RU

Avtobus və taksilərdə qiymət artıb, bəs keyfiyyət necə olacaq?

Avtobus və taksilərdə qiymət artımı müşahidə olunur. Bu isə insanların narazılığına səbəb olur, çünki qiymət artsa da, keyfiyyət artmır. Əlavə olaraq qızmar yay günlərində daşıyıcı nəqliyat vasitələrində soyutma sistemləri işləmir.
 
Bu barədə Moderator.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı dövlət tərəfindən dəstək nəticəsində bu kimi problemlərin aradan qaldırıla biləcəyini qeyd etdi.
 
“Avtobusların sayı ümumən Bakıda 2000 ədədir və bunun da 1000 ədədini Rəqəmsal İnkişaf və Nəqiliyyat Nazirliyi də rəsmi şəkildə etiraf edib ki, istismara yararsız vəziyyətdədir. Bu, o deməkdir ki, onlarda isitmə, soyutma sistemi yoxdur, texniki cəhətdən də nasaz vəziyyətdədir, amma sərnişinlər yolda qalmasın deyə məcburən onlardan hələ də istifadə olunur. Nazirlik daşıyıcı şirkətlər qarşısında tələb qoyub ki, yeni avtobuslar yalnız elektrikli olmalıdır və buna görə də böyük vəsait lazımdır. Əvvəl deyək ki, 300-350 000 manata avtobus ala bilirdilərsə , bu gün artıq bu məbləğ 600-650 000 civarındadır. O baxımdan, daşıyıcı şirkətlər də bir az çətinlik çəkirlər, hesab edirəm ki, dövlət tərəfindən dəstək olsa, daşıyıcı şirkətlər yavaş-yavaş  prosesi keçə biləcək və yeni avtobuslar ala biləcəklər. 
İndiki şəraitdə qiymət artımı 10 qəpik oldu və bu artımla daşıyıcı şirkətlər qısa bir müddətdə avtobus parkını yeniləyə bilməyəcəklər. Onlar yalnız xırda xərcləri — yanacaq, ehtiyat hissələri və digər səbəbdən yaranmış borclarını bağlaya bilərlər. Çünki pandemiya dövründə daşıyıcı şirkətlər çox böyük problemlərlə üzləşdilər və bu gün hələ də onları həll edə bilmirlər", - E.Muradlı qeyd edib.
Ekspert əlavə edib ki, taksilərdə də eyni vəziyyətdir: "Köhnə avtomobillərin taksi fəaliyyətində qalması qadağandır. Yalanız istehsal ili 15 ili ötməyən avtomobillər bu fəaliyyətlə məşğul ola bilər və onların da sayı demək olar ki, azdır. Çünki bu sahədə xaotik vəziyyət var idi. Onlar daha çox çalışırdılar ki, ucuz maşın alıb bu xidməti göstərsinlər və pul qazana bilsinlər. Dövlət tərəfindən belə tədbirlər görülür ki, yeni avtomobil gəlsin, yenilərə də köhnə qiymət sərf etmir. Bu səbəbdən sürücüləri də qınamaq olmur, çünki əvvəl 12 000 manata aldığı "Prius"lar bu xidməti göstərə bilirdi, indi 25-30 000 manata aldığı maşınla o xidməti göstərmək istəmir. Bu isə onların mövqeyindən baxıldıqda başadüşüləndir. Sadəcə burada qiymətlərin yuxarı həddi tənzimlənmir, taksi fəaliyyətində hər hansı bir dövlət tərəfindən müdaxilə, nizamlanma yoxdur, yalnız dövlət onun minimal həddini müəyyənləşdirib ki, qiymət 2 manat 50 qəpikdən aşağı olmasın. Yuxarı həddi şirkətlər müəyyənləşdirir. Özləri də bax bu formada qiymətləri qaldırıblar, insanlar da narazıdır. Problemlərin qısa zamanda həllini gözləmirəm, amma bu istiqamətlərdə ciddi addımların atılmasına ehtiyac var”.
 
Vüsalə İbrahimli
Избранный
150
13
moderator.az

10Источники