Bu ilin yanvar-may aylarında Azərbaycanda 615 min ton həcmində avtomobil benzini istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur.

Ümumilikdə, bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 2 milyard 155,4 milyon manat təşkil edib. Bu, 2023-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 7 % çoxdur.

Bu ilin ilk 5 ayında ölkədə 980,6 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 6,2 % çoxdur.

Hesabat dövründə 27,7 min ton sürtkü yağları, 94,3 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 5 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 6,1 %, neft bitumunun istehsalı isə 18,9 % artıb.

Həmçinin, ilin yanvar-may aylarında ölkədə 82,5 min ton maye qazlar, 267,7 min ton ağ neft, 96,3 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 20,7 %, neft koksunun istehsalı 8,9 % azalıb. Bu müddət ərzində ölkədə ağ neftin istehsalı 20,6 % artıb.

Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda 1 min ton mazur istehsal edilib ki, bu da illik müqayisədə 69,7 % azdır.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.