 2025-ci ildə Ukraynaya 40 milyard avro ayırmaq barədə razılığa gəlib. 2025-ci ilin iyununda Hollandiyada keçiriləcək sammitdə yeni maliyyə öhdəliklərinin müzakirə ediləcəyi bildirilib. NATO həmçinin Ukraynaya hava və raketdən müdafiə arxitekturasının inkişafı ilə bağlı məsləhət xidmətləri göstərəcək.

//Gülnarə Abasova, Editor.az

Избранный
122
50
editor.az

10Источники