RU

Yeni Kaledoniyanın müstəqillik tərəfdarı ilk dəfə Fransa parlamentinə seçilib

Yeni

Bakı, 8 iyul, AZƏRTAC

Fransa Milli Assambleyasına seçkilərin ikinci turunda bu ölkənin dənizaşırı ərazilərini təmsil edən iki namizəd parlamentə seçilib.

AZƏRTAC xəbər verir ki, “Franceinfo” ictimai yayım şirkətinin məlumatına görə, təxminən 40 ildə ilk dəfə olaraq Yeni Kaledoniyada müstəqillik tərəfdarı olan lider Fransa Milli Assambleyasında mandat qazanıb.

Beləliklə, Yeni Kaledoniya Fransa parlamentinin 577 yerlik aşağı palatasında iki yerə malikdir. Burada 222 mindən çox seçici qeydə alınıb və Sakit okean arxipelaqında seçici fəallığı birinci turda 60,02 faizlə müqayisədə 71,2 faiz təşkil edib.

İlkin nəticələrə görə, müstəqillik tərəfdarı namizəd Emmanuel Tjibaou Parisə loyal olan deputat Alside Ponqa ilə mübarizədə daha çox - səslərin 57,33 faizini toplayıb.

Beləliklə, 1989-cu ildə öldürülən Kanak lideri Jan-Mari Tjibaounun oğlu Emmanuel Tjibaou 1986-cı ildən bəri Milli Assambleyada mandat qazanan ilk müstəqillik tərəfdarı olub.

Digər seçki dairəsində Parisə loyal olan namizəd Nikolas Metzdorf 52,41 faiz, onun rəqibi - müstəqillik tərəfdarı siyasətçi Omayra Naisseline isə 47,59 faiz səs toplayıb.

İyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə uğursuzluqla qarşılaşan Prezident Makron parlamenti buraxıb və növbədənkənar seçkilər elan edib. O, həmçinin iyunun 12-də Yeni Kaledoniyada çox mübahisəli seçki islahatları planının dayandırıldığını elan edib. Həmin plan may ayında arxipelaqda həftələrlə davam edən iğtişaşlara səbəb olmuşdu. Zorakılıq nəticəsində azı 7 nəfər ölüb, 370-dən çox insan yaralanıb.

Seçki qaydalarına dəyişikliklər qəbul edilsəydi, ən azı 10 il ada dövlətində yaşayan Fransa vətəndaşları yerli seçkilərdə səs verə bilərdi. Arxipelaqın sakinləri bu dəyişikliklərin yerli Kanak əhalisinin səsini azaldacağından narahat idilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
3
azertag.az

5Источники