RU

Müəllimlərin sertifikatlaşdırılması onların peşəkar özünəinamını gücləndirir RƏY

Müəllimlərin

Bakı, 10 iyun, AZƏRTAC

Təhsil sistemində, eləcə də tədris prosesində şagirdlərlə birbaşa ünsiyyətdə olan, onların şəxsiyyət kimi formalaşmağına, inkişafına, həmçinin öyrənmə motivasiyasına, akademik nailiyyətlərinə müsbət təsir göstərən məktəbdaxili ən mühüm amil, qüvvə məhz müəllimdir. 2020-ci ildə UNESCO tərəfindən yayımlanmış “Qlobal Təhsil Monitorinqi Hesabatı”nda qeyd olunur ki, təhsildə bərabərliyi və keyfiyyəti təmin etmək üçün müəllimlər yaxşı hazırlıqlı və yüksək motivasiyalı olmalıdırlar. Məhz sertifikatlaşdırma və peşəkar inkişaf proqramlarının icrası müəllimlərin peşə standartlarının yüksəldilməsinə təşviq edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva söyləyib. Prorektor vurğulayıb ki, sertifikatlaşdırma prosesi müəllimləri davamlı peşəkar inkişafa təşviq edərək təhsil ictimaiyyətində ömürboyu öyrənmə mədəniyyətinin inkişafına töhfə verir. Onun sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılması təkcə təhsil sisteminin effektivliyini artırmaqla kifayətlənmir, eyni zamanda, cəmiyyətin iqtisadi rifahına mühüm töhfə verir: “Sertifikatlaşdırılmış, peşəkar müəllimlər təhsilalanların gələcəkdə əmək bazarında daha uğurlu olmalarına imkan yaradır. Sertifikatlaşdırılmış müəllimlər tərəfindən verilən yüksək səviyyəli tədris şagirdlərdə akademik və peşəkar səriştələr formalaşdırır, onlara gələcəkdə daha rəqabətədavamlı işçi qüvvəsi kimi çıxış etməyə imkan verir. Təhsil səviyyəsi yüksək olan işçi qüvvəsi isə daha innovativ və məhsuldar olur, bu da iqtisadi inkişafı sürətləndirir. Heç şübhəsiz ki, insan kapitalının inkişafı da müasir iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi kimi çıxış edir.

Könül Pirverdiyeva sertifikatlaşdırmanın nəticələrinə əsasən tətbiq olunan diferensial əməkhaqqı sisteminin müəllimlərin sosial rifahının yüksəlməsinə şərait yaratdığını vurğulayıb: “2022-ci ildə 11 mindən çox müəllim sertifikatlaşdırmaya cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 3163 müəllim vəzifə maaşına 35 faiz əlavə, 5624 müəllim isə 10 faiz əlavə alıb. 2023-cü ildə təşkil olunmuş sertifikatlaşdırma prosesində 29951 ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib və prosesdə 97,7 faiz davamiyyət qeydə alınıb. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub. Bu yanaşma, müəllimlərin peşəkar inkişafını stimullaşdırmaqla yanaşı, iş həyatından məmnuniyyətini artırır, onların motivasiyasının və işə bağlılığının yüksəldilməsinə mühüm təsir göstərir.

ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru diqqətə çatdırıb ki, sertifikatlaşdırma prosesi müəllimlərin motivasiyasını və iş məmnuniyyətini artırmaqla yanaşı, onların peşəkar özünəinamını da gücləndirir.

“Bu proses müəllimlər arasında sağlam rəqabət mühitinin formalaşmasına səbəb olur, nəticədə müəllimlər öz bilik, bacarıqlarını, səriştələri davamlı olaraq yeniləməyə və təkmilləşdirməyə təşviq olunur. Bu rəqabət mühiti, eyni zamanda, tədris keyfiyyətinin yüksəldilməsinə və təhsil sisteminin ümumi effektivliyinin artırılmasına müsbət təsir göstərir”, - deyə prorektor Könül Pirverdiyeva fikrini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
51
50
azertag.az

10Источники