RU

Rus donanması ABŞ-ni təhdidə davam edir - TƏHLİL

ABŞ Hərbi Dəniz Qüvvələri Kubadan yenicə ayrılan "Yasen-M" sinifli Rusiya nüvə sualtı qayığını yaxından izləməyə davam edir. Beləliklə Amerika materikində nüvə sualtı qayığı ilə səyahət edən Rusiya donanması dünyanın diqqətini özünə çəkməyə davam edir. Qərb mənbələrinin məlumatına görə gəmilər Amerika qitəsində başqa bir Moskva meylli ölkə olan Venesuelaya doğru hərəkət edir. Digər tərəfədən Rus donanmasının Florida sahillərində beynəlxalq sularda olması ABŞ və Kanada kimi müttəfiqləri narahat edib.

Gəmilərə ev sahibliyi edən Kubadakı rəsmilərin fikrincə, səfər heç bir təhlükə yaratmır. Həm “Kazan” sualtı qayığı, həm də “Qorşkov” freqatı keçən həftə də açıq şəkildə bəyan edildiyi kimi, “nüvə başlıqları olmayan” raketlər daşıyır. Onu da qeyd edək ki, Kubanın Rusiya ilə kommunist Sovet İttifaqı dövründən dostluq münasibətləri var və bu səfər Rusiya hərbi gəmilərinin Kubaya olan ilk səfəri deyil. 1962-ci il Kuba raket böhranı bölgədəki dinamikaları və bu səfərin günümüzdəki riskini izah edə bilər.

Pentaqon bu prosesi “Adi dəniz səfəri" adlandıraraq məsələni bir qədər yumşaltmağa çalışır. Bununla belə, Birləşmiş Ştatların Milli Təhlükəsizlik Şurası bir qədər fərqli düşünür. Milli Təhlükəsizlik Şurasının fikrincə, ABŞ sahilləri yaxınlığında nüvə enerjisi ilə işləyən sualtı qayıqları olduqca Rusiyanın dəniz strategiyası daha geniş konteksdə nəzərdən keçirilməlidir. ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan, "Rus dəniz donanmasının Kubaya göndərilməsinin fərqli bir xüsusiyyəti var. İlk dəfədir ki, onlar bunu nüvə sualtı qayığını ilə edirlər" deyib. Görünən odur ki, bu məsələ başda ABŞ olmaqla bütün region ölkələrini narahat edir. Belə ki, ABŞ təhlükəsizlik agenturası sualtı qayıqla birlikdə səyahət edən döyüş gəmisinin ağır silahlanmasına baxmayaraq, freqatdan daha çox sualtı qayıqla bağlı narahatdır.

Onu da qeyd edək ki, bu səfərin Ukraynada da davam edən müharibə ilə birbaşa əlaqəsi var. Hərbi analitiklər bildirirlər ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dənizdəki uğursuz fəaliyyətindən və böyük itkilərindən sonra, bu səfər Kreml üçün hərbi qüdrətini nümayiş etdirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Rusiyanın nüvə enerjisi ilə işləyən sualtı qayıqları, xüsusən də Kazan kimi son nəsil sualtı qayıqlar əksər Qərb analitikləri üçün hələ də müəmma olaraq qalır. Belə ki, Rus dəniz donanmasının zahirən tükənmiş vəziyyətindən sonra, Kazanın kozır kartı ola biləcəyini düşünülür. Edilən araşdırmalara görə, Rusiyanın Yasen sinifli Sierra II, Böyük Britaniyanın Astute və ABŞ-ın Virciniya və Seawolf sinifli sualtı qayıqları dünyanın ən yaxşı beş sualtı gəmiləri arasındadır. Onu da qeyd edək ki, Sovet İttifaqının son dövrlərinə aid layihə əsasında hazırlanmış Yasen sinifli sualtı gəmiləri, NATO analitikləri tərəfindən çəkindirmə kimi stratejik məqsədlər üçün istifadə edilən nəhəng sualtı gəmilər kimi qəbul edilir.

Müəllif: Zərdüşt Quluzadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
18
sia.az

10Источники