RU

ABŞ regionda sabitlik istəyirsə, Azərbaycanın maraqlarına uyğun davranmalıdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen iyunun 28-də Azərbaycanda səfərdə idi. Səfər əhəmiyyətli tarixə - həm Bakıda keçiriləcək COP29 ərəfəsinə, həm də Azərbaycanla Ermənistan arasında gözlənilən sülh sazişinin çox yaxın olduğu bir vaxta təsadüf edir. ABŞ rəsmisinin Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşündə müzakirə olunan iki əsas məsələ də məhz bu məqamlarla bağlı idi.
Ceyms O`Brayen hələ Azərbaycana səfərə gəlməzdən əvvəl jurnalistlərə açıqlamasında demişdi ki, Mərkəzi Asiyadan məhsullar hazırda yalnız Rusiya və Çin vasitəsilə nəql edilə bilər və bu regiondan malların alternativ yollardan, o cümlədən Azərbaycandan keçməklə tədarükü üçün Bakı ilə İrəvan arasında sülh vacibdir.
Bu o deməkdir ki, Vaşinqton Bakının Cənubi Qafqazdakı rolunun və region üçün sülh sazişinin alternativinin olmadığını anlayır. Amma ABŞ bu məsələdə lazımi səy və dəstəyi göstərmir. Əgər Ağ Ev, həqiqətən, sülhdə maraqlı olsaydı, onda ciddi addımlar atar, bu istiqamətdə Azərbaycanın bütün maraqlarını müdafiə edərdi. Bu kontekstdə Ermənistanın "başının altına yastıq qoyulması" əvəzinə, sülh üçün təzyiq göstərilməsi, o cümlədən Bakının şərtlərinə uyğun olaraq Ermənistanın konstitusiyasının dəyişdirilməsinin tələb edilməsi daha səmərəli nəticə verə bilərdi. Görünən odur ki, Ağ Ev reallıqları anlasa da, dediklərində səmimi deyil və bölgədə "suların durulmasını" istəmir.
C.O`Brayen Bakıda media nümayəndələrinə açıqlamasında isə diqqətə çatdırıb ki, son illərin hadisələri Azərbaycana regionda siyasətin dəyişməsində mərkəzi rol oynamağa imkan verdi ki, bu da öz növbəsində sülhün bərqərar olmasına şərait yaradıb. ABŞ rəsmisi "son illərin hadisəsi" deyəndə, sözsüz ki, İkinci Qarabağ müharibəsi və onun nəticələrini, həmçinin o vaxtdan bəri baş vermiş digər hadisələri, o cümlədən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, separatçı rejimin ləğv edilməsi, sərhədin delimitasiya prosesinin başlanması, Bakı ilə İrəvan arasında birbaşa təmasların başlanmasını və sair nəzərdə tutur.
ABŞ Azərbaycanın gücünü yaxşı anlayır. Vaşinqton bilir ki, rəsmi Bakı nəinki ancaq regiona, həm də dünyada baş verən bir çox prosesə yön verən aktordur. Elə buna görə də ABŞ çalışır ki, Azərbaycanla "bütün körpüləri yandırmasın". Çünki Azərbaycanla əlaqələrin zəifləməsi ABŞ-nin regional maraqları üçün heç də uyğun deyil.
Onun Azərbaycana ABŞ-nin birbaşa dəstəyini qadağan edən "907-ci düzəliş"i ikitərəfli əməkdaşlığa maneə hesab etməməsi barədə fikirləri bir daha göstərir ki, bəzi hallarda qərəzli və qeyri-obyektiv mövqeyinə baxmayaraq, ABŞ Azərbaycanla əlaqələrdə maraqlıdır. Amma əgər Vaşinqton Bakı ilə münasibətləri qorumaq və ya inkişaf etdirmək istəyirsə, daha səmimi davranmalıdır.
Diplomatın Azərbaycanın Avropa üçün mühüm qaz təchizatçısı olduğunu söyləməsi, həmçinin Bakı və Vaşinqton arasında regional təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə dedikləri bir daha göstərir ki, Ağ Ev üçün Azərbaycan mühüm partnyordur.
Azərbaycanın NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitə dəvət edilməsi o deməkdir ki, ABŞ, əslində, Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Amma dediyimiz kimi, bunun üçün rəsmi Bakının maraqları nəzərə alınmalıdır. Əlbəttə, ABŞ-Azərbaycan əlaqələrinin inkişafı xeyli dərəcədə həm də noyabrda ABŞ-də keçiriləcək prezident seçkisinin nəticəsindən asılıdır.
Ceyms O`Brayen jurnalistlərə açıqlamasında onu da deyib ki, Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirləri (XİN) arasında görüş keçirməyə hazırdır.
"Bir çox kanallar var və hər iki tərəf effektiv birbaşa əlaqəni dəstəkləyir. Biz bu prosesdə dost kimi iştirak edirik", - diplomat bildirib.
Öncə onu deyək ki, ABŞ və digər ölkələrdə Azərbaycan və Ermənistan nümayəndələrinin ikitərəfli görüşləri çox olub. Tarixi təcrübə onu deməyə əsas verir ki, belə görüşlər öz-özlüyündə ciddi nəticə üçün kifayət deyil. Görüşlər görüş xətrinə olmamalıdır. Real addımlar atılmalıdır. Bunun üçün Vaşinqton İrəvanı manipulyasiya etmək əvəzinə, onu sülh yoluna sövq etməlidir.
ABŞ rəsmisinin dediklərindən belə nəticəyə gəlmək olur ki, artıq Vaşinqton da Bakı və İrəvan arasında birbaşa təmasları qəbul edir. ABŞ-nin bu reallığı dəyişmək imkanı yoxdur. Odur ki, ən yaxşı variant, yəqin ki, sülh idealına və bu istiqamətdə atılan addımlara dəstək olmaqdır.
Dediyimiz kimi, səfər çərçivəsində Ceyms O`Brayen Ceyhun Bayramovla da görüşüb. Nazir görüş zamanı regiondakı son durum barədə həmsöhbətini məlumatlandırıb.
C.Bayramov postmünaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb.
Layihə üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və qanunvericilik aktlarında, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməyin, konstitusiyaya dəyişiklik edilməsinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, Ermənistanın hərbiləşmə siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib.
Nazirin səsləndirdiyi fikirlər ABŞ üçün ciddi mesaj olmalıdır. C.Bayramov bir növ sülh üçün "yol xəritəsi"ni Vaşinqtona təqdim etdi. ABŞ, həqiqətən, sülh istəyirsə, bu "yol xəritəsi" ilə getməlidir. Bu isə Ermənistana yox, sülhə dəstəyi tələb etməlidir. Vaşinqton səmimidirsə, Azərbaycanın maraqlarına uyğun şəkildə davranmalıdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
50
oxu.az

10Источники